banner
banner

Gündəm

Xədicə İsmayıl istintaqa ifadəsində nələr deyib...

Xədicə İsmayıl istintaqa ifadəsində nələr deyib...

Xanım jurnalistin AzadlıqRadiosu və Tural Mustafayevlə bağlı açıqladığı detallar diqqət cəlb edir; iş üzrə ittiham aktı “Yeni Müsavat”da 

AzadlıqRadiosunun əməkdaşı, hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın məhkəməsi yekunlaşır. Prokuror ötən gün ona 9 il iş istədi. Bugünlərdə məhkəmənin yekunlaşacağı, hökm çıxarılacağı gözlənilir. Amma prosesi izləyən jurnalistlər və geniş ictimaiyyət saxtalaşdırılmış, şantajla alındığı iddia olunan istintaq ifadələrinin işin gedişinə ciddi təsir göstərdiyinin fərqindədir. “Yeni Müsavat” isə X.İsmayılın cinayət işi üzrə istintaq sənədlərini əldə edib və oradakı şahid, zərərçəkən və təqsirləndirilən şəxslərin ifadələri ilə tanış olub.

Ötən sayımızdan etibarən sizi həmin ifadələrlə tanış edərək, tanınmış jurnalistin işində, “pərdə arxasında” baş verənləri nəzərinizə çatdıracağıq. Bu iş üzrə kim hansı ifadəni verib, nələri deməyə məcbur olub və son nəticədə... işin gedişinə necə təsir göstərib? Xatırlayırsızsa, işdəki əsas fiqur olan, X.İsmayılın intihara sövq etdiyi iddia olunan T.Mustafayev bizə müsahibəsində bəzi şahidlərin video ilə şantaj olunduğu üçün həqiqətə uyğun olmayan ifadələr verdiyini açıqlamışdı. 

Ötən sayımızda sizi bu işdə zərərçəkən kimi tanınan, X.İsmayıl tərəfindən intihar həddinə çatdırıldığı iddia olunan Tural Mustafayevin istintaqa verdiyi ifadə ilə tanış etmişdik. Bu dəfə isə X.İsmayılın istintaqa ifadəsini yayımlayırıq. 

AzadlıqRadiosu və Xədicə İsmayılın arasındakı əlaqənin detalları...

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs İsmayılova (rəsmi sənədlərdə onun soyadı İsmayılova kimi qeyd edilir, bu səbəbdən də yazının ittiham aktı ilə bağlı hissəsində xanım jurnalistin soyadını İsmayılova olaraq qeyd edəcəyik-YM) Xədicə özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməsə də, istintaqa verdiyi ifadələrində ona istinad edilən əməllərin faktiki tərəfini, “Azad Avropa/AzadlıqRadiosu”nun Bakı bürosunun rəhbəri vəzifəsində işləməklə radionun fəaliyyəti ilə bağlı üstün nüfuza malik olduğunu etiraf edib. Bundan başqa, X.İsmayılova göstərib ki, 1997-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib və həmin vaxtdan da müxtəlif mətbuat orqanlarında jurnalist işləyib. 2008-ci ildən isə “Azadlıq” radiosu ilə əməkdaşlıq edib, 08.07.2008-ci il tarixdən 2010-cu ilin sentyabr ayınadək həmin radionun Bakı bürosunun rəhbəri olub, ondan sonra həmin büronun rəhbəri vəzifəsinə Babək Bəkirov təyin edilib, 2014-cü ildən isə Zeynal Məmmədli həmin vəzifədə fəaliyyət göstərir.
 
X.İsmayılova həmçinin qeyd edib ki, büro rəhbəri işlədiyi dövrdə “Azadlıq” radiosuna işə qəbul olunmaq istəyən şəxsin müraciəti və onun barəsində olan məlumatlar həmin radionun Praqa şəhərində yerləşən mərkəzi ofisinə göndərilib və namizədin işə qəbulu, eyni zamanda işdən çıxarılması məsələləri mərkəzi ofisdə həll edilib. Büro rəhbəri kimi vəzifədən uzaqlaşdıqdan sonra “Azadlıq” radiosunda və hər hansı bir digər təşkilatda inzibati vəzifə daşımayıb, hazırda da belə işlərlə məşğul olmur, o 01 iyul 2008-ci ildə “Azad Avropa/AzadlıqRadiosu”nun Bakı bürosunun rəhbəri kimi fəaliyyətə başlayanda radio 101.7 tezliyində yayımlanıb, daha doğrusu büroya rəhbərlik etdiyi ilk altı ayda radio qeyd olunan tezliklə fəaliyyət göstərib.
 
