banner
banner

Gündəm

İcra başçısı təhsil şöbəsinin müdirini işdən çıxara bilərmi?

İcra başçısı təhsil şöbəsinin müdirini işdən çıxara bilərmi?
Sumqayıta yenicə icra başçısı təyin edilmiş Zakir Fərəcov keçirdiyi müşavirə zamanı Sumqayıt şəhər təhsilindəki vəziyyətin ürəkaçan olmadığı bildirərək təhsil şöbəsinin müdiri Vaqif Ələkbərovu işdən çıxarıb. İcra başçısı qeyd edib ki, təhsil sahəsində çalışanlar yalnız təhsillə məşğul olmalıdırlar: “Tədbirlər zamanı dərsdən qalma, qəbul zamanı pul alma məsələləri tamamilə yığışdırılacaq”
 
Ümumiyyətlə, vəzifəyə yenicə təyin edilmiş hansısa bir məmurun özünü təsdiq etməsi üçün yerdəki işçilərini vəzifəsindən azad etməsi kimi hallara çox rast gəlinir. Məsələn, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov vəzifəsinə yenicə təyin olunan zaman xeyli idarə rəisini elə ilk iclasda işdən çıxarmışdı. Ancaq hazırkı durum, yəni icra başçısının təhsil şöbəsinin rəhbərini işdən çıxarması bir az fərqlidir. İnsanların beynində belə bir sual yaranır: İcra başçısının təhsil şöbəsinin müdirini işdən çıxarmaq hüququ varmı? Ümumiyyətlə, hər hansı şəxs təhsil şöbəsinə kimin göstərişi və imzası ilə təyin edilir?
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, yerli təhsili idarəetmə orqanının rəhbəri icra hakimiyyətinin rəhbəri tərəfindən vəzifəyə təyin edilə və ya vəzifədən azad edilə bilər: “Mövcud qanunvericiliyə görə, yerli təhsili idarəetmə orqanının rəhbəri icra hakimiyyətinin rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Vaqif Ələkbərov Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsini daşımış, müdir vəzifəsinin icrası ona həvalə edilmişdi.  Təhsil nazirinin əmrinə əsasən, Vaqif Ələkbərov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə və səhhəti ilə əlaqədar öz ərizəsi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir müavini vəzifəsindən azad edilmişdir”.
 
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev belə halların ikili tabeçiliyin törətdiyi eybəcərlik olduğunu dedi: “Son illər Azərbaycanda minlərlə məktəb tikilib və əsaslı təmir olunub, müəllimlərin əmək haqqı yüksəldilib, müəllim hazırlığına diqqət artırılıb, orta təhsildə təmayülləşmə prosesi gedir, direktor olmaq istəyənlərə xüsusi təlim kursları keçilir, yeni fənn proqramları üzərində işlər aparılır, fənlər üzrə nümunəvi olimpiadalar keçirilir. Ən əsası isə məktəb mühitinin yaxşılaşdırılması üçün vacib işlər görülür. Bütün bu işlər Təhsil Nazirliyi tərəfindən görülür. Ancaq bu qurumun razılığı olmadan, təhsil şöbəsinin müdirini icra başçısı iclasdan və işdən qovur. Yuxarıda sadaladıqlarımla bu hərəkət üst-üstə düşmür. Belə çıxır ki, təhsil şöbə müdirinin təyinatında Təhsil Nazirliyindən razılıq alınır, çıxarılmasında isə yox. Əcaib paradoksdur. Belə hallar ikili tabeçiliyin törətdiyi eybəcərliklərdir. Sual olunur: əgər söhbət təhsilə canı yanmaqdan gedirsə, onda Zakir Fərəcov Abşeron təhsilinin biabırçı vəziyyətinə görə Nadir Ağayevi niyə işdən çıxarmırdı?!
 
Sumqayıt təhsilinin səviyyəsi ilə Abşeron təhsilinin səviyyəsi arasında yerlə göy qədər fərq var! Ötən tədris ilində Sumqayıt şəhər abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricidən 14,3 faiz yuxarı olub. 2015-2016-cı tədris ilində Sumqayıt məktəblərinin  göstəriciləri bundan da yüksəkdir. Bu il Sumqayıt məktəblilərinin biri hətta 700 bal toplayıb".
 
E.Əliyev Abşeron məktəblərində Sumqayıt məktəblərindən fərqli olaraq qiymət şişirdilməsinə yol verildiyini, Z.Fərəcovun da o zamanlar buna göz yumduğunu bildirdi: “Abşeron məktəblərində qiymət şişirdilməsinə yol verilir. Və rayonun riyaziyyat, fizika, kimya və coğrafiya fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən xeyli aşağıdır. Qəbul imtahanlarında 600-dən çox bal toplayan Sumqayıt məktəblilərinin sayı Abşeron məktəblilərinin sayından 4,5 dəfə çoxdur. Bu hadisə onu göstərdi ki, artıq təhsilin vahid mərkəzdən idarə olunmasının vaxtı çatıb. Ölkədə təhsil siyasətini həyata keçirən qurum Təhsil Nazirliyidir və onun iradəsindən kənarda bu cür və buna bənzər addımlar atılmamalıdır. Belə hallar həm də ölkə qanunvericiliyi ilə daban-dabana ziddir. Yaxşı ki, rektorları prezident təyin edir, yoxsa icra başçıları rektorlarla da təhsil şöbə müdirləri kimi davranardılar”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.