Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsinin iştirakı ilə hərbi təlimlər başlayır
Ermənistan narahatdır; ekspertlərdən Bakı və Ankaranın hərbi əməkdaşlığına yüksək qiymət: “Türkiyə-Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri həm də Rusiya ilə Ermənistana gərəkli mesajdır...”
Avqustun 22-dən başlayaraq Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015" taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi iştirak edəcək.
Buraya MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri daxildir. Rəsmi məlumatda deyilir ki, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.
Son illərdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri intensiv xarakter daşıyır və işğalçı Ermənistanı kifayət qədər narahat edir. Sözsüz ki, NATO dövləti olan Türkiyənin Azərbaycanla digər bütün sahələrdə olduğu kimi, hərbi sahədə də sıx əməkdaşlıq etməsi nəinki cırtdan Ermənistanı, hətta ona havadarlıq edən qüvvələri də rahatsız edir. Bu ərəfədə Rusiyanın Ermənistandakı hərbi bazasının da Ermənistanla birlikdə hərbi təlimlər keçirməsi də təsadüfə oxşamır. Yayılan məlumatlara görə, Rusiya ordusu növbəti dəfə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və bütün Qafqaz və Xəzər sahili boyu irimiqyaslı hərbi təlimlər keçirir. Cənub Hərbi Dairəsinin məlumatına görə, Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində pilotsuz təyyarələrlə manevrlərə artıq başlanıb. Həmçinin ölkənin cənubundakı Həştərxan vilayətində yerləşən Aşuluk bazasında hava hücumundan müdafiə manevrləri keçirilir. Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, avqustun 18-də başlanan genişmiqyaslı manevrlər bütün MDB üzrə 20 havadan müdafiə və zenit birliklərini əhatə edəcək və sentyabrın 11-dək davam edəcək. “Döyüş Birliyi-2015" adlanan hərbi təlimlərdə Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edirlər. Nazirlik bildirir ki, bu təlimlərə minədək hərbçi, ”yer-göy" müdafiə tipli raketlər, döyüş təyyarə və vertolyotları çıxarılacaq.
Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən sonuncu hərbi təlimlər bu ilin mayından etibarən Naxçıvanda keçirilmişdi. Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-yə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak etmişdi. Naxçıvanda yaradılan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə planauyğun şəkildə təlimləri başa vurmuşdular. Azərbaycan ordusunun rəhbərliyi tərəfindən Naxçıvandakı mövqelərimizdən İrəvanı darmadağın etməyə qadir imkanlarımızın olması barədə bəyanatlar o zaman Ermənistanda ciddi təşviş doğurmuşdu.
Yeri gəlmişkən, keçən ilin payızında düşmən helikopterinin məhv edilməsi Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən sonraya təsadüf etmişdi. Hazırda da ermənilər növbəti itkilərlə üz-üzə qala biləcəklərinin fərqindədirlər. Adətən Rusiyaya arxalanan işğalçı ölkə Azərbaycanın təkləndiyini zənn edirdisə, artıq Türkiyə-Azərbaycan hərbi təlimləri, eyni zamanda Türkiyə-Azərbaycan-Gürcüstan arasında imzalanan anlaşmaya uyğun olaraq hərbi əməkdaşlığın uğurla davam etdirilməsindən ciddi şəkildə narahatlıq keçirir. Hətta türk dövlətlərindən ibarət ölkələrin “Turan Ordusu” yaratmaqla bağlı müzakirələr də vaxtaşırı gündəmə gəlir ki, bu da düşmənin yuxusunu pozur. Əvvəllər təlimlər komanda-qərargah xarakteri kəsb edirdisə, son bir ildə on minlərlə şəxsi heyətin, yüzlərlə döyüş texnikasının, hərbi hava, artilleriya qüvvələrinin iştirakı ilə bu təlimlər həyata keçirilir. Ekspertlər də əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığın Qarabağın işğaldan azad edilməsi işində öz töhfəsini verəcəyinə böyük inam var.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, bir peşəkar hərbçi kimi onun üçün Azərbaycanla Türkiyə arasında istənilən sahədə hərbi əməkdaşlıq çox mühüm və əvəzolunmaz amillərdən biridir: “Ola bilsin bəzi dostlarımız buna adi bir xəbər kimi yanaşırlar. Amma bu əməkdaşlığın dərinliklərində o qədər mühüm faktorlar var ki, onu bəlkə də zaman özü göstərəcək”. Ü.Cəfərovun sözlərinə görə, bir vaxtlar bizə az qala nağıl kimi görünən məsələlər indi reallaşıb və gözlədiyimizdən də yaxşı vəziyyətdədir: “Artıq iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə son ilik ildə bir sıra taktiki təlimləri keçirilib. Bir neçə gündən sonra başlayacaq təlimlər də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin xeyli sayda aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər. Diqqət yetirdinizsə, əvvəlki təlimlərdən fərqli olaraq daha çox, daha müasir döyüş silahlarıdır. Ən önəmlisi isə bu birgə təlimlər zamanı iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək”.