2009-cu ilin yanvar ayının 1-dən radionun tezlik üzrə yayımı dayandırlıb və həmin tarixdən sonra radio internet vasitəsilə yayımlanıb. X.İsmayılova qeyd edib ki, 01 iyul 2008-ci ildə “Azad Avropa/AzadlıqRadiosu”nun Bakı bürosunun rəhbəri kimi fəaliyyətə başlayanda radionun tezliklə yayımlanması üçün lisenziyasının (razılığın) olub-olmamasını dəqiq xatırlamır, amma yayımı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirdiyi üçün, güman edir ki, Milli Teleradio Şurasının lisenziyası olmadan bu yayım həyata keçirilə bilməzdi, lakin həmin detalları xatırlamır. “Azad Avropa/AzadlıqRadiosu”nun Bakı bürosunun rəhbəri olduğu müddətdə və sonrakı dövrdə hansısa müddətlər üçün Xarici İşlər Nazirliyində akkreditasiyası olub. X.İsmayılova həmçinin bildirib ki, sözügedən sənəd heç kimin əmək hüququnu tənzimləmir, bu akkreditasiya vəsiqəsi üçün müəyyən dövrlərdə müraciət etməyib. Büro rəhbəri olduğu dövrlərdə texniki detallar və vergi tənzimləməsi məsələləri ilə məşğul olmayıb, radio ilə əmək müqaviləsi əsasında işləyəndə vergiləri şirkət tərəfindən ödənilib, mülki müqavilə ilə işlədiyi dövrdə isə vergisini ödəyib, mülki müqavilə əsasında işlədiyi müddətdə aldığı əməkhaqqından 4 faiz vergi ödəmiş, əmək müqaviləsi əsasında işləyən işçilərin əməkhaqlarından hansı məbləğdə vergilərin tutulduğunu isə dəqiq bilmir. 2010-cu ilin sentyabr ayından etibarən isə həmin radioda müqavilə əsasında ştatdankənar müxbir vəzifəsində işləyir.
 
Konkret T.Mustafayev detalına gəlincə, X.İsmayılova ifadəsində bildirib ki, onu “Azadlıq” radiosunun ştatdankənar bölgə müxbiri kimi təxminən 2013-cü ilin iyul-avqust aylarından tanıyıb. Onunla tanışlığı radiodakı fəaliyyətləri ilə bağlı olub, 2013-cü ilin ortalarından onunla tanışlığı yaranandan sonra radioda işləyən digər şəxslər kimi onunla da yaxın dost münasibətlərində olub, birlikdə tədbirlərdə, yəni toplantılarda iştirak etdikləri hallar da baş verib. Turalın bəzən içkiyə meylli olduğunu və içəndən sonra həddindən artıq emosianal davrandığını hiss edib. Bundan başqa, bildirib ki, T.Mustafayevin “Azadlıq” radiosuna işə qəbulu onun artıq büro rəhbəri işləmədiyi dövrə təsadüf etdiyi üçün onun AzadlıqRadiosunda işə necə qəbul olunmasından, eləcə də sonradan həmin radiodan işdən necə çıxarılmasından məlumatsızdır. X.İsmayılova ifadəsində bildirib ki, T.Mustafayev işdən çıxmaq istədiyini onunla müzakirə etməyib, ancaq işdən çıxandan sonra görüşərkən və telefon vasitəsi ilə öz arzusuna əsasən radiodan işdən çıxdığını bildirib. Tural işdən çıxmasına baxmayaraq onunla ünsiyyətləri davam edib, hərdən telefonla zəngləşiblər, bəzən isə kafedə olarkən zəng edib həmin yerə gələrək onunla müxtəlif mövzularda söhbətlər ediblər. Tural təxminən 2014-cü ilin əvvəllərində söhbətlərinin birində “Meydan TV”-də işlədiyini deyəndən sonra onun həmin TV-də işlədiyini bilib, Turalın “Meydan TV”-yə necə, kimin vasitəsi ilə işə düzəlməsi barədə konkret məlumatı olmayıb. Çünki bu barədə onunla hər hansı söhbət etməyib.
 
X.İsmayılova eyni zamanda deyib ki, T.Mustafayevin ailəsi, həyat yoldaşı, eləcə də valideynləri ilə bağlı heç bir məlumatı yoxdur. Bundan başqa, T.Mustafayevin nişanlısı olmuş Rəhimova Rövşanə Vaqif qızını müstəqil hüquqşünas kimi tədbirlərdə görüb tanıyıb, onunla yaxın münasibəti olmayıb, hazırda da yoxdur, aralarında hər hansı bir əlaqə, o cümlədən telefon əlaqəsi olmasını xatırlamır, aralarında hər hansı bir narazılıq, söz-söhbət və ya ədavət yoxdur. Tural Mustafayevlə onun nişanlanmasını eşidib, ancaq dəqiq kimdən və nə vaxt eşitdiyini, eləcə də bu nişanla bağlı aralarında hər hansı bir söhbət olmasını da xatırlamır. Onların bir-birini nə vaxtdan, haradan, hansı şəraitdə tanımaları, eləcə də nişanlanandan sonra da aralarında olan münasibətləri ilə bağlı heç bir məlumatı yoxdur.
 

