banner
banner

Sosİal

Müvəqqəti qadağalar dövrü bitmədimi?

Müvəqqəti qadağalar dövrü bitmədimi?
Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər etmişdi. Bəzi marşrut xətləri ləğv olunmuş, bəzilərinin istiqamətləri dəyişilmişdi. 25,32, 90, 82, 93, 20, 188, 53 və sair kimi avtobuslar isə tamamilə ləğv olunmuşdu. Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24, 90 saylı marşrut xətti 83, 86 nömrəli marşrutu xətti isə 29 saylı marşrut xətti ilə əvəz olunmuşdu. 124 saylı marşrutun hərəkət sxemi isə "20-ci sahə" adlanan əraziyə qədər uzadılıb. 2 və 193 saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti "Xətai" metro stansiyasına qədər qısaldılıb. 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb. 194 saylı marşurut xətti isə I Avropa Oyunları ilə əlaqədar qısaldılıb.
 
Ancaq oyunlar bitdikdən sonra bu məsələ yenidən Nəqliyyat Nazirliyi tərəfindən gündəmə gəlmişdi. Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirmişdi ki, ləğv olunan avtobus xətlərinin bərpası işləri ilə yanaşı bəzi xətlərdə avtobusların sayının artırılması məsələsi də artıq gündəmdədir. Xəttə əlavə yeni avtobusların da buraxılması məsələsi müzakirə olunur: "Ola bilsin ki, 10 gün müddətində gecikmələr olsun. Amma qarşıda duran ən mühüm məsələlərdən biri əlavə yeni avtobusların xəttə buraxılmasıdır" 
 
İnsanların rahat və maneəsiz mənzil başına çatmaları üçün oyunlar ərəfəsində paytaxta gətirilən və turistlərə xidmət göstərən ekspress avtobusların xəttə buraxılması da gözlənilirdi. Həmin avtobusları bundan sonra sərnişinlərin ixtiyarında paytaxt yollarında görmək mümkün olacaq. Bu nəqliyyat vasitələri əvvəlcə şəhərin mərkəzində fəaliyyət göstərəcək. Namiq Həsənov onu da qeyd etmişdi ki, daha sonra həmin avtobusların kənar ərazilərə buraxılması məsələsinə də baxılacaq. Avtobuslar xəttə buraxıldıqdan sonra marşrutlara kart sisteminin tətbiq olunması da gözlənilir.
 
Avropa Oyunları ilə bağlı hərəkət istiqamətində dəyişiklik edilən avtobusların əvvəlki xətlər üzrə hərəkətinin bərpası barədə qərarın isə iyul ayının 3-dən sonra veriləcəyi bildirilmişdi. Bu barədə mətbuata "Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətinin rəhbəri Vüqar İbrahimli məlumat vermişdi. V.İbrahimli deyib ki, marşrutu qısaldılan avtobusların əvvəlki istiqamət üzrə hərəkəti məsələsinə komissiyada baxıldıqdan sonra qərar veriləcək. 
 
Ancaq Avropa oyunlarının bitməsindən 1 aya yaxın müddət keçməsinə baxmayaraq hələ də avtobus xətləri bərpa olunmayıb. Sakinlər isə bu vəziyyətdən olduqca şikayətçidirlər. "Bizim Yol"a müraciət edən Binəqədi rayon sakinləri 165 saylı avtobus xəttinin bərpa edilməməsindən şikayətçidirlər. Onlar bildirirlər ki, 165 saylı avtobus xəttinin fəaliyyət göstərməməsi onlar üçün çox böyük çətinliklər törədir: "Vaxtlı-vaxtında işimizə-gücümüzə gedib çıxa bilmirik. Qalmışıq havada. Avtobus yarıya kimi gəlir, sonra deyir getmirəm. Yolu bura kimi icazə verirlər getməyə. Yaxşı bu nə qədər belə davam edəcək? Nə qədər bizə əziyyət verəcəklər? Dedilər oyunlar bitdikdən sonra yolu bərpa edəcəklər. Artıq 1 ay keçib, ancaq vəziyyət əvvəlki kimi qalır. Bəs bizi düşünən yoxdur?".
Avtobus xətlərinin məhdudlaşdırılması və ya tamamilə ləğv edilməsindən Müşfiqabad qəsəbəsinin sakinləri də şikayətçidirlər. "Qafqazinfo"ya müraciət edən qəsəbə sakinləri Avropa Oyunlarına görə bağlanmış olan marşrut xətlərinin açılmasını tələb edirlər. Qeyd edirlər ki, oyunlar keçirilənə kimi 114 saylı avtobus 20 Yanvardan Müşfiqabad qəsəbəsinə, 151 saylı marşrut isə Nübar qəsəbəsinə kimi işləyirdi: "Oyunlar müddətində adları çəkilən marşrutların son dayanacaq yeri avtovağzal oldu. Bu bizim həm cibimizə, həm də vaxtımıza ziyan idi. Oyunlar müddətində bunu başa düşdük. Amma indi oyunların bitməsindən bu qədər vaxt keçməsinə baxmayaraq, marşrutların əvvəlki istiqaməti bərpa edilməyib. Biz bundan əziyyət çəkirik". 
 
