"Lunatik"ləri hər zaman sirli şəxslər adlandırıblar. Onların ətrafında olan bu sirli aləmi isə heç kim aşkar edə bilmədiyindən onlara "şeytan" kimi baxırdılar. Yəqin bu səbəbdən də lunatiklərlə bağlı bir çox rəvayətlər də yaranıb. "Lunatik" latın sözü olub, yuxuda gəzən deməkdir. İlk "lunatik" isə Şumer dövlətində yaşayan şahzadə qadın olub. O, gecə yuxuda gəzdiyi üçün hamı bu şahzadədən qorxarmış. Elə bu xüsusiyyətinə görə də şahzadə xanım ömrünün sonuna kimi ərə gedə bilməyib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qədim mənbələrdə ilk vaxtlar yalnız qadınlarda gecə gəzintiləri halları aşkar edildiyi deyilir. Elə Misir ehramlarında və Yunan yazılarında da yuxuda gəzənlərlə bağlı bir çox belə məlumatlara rast gəlinib. Keçmişdə Avropada isə gecə yuxuda gəzənləri şeytanın övladı, ifritə adlandırırdılar və belə adamları odda yandırırdılar.
"Lunatizm" bir xəstəlikdir…
Keçmiş zamanlarda özündə və ya övladında lunatiklik halları müşahidə edənlər dərhal magiya ilə məşğul olanlara müraciət edirdilər. Onlar bu qorxulu haldan falçıların müxtəlif məsləhətləri ilə azad olmağa çalışırdılar. Ancaq müasir dövrdə "lunatizim" bir xəstəlikdir. El arasında "lunatizm" adlandırılan bu xəstəliyə tibb elmində "somnambulizm" deyirlər. Və bu xəstəliyin müalicəsilə ilk vaxtlar nevropatoloqlar, sonra isə psixoloqlar məşğul olurlar. Dünya alimləri uzun illər araşdırmalar aparsalar da "somnambulizm"in yaranma səbəblərini tam olaraq müəyyən edə bilməyiblər. Onlar bu xəstəliyin beyində olan bəzi genlərin yerini dəyişməsi nəticəsində yarandığını aşkar ediblər. Ancaq bu genlərin nə üçün yerini dəyişdiyi hələ də alimlərə sirr olaraq qalır.
Tibb elmində "somnambulizm", xalq arasında isə "lunatizm", yəni "yuxuda gəzən" adlı bu xəstəlik ağır iş şəraiti olan insanlarda daha çox aşkarlanır. «Somnambulizm» potoloji haldır və onun müalicəsi əksər hallarda mümkündür. Bu hal insanda müxtəlif xəstəliklərin təsirindən əmələ gəlir. Bunlar arasında ən çox yayılanı isə epilepsiya və nevrozun təsiri nəticəsində əmələ gələn "somnambulizm"dir. Epilepsiya xəstəliyi olanlarda gecə gəzmək halları tez-tez müşahidə olunur. Belə xəstələrin müalicəsi isə esnoqrafniya yolu ilə aparılır. Əgər "somnambulizm" epilepsiyanın təsirindən yaranıbsa, ona qarşı aparılan müalicə 5-10, hətta ömür boyu davam edə bilər. Yox, əgər bu, nevrozun bir əlamətidirsə, onun müalicəsi daha asandır. Belə xəstələrin müalicəsi 3-4 ay ərzində aparılır.
"Somnambulizm"in ilkin əlamətləri…
Gecə yuxuda danışmaq, şeir söyləmək kimi hallardır. Əgər sizdə bu halları aşkarlayırlarsa dərhal həkimə müraciət etməlisiniz. Bəzən elə olur ki, insanda "somnambulizm" əlamətləri aşkarlandıqda o psixoloqa müraciət edir. Bu beyinlə bağlı bir xəstəlikdir və "somnambulizm"i ilk olaraq nevropatoloqlar müalicə edir. Nevropatoloqların məyyən dərman preparatları ilə müalicəsindən sonra psixoloqa müraciət etmək daha düzgündür. Bundan sonra xəstənin müalicəsini psixoloqla nevropatoloq paralel aparmalıdır. Çünki psixoloq bir qədər yardım göstərsə də bu xəstəliyin tam müalicəsinə nail ola bilmir. "Somnambulizm" xəstəliyinin yaranmasına səbəb olan amillərdən biri də spirtli içki içmək, narkotik maddələr qəbul etmək və siqaret çəkməkdir.
Müalicə olunmadıqda…
İnsanlar buna bir xəstəlik kimi əhəmiyyət vermirlər və həkimə müraciət etməyi lazımsız bilirlər. Bəziləri isə özlərində və ya övladlarında belə hal müşahidə etdikdə falçılara üz tuturlar. Bu xəstəliyin ciddi nevrofizioloji əsasları var. Lunatizm epilepsiya və nevroz kimi xəstəliklərdən əmələ gəlir və bunlara qarşı tibbi yollarla müalicə aparılmadıqda xəstəlik daha da irəliləyir. Nəticədə insanda yaddaş pozğunluğu halları olur. Tibb elmində "somnambulizm"ın daha bir növü də aşkar edilib ki, bu da nifomaniyadır. Bu hal ancaq qadınlarda aşkar edilir ki, bu da yuxulu olduğu halda cinsi əlaqədə olmaqdır.
Əgər siz lunatiksinizsə…
Lunatiklər yuxuda elədikləri hərəkətləri heç vaxt xatırlamırlar. Onlar gecələr qorxulu olurlar. Lunatiklər bağlı qapını və ya pəncərəni açmaq iqtidarında olmurlar. Onlar yuxuda gəzərkən bağlı bir qapı ilə qarşılaşdıqda yollarını dəyişirlər, yəni onu açmağa cəhd etmirlər. Əgər övladınızda və ya özünüzdə "somnambulizm" halları aşkarlamısınızsa onda qapı və pəncərəni gecələr bərk bağlayın. Lunatiklərin çarpayılarının qarşısına əsasən yaş dəsmal sərirlər. Gecə yataqdan qalxan lunatikin ayağı suya dəydikdə o, dərhal oyanır. Evdə olan iti əşyaları - bıçağı, baltanı və digər kəsici alətləri gizlədin. Lunatikləri gəzərkən qəfildən oyatmaq təhlükəlidir. Bu halda həmin adam infarkt, paraliç keçirə bilər və ya onda burun qanaxması baş verər. Əgər siz kiminsə özündən xəbərsiz gecəyarısı gəzdiyini görürsünüzsə, onda sakit dayanın. Həmin şəxsin qolundan tutun və onu yatağına tərəf aparın. "Somnambulizm" xəstəliyi olanların günün ikinci yarısından sonra çay və ya kofe içməyi məsləhət deyil. Uşaqları kompüter oyunlarından uzaq tutmağa çalışın.
Statistikaya görə, dünyada insanların 12 faizi "somnambulizm" xəstəliyindən əziyyət çəkir. Lunatiklərin 85 faizi nevroz xəstəliyindən şikayətlənənlərdir. Uşaqların isə 30 faizi lunatikdir. Hər 600 nəfərdən 250-si lunatikdir.
Cia.az


