Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Prosesdə zərərçəkmiş qismində tanınan Emin Şəkinskinin nümayəndəsi Asif Məmmədov çıxış edib. O, Emin Şəkinskinin ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. Təqsirləndirilən şəxslərin vəkillərindən olan Altay Muradov isə buna etiraz edib: "Nümayəndə zərərçəkmişin əvəzindən danışa bilməz. Bizim zərərçəkmişə ünvanlayacağımız suallar var. Nümayəndə onun yerinə necə cavab verə bilər? Emin Şəkinskinin özü olmalıdır ki, suallara cavab ala bilək".
Asif Məmmədov isə bildirdi ki, nümayəndə olaraq zərərçəkmişin ifadəsini təsdiq edə bilər və suallara da bildiyi qədər cavab verə və lazım gələrsə, E.Şəkinski ilə lazımi dəqiqləşdirmələr apara bilər. Daha sonra vəkillər nümayəndəyə suallar ünvanlayıblar. Vəkillərin sualları, əsasən, təqsirləndirilənlərə qarşı irəli sürülmüş oğurluq ittihamı üzrə epizodla bağlı olub.
Nümayəndə suallara cavab olaraq bildirib ki, E.Şəkinski oğurluq hadisəsindən keçmiş həyat yoldaşı və uşaqları Azərbaycandan çıxdıqdan sonra xəbər tutub: "Emin Şəkinski keçmiş həyat yoldaşı Gülnarənin ölkədən çıxdığını, evində olan seyfinin oğurlandığı üçün bilib. Bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla məlumat verib".
"Boşanmışdılarsa, seyfi niyə o evdə saxlayırdı?"
Həmin evə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib-keçirilməməsi, ekspertiza təyin olunub-olunmaması barədə suallara cavab olaraq nümayəndə qeyd edib ki, bu prosessual addımlar istintaq orqanının işidir, ancaq bu barədə cinayət işi materiallarında heç bir sənəd yoxdur: "Seyfin içində 60 min manat pul olub. Pul və seyf Emin Şəkinskiyə məxsus olub. Açarı da Emin Şəkinskidə olub. Onlar 2008-ci ildə rəsmi olaraq boşanıblar. Həmin mənzil Emin Şəkinski tərəfindən alınıb və Gülnarə Şəkinskayanın adına keçirilib. Mənzil mart ayında sökülüb və söküntü ilə əlaqədar kompensasiya da Gülnarə Şəkinskayaya ödənib".
Vəkillər qeyd edib ki, boşanma olsa da, əmlak bölgüsü olmadığına görə, həmin seyf və pullar G.Şəkinskayanın da mülkiyyəti hesab edilir. Vəkil vurğulayıb ki, onun özünə məxsus olan əmlakı oğurlamağının əsası yoxdur. Həmçinin vəkillər boşanma olduğu halda Emin Şəkinskinin hansı səbəbdən içərisində külli miqdarda pul olan seyfi həmin evdə saxlaması barədə də sual veriblər. Nümayəndə bildirib ki, E.Şəkinski boşansa da, ailəsi ilə daim əlaqə saxlayıb və uşaqlarını görmək üçün evə gəlib-gedib. Vəkil isə bildirib ki, E.Şəkinski həmin vaxt, yəni 2014-cü ildə məhkəməyə müraciət edərək, uşaqları ilə görüşə icazə verilməsi ilə bağlı iddia qaldırıb və qətnamə çıxarılıb. Nümayəndə bu barədə məlumatlı olmadığını bildirdi.
Təqsirləndirilən şəxsin vəkili Cabir Mehrəliyev bildirib ki, oğurluq ittihamı tamamilə əsassızdır və təqsirləndirilən şəxsləri daha çox həbsdə saxlamaq üçün verilib. O, vəsatətlə çıxış edərək, məhkəməyə zərərçəkmiş şəxsin özünün gəlməsini istəyib. Hakim bildirib ki, o, məhkəməyə dəvət ediləcək.
"Mənə 500 manat pul verdilər"
Bundan sonra məhkəmədə şahid qismində Əli Bəxşəliyev ifadə verib. O, 30 ildən artıq bir müddətdir ki, Bərdə Rayon İcra Hakimiyyətinin şəhər icra nümayəndəliyində çalışdığını deyib.
