Qubad İbadoğlu: “Bu strukturlara aid işlərin asanlaşdırılması və şəffaflaşdırılması günün tələbidir”; Azər Mehtiyev: “ASAN xidmətin iş təcrübəsini bütün dövlət qurumlarına ötürməklə islahatı başa çatdırmaq daha yaxşı olardı”
Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl imzaladığı fərmanla vətəndaşları məmnun edən dövlət qurumu olan ASAN Xidmətə əlavə səlahiyyətlər verdi. “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərmana əsasən ASAN Xidmət mərkəzlərində taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya və “Fərqlənmə nişanı”nı verilməsi mümkün olacaq.
Eyni zamanda dövlət başçısının imzaladığı sənədə əsasən, vətəndaşlar yaşayış yerindən arayışı bir gün ərzində almaq hüququ qazanıblar. ASAN Xidmətdə tətbiq olunan yeniliklər ekspertlər tərəfindən təqdir olunur. Bununla yanaşı hesab edilir ki, əhalini xüsusilə maraqlandıran və əksər hallarda narahat edən sahələrdə, xüsusilə də vergilər və gömrük sistemlərində də ASAN-laşmanın tətbiqi zəruri məsələdir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat”a bildirdi ki, əhaliyə yönəlik xidmətlərin mərkəzləşdirilməsi və tezləşdirilməsi ideya olaraq ASAN tərəfindən yaxşı layihələndirilib və uğurla idarə olunur: “Son sərəncamla əhalinin yaşayış yerindən arayışa almasının asanlaşdırılması bu istiqamətdə gedən işlərə töhfə sayıla bilər. Amma bir sıra ölkələrdə belə arayışlar çoxdan ləğv olunub. Məsələn, ABŞ-da yaşadığınız evə məktub alırsınzsa, o halda həmin zərfin üzərindəki ünvan sizin yaşayış yerinizi təsdiq etməyə kifayət edir. Bu halda başqa sənəd tələb olunmur. Odur ki, Azərbaycanda da belə asan və mütərəqqi ideyalardan bəhrələnə bilər”.
Q.İbadoğlunun sözlərinə görə, gömrük və vergi işinin asanlaşdırılması və şəffaflaşdırılması günün tələbidir: “Bu sahədəki xidmətləri də iki hissəyə bölmək olar: fiziki şəxslərə və hüquqi şəxslərə. Artıq fiziki şəxslərə yönələn bir çox xidmətləri ASAN vasitəsilə əldə etmək olur. Amma təcrübə göstərir ki, bu sistem o qədər də səmərəli işləmir. Çünki ASAN-da oturan Vergilər Nazirliyi və Gömrük Komitəsi əməkdaşları məsuliyyəti öz üzərlərinə götürmür və müstəqil qərar verməkdə çətinlik çəkirlər. ASAN-da işləyən Vergilər Nazirliyi və Gömrük Komitəsi əməkdaşları daha çox texniki funksiyanı icra edirlər. Ona görə də, bu sahədə köklü dəyişiklik olmalıdır ki, fiziki və hüquqi şəxslər bu sahədə də ASAN-ın imkanlarından yetərincə bəhrələnə bilsinlər”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev də hesab edir ki, ASAN Xidmətin yaradılması maraqlı bir sosial innovasiyadır: “Xidmət yaradılmasından keçən dövr ərzində öz işi ilə vətəndaşların rəğbətini də qazanıb. Ən mühümü odur ki, ASAN xidmət bir nümunə ortaya qoydu ki, bizim ölkəmizdə də dövlət qurumları vətəndaşları incitmədən onlara yüksək keyfiyyətli xidmət göstərə bilər, yetər ki, bunu istəsinlər və işlər düzgün qurulmuş olsun. Yəni bəzilərinin iddia etdikləri kimi, rüşvətxorluq və məsuliyyətsizlik heç də bu xalqın mentaliteti ilə bağlı deyil, rüşvətxorluq və korrupsiya idarəetmənin necə təşkil edilməsi ilə birbaşa bağlıdır”.
A.Mehtiyev xatırlatdı ki, prezidentin son fərmanı ilə sahibkarlıq fəaliyyətinə lisenziya və sertifikatların verilməsi işinin asanlaşdırılması üçün bu funksiya da ASAN xidmətə həvalə olunub və xüsusi bir portalın yaradılmasına göstəriş verilib: “Təbii ki, lisenziyaların verilməsi prosesinin asanlaşdırılması və süni maneələrin aradan qaldırılması baxımından yaxşı addımdır. Mövcud vəziyyətdən çıxış etsək, əlbəttə ki, xüsusilə gömrük sahəsində iş adamlarının üzləşdikləri maneələrin aradan qaldırılması üçün də bu funksiyanın da ASAN-a ötürülməsi əhalinin çoxdanki gözləntiləri arasındadır. Amma dövlət xidmətlərinin bütün sahələrində olan problemləri həll etmək üçün həmin funksiyaların hamısının ASAN xidmətə ötürülməsi heç də çıxış yolu kimi görünmür. ASAN xidmətin təşkilinə və fəaliyyətinə bir islahat elementi, pilot layihə kimi yanaşmaqla, özünü doğruldan bu layihəni bütün dövlət qurumlarının fəaliyyətinin oxşar formada təşkilinə keçməklə genişləndirmək daha məqsədəuyğun olardı. Yəni əslində ayrı-ayrı funksiyaların ASAN xidmətə ötürülməsi ilə deyil, ASAN xidmətin iş təcrübəsini bütün dövlət qurumlarına ötürməklə islahatı başa çatdırmaq daha yaxşı olardı”.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.