Sakinlər bundan əlavə, 20 Yanvar metrosuna yaxın ərazidə istirahət günləri təşkil edilən yarmarkaların hələ də fəaliyyətinin bərpa edilməməsindən narazıdır: "Avropa Oyunlarına görə yarmarkanı da bağladılar, hələ də açılmır. Biz məcbur olub bazarlığı marketlərdən edirik. Bu da bizə baha başa gəlir. Biz hər iki problemin tez bir zamanda həll edilməsini xahiş edirik". 
Sözügedən şikayətlə bağlı "Bakı Sərnişinnəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli bildirib ki, bağlanan və istiqaməti dəyişdirilən marşrut xətlərinin əvvəlki fəaliyyətinin nə zaman bərpa ediləcəyi hələ ki, bəlli deyil: "Aidiyyatı qurumlar məsələ üzərində işləyirlər. Amma hələ ki dəqiq tarix yoxdur. İkimərtəbəli avtobusların da xəttə buraxılması məsələsi müzakirə olunduğundan problemin həlli gecikir".
 
Nəqliyyat eksperti Ərşad Hüseynov "Bizim Yol"a açıqlamasında bildirdi ki, Avropa oyunları zamanı avtobus xətlərinin ləğv edilməsi ilə bərabər digər işlər də görüldü: "Şəhərin küçələrinə sarı zolaqlar çəkildi, hansı ki, hələ də onların silinməsi başa çatmayıb. Rayondan gələn avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyuldu. İndi bu söhbəti uzadıb, sağa-sola fırladırlar ki, həmişəlik olsun. Bundan başqa bəzi marşrut xətləri qısaldıldı. Xüsusi ilə Bakıətrafı qəsəbələrdən Bakıya gələn avtobusların qarşısı kəsilib və onları Bakıya buraxmırlar. Bunlar isə deyildiyi kimi, tez, təcili bərpa olunmalıdır. Hər şey əvvəlki vəziyyətinə qaytarılmalıdır. Sarı zolaqlar silinməlidir. Bu söz-söhbətlərin kökü kəsilməlidir. Ən azından vətəndaşın etibarı-etimadı məsələsi var. Vətəndaşa, insana, vətənə hörmət var. Oyunlar vaxtı hər kəs anlayışla qarşılayıb qaydalara əməl etdi. Ancaq sui-istifadə etməkdir bu. Ola bilər ki, kimlərinsə burda marağı var. O maraqları kənara qoyub, cəmiyyətin xeyrinə olan işlərlə məşğul olmaq lazımdır".
 
Ə.Hüseynov deyir ki, ləğv olunmuş marşrut xətləri tezliklə bərpa olunmalıdır: "Sadəcə olaraq bu məsələni kütləvi informasiya vasitələri tez-tez işıqlandırmalıdır. Ola bilər ki, onların yadından çıxsın bu məsələlər. Yada salmaq lazımdır ki, o xətt pozulmalıdır, avtobus bərpa edilməlidir. Camaat əziyyət çəkir və s. Bunları yadlarına salmaq lazımdır".
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.