banner
banner

Sosİal

Şeyx əfv xahişi edibmi?

Şeyx əfv xahişi edibmi?
Qarşıdan müqəddəs Ramazan bayramı gəlir. Son aylardakı bayramlar ərəfəsində əsas gündəmə gələn məsələlərdən biri əfvdir. Bu da təsadüfi deyil. Çünki sonuncu dəfə əfv sərəncamı Novruzda verilib. Keçən son 4 ayda böyük ümidlərlə gözlənilən əfv reallaşmadı. 
Ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi iftar mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edib. Şeyxin öz çıxışında ölkədə milli birliyin bərqərar olunması, xarici basqıların neytrallaşdırılması üçün böyük bir əfv sərəncamının verilməsi, həbsdəki siyasilərin də azadlığa buraxılması xahişini edəcəyi barədə gözləntilər isə özünü doğrultmadı. Ancaq bəzi ehtimalara görə, Şehx belə bir xahişlə prezidentlə şəxsi söhbətində də çıxış edə bilərdi. 
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, o özü də iftar süfrəsində iştirak edib: “Ancaq mən Şeyxin hər hansı xahişlə müraciət etdiyini hiss etmədim. Eyni zamanda çıxışların heç birində belə bir məsələyə toxunulmadı”. Bununla belə, S.Novruzov Ramazan münasibətilə əfvin verilməsinin arzuolunan olduğunu qeyd etdi: “Təbii ki, Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır. Ramazan bayramı bütün dünya müsəlmanlarının bayramıdır və bu bayramda hər kəsin sevinməsi, ailəsinə qovuşması vacib amillərdən biridir. O baxımdan əgər belə bir addım atılacaqsa, çox təqdirəlayiqdir. Mən Əfv Komissiyasının üzvü deyiləm, müraciətlərlə bağlı bir söz deyə bilmərəm. Amma hər bir müsəlman kimi mən də əfvi arzu edirəm”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı hafta.az-a açıqlamasında bildirib ki, siyahılarını Əfv Komissiyasına təqdim ediblər. Amma hüquq müdafiəçisi siyahıdakı şəxslərin kimliyini açıqlamayıb: “Ramazanda əfv sərəncamının olacağını, təbii ki, biz də gözləyirik. Ümumiyyətlə, bu məsələ ölkə başçısının səlahiyyətində olan bir işdir. Bu baxımdan öncədən dəqiq nə isə heç kim söyləyə bilməz. Biz siyahımızı hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik. Payız aylarında İşçi Qrupunun növbəti toplantıları olacaq. Yay fəsli olduğu üçün bu aylar ərzində İşçi Qrupunun toplantıları keçirilməyəcək”.
Qurumun üzvlərindən olan hüquq müdafiəçisi Arzu Abdullayeva “Yeni Müsavat”a açıqlamasında S. Qocamanlının bu məsələlərdə daha məlumatlı olduğunu söylədi: “Biz sadəcə ümid edirik. Ola bilsin ki, Səidə xanımda daha çox məlumat var. Hər bayramda əfvə ümidlərimiz olur. Bundan əlavə, biz müraciətlər edirik, fəaliyyət göstəririk. Dövlət nümayəndələri ilə ayrıca görüşlərimiz olur. Arqumentlərimizi ortaya qoyuruq. Azadlıqda görmək istədiyimiz məhbusların günahlarının olmaması, yaxud az dərəcədə günah sahibi olduqlarını diqqətə çatdırırıq. Biz bunları edirik. Hər bir bayramda belə bir şans verilməlidir. Təəssüf ki, bu şans verilmir. Nəticədə dövlətimiz üçün başucalığı gətirmir. Hakimiyyətin özünə də heç nə vermir. Səy göstəririk ki, məhbus həmkarlarımız, nüfuzlu şəxslər, hətta az günahı olan şəxs belə azadlığa buraxılsın. Əfvin nə vaxt veriləcəyini ölkəmizdə 1-2 nəfər bilir”.
A.Abdullayeva S.Qocamanlının qeyd etdiyi məhbus siyahılarına da toxundu: “Çox güman ki, siyahılara dəyişiklik olmayıb. Mart ayında təqdim etdiyimiz siyahıdır. Biz bütöv siyahı təqdim etmirik.  Çünki bilirik ki, hamısını azad etməzlər. Müşahidə aparırıq ki, kimin şansı daha çoxdur, kim indi azad oluna bilər, kimin işi artıq tamamlanıb. Çünki işi tamamlanmayan məhbusların əfvə düşmələri mümkün deyil. Mümkün olsa belə, bu, prezidentin istəyi ilə olar. Çox meyarlar var. Xəstə məhbusların adlarını da göndərmişik. Leyla və Arif Yunusun məsələsini daim qaldırırıq. Amma onların məhkəmə prosesi hələ indi başlayır. Onların hazırda əfv olunması yalnız prezidentdən asılıdır. Məhkəmələri olmasa belə, yenə də azad olunmalarını dəfələrlə xahiş etmişik”.
Hüquq müdafiəçisi qarşıdan gələn bayramın din əhli üçün önəmindən və dindar məhbusların azad olunma şanslarından danışdı: “Dindar məhbusların azad olunma ehtimalları var. Amma qərar bir nəfərə məxsusdur. Öz məntiqinə, rəyinə uyğun qərar olacaq. Daha çox adamın qərarının olacağına qətiyyən inanmıram”.
Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə əfv sərəncamı bu ilin martında imzalanıb. 4 siyasi məhbus daxil olmaqla, 97 nəfər azadlığa buraxılıb. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.