Müdafiə naziri cəbhə xəttində mühüm tapşırıqlar verib
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə həsr olunan toplantılar keçirib.
Müdafiə Nazirliyinin (MN) rəsmi saytı xəbər verir ki, MN rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, onun xatirəsini hörmət və ehtiramla yad ediblər. Cəbhə bölgəsində yerləşən hərbi hissə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantılarda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı müdafiə nazirinə məruzələr edilib.
Nazir qeyd edib ki, bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür: “Bunu tək biz yox, artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan, cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır”.
Z.Həsənov vurğulayıb ki, keçən ilin avqustundan indiyədək ötən müddətdə düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib: “İndi də qorxu və vahimə içindədir. Artıq məqam yetişib. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazır və qadirdir”.
Sonda müdafiə naziri real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi, o cümlədən bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri başa çatıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.