Ekspertin sözlərinə görə, ötən ildən başlanan və bu il bir növ bu təlimlərin davamı olacaq bu praktiki məşğələlərin ordumuzun şəxsi heyəti üçün əhəmiyyəti çox böyükdür: “Pilotlarımız F-16 qırıcı, Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterlərinin şturvalları arxasında oturacaq və yeni döyüş vərdişlərinə yiyələnəcəklər. Bu, son dərəcə vacib döyüş elementlərindən biridir. Bir sözlə, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin hələ bundan sonra da keçiriləcəyi çoxlu planlar mövcuddur. İnşallah, yaxın zamanlarda biz hələ çox maraqlı hadisələrin şahidi olacağıq. Sadəcə, bir qədər səbir etmək lazım gələcək”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf edir, birgə hərbi təlimlərin sayı artır: “Bu, doğru siyasətdir. Necə ki, Rusiya işğalçı Ermənistanı hərbi nöqteyi-nəzərdən himayə edir, onunla birgə hərbi təlimlər keçirir, eləcə də Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək haqqı var. Bu mənada il yarımdır ki, az qala hər 3 aydan bir Türkiyə ilə birgə hərbi təlimlər keçirilir. Eyni günlərdə Rusiya da Ermənistanda hərbi təlimlər keçirir. Demək, avqustun 22-dən başlayacaq Türkiyə-Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri həm də Rusiya ilə Ermənistana gərəkli mesajdır. Türkiyənin Hərbi Hava Qüvvələri bölgənin ən güclülərindəndir, ən müasir hərbi təyyarələrlə təchiz olunublar”.
E.Şahinoğlunun fikrincə, buna görə də Azərbaycan Hərbi Hava Qüvvələrinin bu təcrübəni mənimsəməsinə ehtiyac var: “Çünki işğal altında olan torpaqlarımız uğrunda gələcək savaşın önəmli hissəsi məhz havada cərəyan edəcək. Hansı dövlət hava sahəsini nəzarətə götürsə, o da Dağlıq Qarabağ uğrunda hərbi üstünlüyə malik olacaq”. Ekspertin dediyinə görə, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını hazırda iki amil də şərtləndirir: “Birinci amil odur ki, Türkiyə Silahlı Qüvvələrinin rotasiya üzrə yeni komandanı təyin olunub. Bu təlimlərlə yeni komandan ilk gündən Azərbaycanla hərbi əməkdaşlığın konturlarını cızmış olur. Bundan başqa, həmin komandan Azərbaycana yeni hərbi attaşe göndərməlidir. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının yüksək səviyyədə inkişafı həm də Azərbaycanda fəaliyyət göstərən hərbi attaşenin fəallığından asılıdır. Çünki həmin şəxs birbaşa Azərbaycan müdafiə naziri ilə təmasdadır və Bakıdan aldığı təklifləri Ankaradakı komandanlığının diqqətinə çatdırır. Eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin təkliflərini də Azərbaycan tərəfinə çatdırır və bu prosesi nəzarətdə saxlayır. İkinci amil isə odur ki, Türkiyə ordusu bu gün PKK və İŞİD terroru ilə mübarizə aparır. Türkiyə Silahlı Qüvvələri PKK-nın ölkə daxilindəki və xaricindəki mövqelərini bombalayır, terrorçularla təmas döyüşlərinə baş vurur. Bu zaman orduda şəhid olanlar var, ancaq terrorçuların da itkiləri az deyil. Belə bir çətin dövrdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla birgə hərbi təlimlər keçirməsi ondan xəbər verir ki, Türkiyə ən ağır regional şəraitdə belə Azərbaycanı unutmur və strateji müttəfiqlə əvvəlcədən planlaşdırdığı hərbi təlimləri həyata keçirməkdə əzmlidir”.
Politoloq Arzu Nağıyev bildirdi ki, mütəmadi şəkildə keçirilən birgə hərbi təlimlər təqdir olunmalıdır: “Bunun ən müsbət cəhəti də məhz Azərbaycan Hərbi Hava Qüvvələrinin NATO standartlarına uyğun olaraq döyüş taktikasına yiyələnmək və texnikanın sirlərini mənimsəməkdən ibarətdir. Ümumi təlimlərə gəldikdə isə Naxçıvanda bu il hər iki dövlətin hərbi qüvvələrinin çox uğurlu və genişmiqyaslı birgə təlimləri keçirildi. Yəni son vaxtlar regionda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların effektiv alınması uçun belə birgə güc nümayişi də vacib amildir”.
A.Nağıyev deyir ki, Rusiya hərbi təlimlərdə ermənilərlə eyni səviyyəli tərəfdaş kimi deyil, ikinci dərəcəli qüvvə kimi hərəkət edir: “Əlbəttə ki, Azərbaycan və Türkiyə hərbi təlimləri onları narahat etməyə bilməz”.
Cia.az