banner
banner

Sosİal

Paytaxtın unudulmuş sakinləri…

Paytaxtın unudulmuş sakinləri…
Yeni tikililərdə problemlər bitib-tükənmir, insanların fəryadını isə nə MTK-lar duyur, nə də rəsmi qurumlar
“Bir aydan artıdır ki, şəhərcikdəki binalara suyun verilməsində problem yaşanır. Artıq neçə ildir ki, burada yaşayıram. Hər il problemlərin azalacağını düşünsəm də, ildən-ilə problemlər artmağa davam edir. Əvvəllər səhər və axşam saatlarında gündə 2 dəfə su verilirdi. Bir aydan çoxdur ki, axşamlar ümumiyyətlə binalara su verilmir. Səhər saatlarında isə verilən suyun qrafiki qeyri-sabit, həm də çox qısa müddətlidir. Əvvəllər suyun verilməsi səhər saat 7-9 arası idi. Onda hamı işini bilirdi və buna görə planlama aparırdı. Ancaq indi qeyri-sabitdir. Yəni, bir də görürsən saat 8-in yarısı su verildi və 15 dəqiqə sonra qəfildən kəsildi. Yaxud bəzən 8-ə qalmış su verilir, bəzən 9-a işləmiş və s. Millət də qalır susuz. İnsanlar bilmirlər ki, işlərini necə planlaşdırsınlar. Camaatın işi-gücü var axı... Oturub gözlərini borulara zilləyəsi deyillər ki, nə vaxt 10 dəqiqəlik su gələcək və onlar da tez-bazar su çənlərini dolduracaqlar”.
 
Bu barədə “Bizim Yol”a müraciətində “Akkord” Şirkətlər Qrupu tərəfindən inşa edilən, Xırdalanda yerləşən “Abşeron Gənclər Şəhərciyi”nin sakini Tural Məmmədov məlumat verib. Şikayətçinin sözlərinə görə, binada yaşayan ailələr dəfələrlə yaşayış kompleksinin administrasiyasına müraciət etsələr, problemləri həllini tapmaq bilmir: “Binanı tikirlər, lap yaxşı. Tikinti qurtarandan sonra isə eləcə qalır. Burda yaşayanların nə problemini həll edən var, nə də ki, onlarla maraqlanan. Neçə illərdir vəd verirlər ki, qaz veriləcək, amma məsələ vəd olaraq da qalır - qaz üzünə həsrətik. İndi üstəgəl su problemi yaranıb. Bu qədər pul verib ev alırıq, istəyirik rahatçılığı olsun. İndi dərdimizi kimə deyək? Nə dövlət qurumu yaxınlaşıb maraqlanır, nə də bina adminstrasiyası. Biz sakinlər də qalırıq pis vəziyyətdə. Sanki Allahın ümidinə buraxılmışıq”.
 
Qeyd edək ki, yeni qurulmuş şəhərciklərdə və yeni tikililərdə yaşayan sakinlər tez-tez kommunal problemlərlə qarşılaşırlar. Onların yaşadıqları problemlə bağlı isə hara müraciət edəcəklərini bilmirlər. Çünki bu binalar tikildikdən sonra onların idarəetməsini oranı inşa edən özəl şirkət həyata keçirir. Özəl şirkətlərin isə sakinlərin probleminə diqqətlə yanaşıldığı deyilə bilməz. 
Bir müddət öncə də “Abşeron Gənclər Şəhərciyi” haqqında mətbuatda sakinlərin şikayətləri yer almışdı. Sakinlər bildirmişdilər ki, şəhərcikdə 4 ilə yaxındır ki, məskunlaşmalarına baxmayaraq şəhərcik nə tam təhvil verilib, nə də ki, qazlaşdırılıb. Qış aylarında külli miqdarda elektirk enerjisinə pul ödədiklərini bildirən sakinlər, qazın olmaması ilə bağlı həddən artıq əziyyət çəkdiklərini söyləyirlər. Qazın olmamasına görə insanlar elektrik enerjisinə xeyli vəsait ödəmək məcburiyyətindədirlər. Bundan başqa qış aylarında elektrik enerjisi ümumiyyətlə evin tam isinməsi üçün kifayət etmir. Bəzi hallarda sakinlər kənd yerlərində olduğu kimi odun peçlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bundan başqa isti yay günlərində də su problemi yaşamağa başlamışdılar. Yay aylarından başlayan problem hələ də öz həllini tapmayıb. 
 
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Bizim Yol”a açıqlamasında bildirdi ki, məsələyə müxtəlif aspektdən baxmaq olar: “Təbii ki, bina tikilib qurtardığı halda istismara qəbul olunmaqla, yəni vətəndaşlara verilməklə yanaşı, həm də dövlət tərəfindən onun müvafiq tikinti norma və standartlara uyğun olub-olmaması haqda yekun istismar aktı verilməlidir. Buna müvafiq olaraq da vətəndaşlar “Çıxarış” almalıdır. “Çıxarış”ların alınmasından sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə onlar həmin əraziyə qeydiyyata düşürlər. Qeydiyyata düşdükdən sonra, artıq bu sadaladığınız problemlərin yaranması ilə bağlı vətəndaşlar adiyyatı oranlara müraciət edib öz problemlərini həllinə nail ola bilirlər. Ancaq təəssüf ki,bu gün bir çox yeni tikililərdə, o cümlədən şəhərciklər də daxil olmaqla, hələ ki sənəd və qeydiyyat problemləri aktual olaraq qalmaqdadır. Hətta bəzi binalarda ünvan problemi mövcuddur. Yəni, binanın 5-6 ildir ki, istisamara verilməsinə baxmayaraq, ora ünvan verilməyib. Vətəndaşların hansı ünvanda yaşadıqları məlum deyil”.
 
R.Osmanlı deyir ki, bu baxımdan təbii ki, MTK-lar özləri də müəyyən mənada maraqlı olurlar. Çünki əksər tikinti şirkətləri bu cür sənədlərin alınmasında ona görə maraqlı deyillər ki, onlar tikib qurtardıqdan sonra həmin binanın idarə edilməsini özlərinə saxlamaq istəyirlər: “Bu da bir problem olaraq bu gün qalır. Vətəndaşlar və MTK-lar arasında binanın idarə edilməsi ilə bağlı çox ciddi problemlər var. Vətəndaşlar müraciət etməyə yer tapmırlar. Eyni zamanda vətəndaşlar bəzi MTK-ların əlindən beziblər. Kommunal ödəniş adı altında hər ay vətəndaşlardan külli miqdarda vəsaitlərin yığılması prosesi həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır. Mənzil qanunvericiliyinə görə, artıq JEK-lər fəaliyyətsiz bir quruma çevrilib. Hətta deyərdim ki, JEK-lərin fəaliyyətinə xitam verilib. Ancaq buna baxmayaraq digər normativ aktlarda JEK-lərin fəaliyyətini özündə göstərən müddəalar var. Qısa şəkildə deyə bilərəm ki, bütün bu problemlərin raxasında dayanan yeganə və aktual səbəb dövlət və mənzil tikinti koorparativləri arasında münasibətlərin düzgün qurulmamasıdır”.
 
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin mətbuat xidmətindən “Bizim Yol”a bildirildi ki, problemlə bağlı onlara sakinlər tərəfindən müraciət daxil olmayıb: “Gün ərzində məsələni ətraflı araşdırıb, problem varsa, səbəbinin nə olduğu haqda sizə məlumat verəcəyik”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.