PKK-çıların törətdiyi partlayış 16 Türkiyə əsgərinin şəhid olmasına səbəb oldu, bölgədə yenidən geniş miqyaslı əməliyyatlar başlayıb, 300-dən artıq PKK-çı mühasirəyə düşüb
Sentyabrın 6-da Türkiyənin Hakkari vilayətinin Dağlıca rayonunda PKK terrorçuları Türkiyə ordusuna məxsus avtomobilləri partladıb. İlkin ehtimallara görə, yola basdırılmış təxminən 400 kq ağırlığında C-4 tipli partlayıcı maddə hərbi maşınların ərazidən keçdiyi vaxt terrorçular tərəfindən partladılıb. Nəticədə 3 avtomobil minaya düşüb, iki maşın isə tamamilə parçalanıb.
İlk vaxtlar həlak olan hərbçilərin sayı açıqlanmasa da, sonradan beynəlxalq informasiya agentlikləri partlayış nəticəsində 16 hərbçinin şəhid olduğunu yazıb. Hadisə zamanı yaralanan 8 hərbçi isə Yüksəkova dövlət xəstəxanasına gətirilib. Ancaq rəsmi qurumlardan əlavə məlumat almaq mümkün olmayıb. Hökumət qüvvələri bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb, əraziyə çoxlu sayda canlı qüvvə və zirehli texnika cəlb olunub. Hadisədən sonra hava şəraitinin əlverişsiz olması səbəbindən bölgəyə helikopterlər gələ bilməsə də, sonradan Türkiyə hərbi hava qüvvələrinin terrorçuların gizləndiyi ehtimal olunan bölgələri bombalaması xəbərləri yayılmağa başlayıb.
Türkiyə Ordusu Baş Qərargahı sentyabrın 4-dən başlayaraq bölgədə genişmiqyaslı əməliyyatlara start verildiyini açıqlayıb. Eyni zamanda açıqlamada F-16 və F-4 hərbi təyyarələrinin PKK-ya məxsus 13 mövqeni bombaladığı qeyd olunur. Hadisədən az sonra baş nazir təcili toplantı keçirib. Prezident Rəcəb Tayyib Ərdoğan isə canlı yayında verdiyi müsahibədə hadisədən üzüldüyünü və terrorçuların bunun əvəzini çox ağır ödəyəcəklərini bildirib:“Olay Dağlıcada aparılan təmizlik zamanı minaların ard-arda partladılması nəticəsində baş verib. Baş Qərargah rəisimizin verdiyi məlumatlar üzücüdür. Hazırda orada çətin hava şəraitində əməliyyatlar davam edir. Hamımızın başı sağ olsun, Allah səbir versin”.
Türkiyə prezidenti antiterror əməliyyatları başlayandan bu günə qədər 2 minə yaxın PKK-çının məhv edildiyini və terrorçuların Dağlıca hadisəsinin əvəzini də çox ağır ödəyəcəklərini söyləyib. O, Xalqların Demokratiya Partiyasını (HDP) terroru dəstəkləməkdə ittiham edib.
Türkiyədə baş verən terror hadisəsi dünyada böyük diqqətə səbəb olub. Nüfuzlu media orqanları PKK terrorunun fəallaşaraq orduya hücumlarından yazıb. Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarına başsağlığı mesajı göndərib.
Türkiyə müxalifəti isə hökuməti terrora qarşı sərt addımlar ata bilməməkda ittiham edib. Milliyyətçi Hərəkat Partiyasının sədri Devlət Bahçeli şəhid olan hərbçilərin məsuliyyətinin prezidentin üzərində olduğunu bildirib. Eyni zamanda o, AKP hökumətini PKK terroru üzərindən siyasi manipulyasiya etməkdə günahlandırıb.
Doğan Xəbər Agentliyi sentyabrın 7-də HDP-dən olan deputat Əsəd Canan da daxil olmaqla QHT və ictimaiyyət nümayəndələrindən ibarət 200 avtomobilin hadisə baş verən bölgəyə getdiyini, ancaq Qamışlı jandarma postunda dayandırıldıqlarını yazıb. Agentlik hökumət qüvvələrinin əməliyyat bölgəsini tamamilə əhatəyə alaraq kənardan kimsəni buraxmadığını qeyd edir. Gecədən bu yana isə havadan və qurudan bölgəyə xeyli sayda əsgər və texnika cəlb edilib. Hadisə baş verən gecə saat 12 radələrində baş nazir baş qərargah rəisi, daxili işlər, ədliyyə, kəşfiyyatın rəhbəri, həmçinin ordu komandanları ilə birgə müşavirə keçirib.
Türkiyə mediası isə ötən gün ordu birliklərinin 60 nəfərli PKK qrupunu mühasirəyə aldığını, eyni zamanda bu qrupa köməyə gələn 150 nəfərlik terrorçu dəstənin qarşısını kəsərək əhatəyə aldığını və gecə boyu bu qruplarla gərgin döyüşlərin davam etdiyini yazıb.
Yalnız günün sonunda nəhayət Türkiyə ordusu Baş Qərargah əməliyyatla bağlı məlumat açıqlayıb. Rəsmi məlumatda qeyd olunur ki, sentyabrın 6-da Dağlıca-Yüksəkova yolunun nəqliyyata açılması məqsədilə aparılan əməliyyat zamanı PKK tərəfindən daha əvvəl quraşdırılmış minaların partladılması nəticəsində 16 Türkiyə hərbçisi şəhid olub. 6 nəfər isə hospitala yerləşdirilib, onların həyati təhlükəsi yoxdur.
Terrorçulara qarşı başladılan əməliyyatın davam etdiyi, terrorçuların istifadə etdiyi 23 hədəf, o cümlədən 6 mağara, 2 anbar, 12 ağır pulemyotçu mövqeyi havadan bombalanaraq məhv edilib.
Son hadisə Türkiyə ordusunun son iki ayda apardığı əməliyyatlar zamanı verdiyi ən böyük itkilərdən biridir. İki aya yaxındır davam edən savaşın günü-gündən qızışması onu göstərir ki, yaxın vaxtlarda PKK terrorunun qarşısını almaq mümkün olmayacaq. Üstəlik davam edən siyasi qeyri-müəyyənlik, noyabrın 1-də təyin olunan seçkilər, keçici hökumətin olması ölkədə sabitlik faktorunu ciddi şəkildə zədələyir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.