"Təqsirləndirilənlərdən yalnız Raqibi tanıyıram. O, 25 ildir idarənin yanındakı çayxananı işlədir. Bir gün yanıma gəldi ki, uşağı kənddən rayonun özünə qeydiyyata salmaq istəyirəm. Mən dedim ki, ona sənəd verməyəcəklər. Sən birinci kənddən sənəd al. O, mənə dedi ki, sən arayış ver, qalanını həll edəcəm. Neçə illərdir, tanıyırdım, arayış verdim", deyən şahid prokuror və hakimin suallarına cavab olaraq sənədi qanunsuz verdiyini etiraf edib.
Bundan sonra şahid qismində Şaban Hüseynov ifadə verib. O, ifadəsində yalnız Pənah Dadaşovu tanıdığını deyib. "Mən onun qonşu kəndçisiyəm. Evdəydim, zəng elədi ki, Tahir xəstədir, onu həkimə aparmaq lazımdır. Adəm də bizimlə gəldi. Mingəçevirə getdik, ordan da Balakənə. Orda bildim ki, biz Gürcüstana gedirik. Sonra bir maşın gəldi. İçində qadın vardı. Amma tam üzünü görmədim. Birinci mənə dedilər ki, sən keçmə, dur bizi gözlə, gedib gəlirik. Sonra məni də çağırdılar. Tiflisə gedib avtovağzalın yanına çıxdıq. Çay içdik və geri qayıtdıq. Dedilər ki, müalicə etdirmək burda alınmadı. Buna görə mənə 500 manat pul verdilər. 200 manat yol xərci, qalanı da borcları vardı", deyən şahid əsas məsələdən xəbərdar olmadığını vurğulayıb.
Vəkil Cabir Mehrəliyev M.Hüseynov küçəsi, 14 ünvanında yerləşən evi kimin alması, sonradan kimin adına keçirilməsi, evin sökülməsindən sonra kompensasiyanın kimə verilməsi ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsi ilə bağlı vəsatət qaldırıb. Tərəflər vəsatətə etiraz etməyib və məhkəmə vəsatətin təmin olunduğunu elan edib. Hakim həmçinin bildirib ki, şahidlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar müvafiq orqana göndəriləcək. Məhkəmə prosesi iyulun 23-də davam edəcək.
Qeyd: İttihama görə, Namiq Camalov Gülnarə Şəkinskayanın, eləcə də sonuncunun övladları - Nadiya, Həmidə, Məryəm və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrindən ötrü rəsmi sənədlərin qanunsuz hazırlanması üçün Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Əlövsət Əliyev və qeyriləri ilə özgənin külli miqdarda əmlakını talama barədə razılığa gələrək cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G.Şəkinskaya 2014-cü ilin əvvəllərində keçmiş həyat yoldaşı Emin Şəkinskinin Səbail rayonu, M.Hüseynov küçəsi, 14 ünvanında yerləşən evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayaraq zərərçəkmişə külli miqdarda ziyan vurub. G.Şəkinskaya həmin pulun 31 min manatını özünə və övladlarına saxta sənədlərin hazırlanması və onların Azərbaycan Respublikasının dövlət sərhədindən qanunla müəyyən edilmiş sənədlər olmadan qanunsuz keçirilməsi üçün Əlövsət Əliyev və Namiq Camalov vasitəsilə cinayətkar qrupun digər üzvlərinə verib.
Qeyd edək ki, təqsirləndirilən Əlövsət Əliyev isə hazırda Almaniyada mühacirətdədir. Ə.Əliyev VHP sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır. Məhkəmə prosesi ilə bağlı informasiyalar KİV-də dərc edildikdən sonra Əlövsət Əliyev açıqlama verərək, Azərbaycan Miqrasiya Mərkəzinin sədri kimi Gülnarə Şəkinskayaya hüquqi yardım göstərdiyini bildirib, lakin fəaliyyətinə aid olmayan heç bir işə qarışmadığını qeyd edib.
Cia.az