Tural Mustafayev xanım jurnalistə üzrxahlıq mesajı yazıb və rədd edilib

 
X.İsmayılova həmçinin T.Mustafayevlə bağlı digər detallara da aydınlıq gətirib. Xanım jurnalist ifadəsində bildirib ki, 2014-cü ilin oktyabr ayının 16-da istifadəsində olan telefona Tural Mustafayev ardıcıl olaraq “səninlə bu gün içmək istəyirəm, özü də nəyi var, səhv etmişəm, boynuma alıram, sadəcə bu gün bir yerdə içək, sən haqlı idin. Tural Mutafayev”, “liberal adamların mütaliəyə ehtiyacı olur, danışmalıyıq, xahiş edirəm səndən. Uduzduğumu boynuma alıram, amma sənə pislik etməmişəm, danışaq lütfən” və digər oxşar məzmunlu SMS-lər göndərib. Ona cavab vermədiyinə görə bir neçə dəfə zənglər də edib. Həmin vaxt “Azadlıq” radiosunda verilişdə olduğuna görə cavab verməyib. Verilişdən çıxdıqdan bir müddət sonra Tural ona zəng edib görüşmək istədiyini deyəndə “görüşməyə vaxtım yoxdur” deyərək ona cavab verib. X.İsmayılova ifadəsində deyib ki, onunla görüşmək istəməməsinin səbəbi isə işinin çoxluğu ilə əlaqədar olub. Turalla aralarında heç bir narazılıq və düşmənçilik yoxdur, Tural anası İsmaylova Elmira Novruz qızının Binəqədi rayonu ərazisində yerləşən «Baksol» adlanan ərazidəki yaşayış evində dostları ilə birlikdə olub.
 
Konkret T.Mustafayevin intihara cəhdinə gəlincə, X.İsmayılova onun intihar etməyə cəhd etməsi ilə bağlı məlumatı ilk dəfə “Meydan TV” saytından oxuduğunu bildirib. T.Mustafayevlə əlaqə saxlamadığı üçün onun özünü öldürmək istəməsinin səbəbi ilə bağlı məlumatı olmadığını deyib. Həqiqətən də 2014-cü ilin aprel ayına kimi T.Mustafayevlə normal münasibətləri olub və həmin vaxtdan sonra onunla hər hansı bir münasibətləri, ünsiyyəti olmayıb. Xanım jurnalist ünsiyyətinin, münasibətinin olmamasının səbəbini xatırlamır.
 
İttiham aktında qeyd olunub ki, X.İsmayılova ifadəsində göstərib ki, 08 mart 2014-cü il tarixdə qadınlar bayramı münasibəti ilə “Status” kafesində yığışıblar. O, həmin tədbirə müstəqil jurnalist Aynurə İmranova ilə gedib, R.Rəhimova da orada olub. T.Mustafayev də sonradan oraya gəlmiş, ancaq onun necə və nə üçün oraya gəlməsi yadında deyil. Həmin vaxt onunla telefon vasitəsi ilə zəngləşməsini xatırlamır. Həmin vaxtı məclisdə Tural sərxoş olub. Tədbir başa çatandan sonra kafedən hamı eyni vaxtda çıxıb, kafedən çıxdıqdan sonra o, Aynurə və Fəricanla birlikdə taksiyə əyləşib gedib. Rövşanənin evlərinə kiminlə, necə getməsini xatırlamır, Tural Mustafayevin də həmin vaxtı haraya getməsindən məlumatı olmayıb. Xanım jurnalist ifadəsində göstərib ki, T.Mustafayevlə R.Rəhimovanın həmin məclisdən əvvəl bir-birlərini tanıyıb-tanımamalarından məlumatsızdır, onların həmin məclisdə bir-biri ilə ünsiyyət saxlayaraq danışdıqlarını və rəqs etdiklərini xatırlayır. Həmin görüşdən sonra dəqiq xatırlamadığı gündə T.Mustafayevlə görüşərkən Rövşanə ilə Tural arasında yaxın ünsiyyət yarandığını hiss edib və bu barədə Turalın özü də ona bildirib. R.Rəhimovanın yaxşı qız olduğunu, bir az sadəlövh olduğunu və buna görə də ondan aralı durmasını Turala bildirib.
 
X.İsmayılova ifadəsində bildirib ki, T.Mustafayevin təxminən 2013-cü ilin noyabr ayında “Azadlıq” radiosundan işdən çıxmasını ona yazdığı SMS-dən oxuyraq bilib və öz növbəsində SMS yazaraq nahaq işdən çıxdığını ona bildirib. Turalın bundan sonrakı əmək fəaliyyətinə onun hər hansı bir təsiri olmayıb və onun heç bir media qurumuna, o cümlədən “Meydan TV”-yə işə düzəlməsinə köməklik etməyib. Eləcə də Turalın “Meydan TV”-dən işdən çıxmasına heç bir aidiyyəti olmayıb. 
 
T.Mustafayevin 2014-cü ilin oktyabr ayının 16-da onun telefonuna “səninlə bu gün içmək istəyirəm, özü də nəyi var, səhv etmişəm, boynuma alıram, sadəcə bu gün bir yerdə içək, sən haqlı idin” sözlərini yazmaqla nə demək istədiyini anlamayıb. Onun nədə haqlı olduğunu, nədə səhv etdiyini deməkdə nəyi nəzərdə tutduğunu bilmir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.