banner
banner

Sosİal

Media intihar xəbərlərini gizlətsə...

Media intihar xəbərlərini gizlətsə...
Mətbuat Şurasının sədri Əflatun Amaşov  sosial şəbəkədə medianın intihar xəbərlərini necə işıqlandırması ilə bağlı status paylaşıb. Ə.Amaşov bildirib ki, bu günlərdə regionlardan birində məktəbli forması, çantası olmadığı üçün intihar edən məktəblinin intiharı barədə medianın xəbərlər verməsi bir çox jurnalistika normalarına ziddir: ““Nəzərə alaq ki, ölkədə bu halda olan 12 yaşlı uşaqlar çoxdur.
 
Onların hamısının hansısa səbəbdənsə intihar yolunu seçəcəyini düşünmək mümkünsüzdür. Ancaq internetin və sosial şəbəkələrin geniş vüsət aldığı hazırkı şəraitdə həmin uşaqların əksəriyyəti həmyaşıdlarının atdığı addımdan xəbərdar oldular. Və bir anlığa medianın, xüsusən də internet üzərində yayımlanan kütləvi informasiya vasitələrinin tirajladığı xəbərin təsirinə düşənlərin ola biləcəyini də düşünək. O zaman biz intihar xəbərinə geniş yer ayırmaqla nəyə xidmət etmiş olduq? Sanki intiharı stimullaşdırdıq, problemlərin həlli yolunu intiharda görən toplum formalaşdırdıq. Bunları düşünəcək qədər həssas ola bilməməyimiz təəssüf doğurur".
 
Cəmiyyətdə inthar hallarının artması mövzusunda eks deputat Gülər Əhmədova da modern.az-a açıqlama verib. İntiharların cəmiyyətlərin ciddi bəlası olduğunu bildirən G.Əhmədovanın yanaşması belə olub: “Qəribəsi budur ki, intiharlar sanki tendensiya halında baş verməkdədir. Məsələn, bir nəfər özünü yandırdıqdan sonra böyük çoxluq özünü yandırmağa başladı. Daha sonra ”Koroğlu" körpüsü “dəb”ə düşdü. İndi isə ipdən, kəmərdən asmaqla intihar edənlər artmaqdadır... Səbəb nədir? Bəlkə media bu barədə çox “canfəşanlıq” edir?.."
 
G.Əhmədova bildirir ki, bu tendensiya əvvəllər də mövcud olub: “Lev Tolstoyun ”Anna Karenina" əsəri çap olunandan sonra qadınlar Rusiyada kütləvi şəkildə özlərini qatarın altına atmağa başladılar. Şedevr əsər olmasına baxmayaraq, Rusiya mətbuatı bu əsərin çox ziyanlı olduğunu vurğulayırdı. Buna kütləvi psixoz deyirlər. İnsan düşünür ki, kimsə problemini bu cür həll edibsə, o da belə etməlidir.
 
Məsələ burasındadır ki, intihara gedən insanın adi danışığından onu hiss etmək olur. Biz maarifləndirməni gücləndirməliyik. İntihara sürüklənən insana qayğı, diqqəti artırmaqla onu bu yoldan çəkindirmək olar. Çünki dünyada elə bir insan yoxdur ki, həyatının hansısa məqamında intihar fikri beynində dolaşmasın. Bu o demək deyil ki, həmin insan xəstədir və ya psixoloji problemləri var. Əksinə, statistika göstərir ki, intihara əl atan insanların çox az faizi ruhi xəstədir. Onu da deyim ki, sadaladıqlarımın ekstremal şəraitdə baş verən intiharlara heç bir aidiyyəti yoxdur".
 
Bəs bu halda medianın funksiyası necə olmalıdır? Bu xəbərlərdən tamamən imtina edilməlidirmi? İntihar edən şəxsin kimliyi ilə bağlı bütün məlumatları gizlətməklə faktın özünü işıqlandırmaq? Ya necə?
 
Əslində heç kimə sirr deyil ki, intiharlar sovet dönəmində də olub. Amma həmin vaxt SSRİ hakimiyyəti bu xəbərləri gizlətməklə yanaşı, eyni zamanda intiharlara qarşı mübarizə aparıb. Məqsəd yaranacaq qalmaqalın qarşısını almaq, eyni zamanda sovet cəmiyyətində kiminsə öz həyatından narazı qalıb canına qıyma mərhələsinə çatması barədə gerçəyi yox etmək olub. Bu da faktdır ki, intihar etmək istəyən, mətbuat bunu yazıb-yazmamasından asılı olmayaraq əgər səbəb aradan qaldırılmasa, gec-tez intihara əl atacaq. 
 
AzadlıqRadiosu isə İntiharın Önlənməsi üzrə Amerika Fondunun (American Foundation for Preventation Suicide) 22 uyğun təşkilatın araşdırması əsasında hazırladığı tövsiyələri yayıb. Həmin tövsiyələrdə deyilir ki, 50-dən çox elmi araşdırma intihar haqqında xəbərlərin intiharların sayını artıra biləcəyini üzə çıxarıb. Məlum olub ki,  intiharlara dair aramsız xəbərlər və onların təqdimat tərzi özünə qəsd edənlərin sayını artırır.
 
Bu üzdən sözügedən fond (AFPS) jurnalistlərə məsləhət görür ki, intiharın necə gerçəkləşdirildiyini detallı təsvir etməsinlər.
 
Dramatik başlıq və fotolar, qrafiklər, intihar haqda ard-arda xəbərlər sensasiya yaradır.
Mütəxəssislər iddia edirlər ki, ard-arda verilən intihar xəbərləri intiharların təkrarlanmasına yol açır - buna "copycat" (imitasiyalı, yamsılama) intihar deyilir.
 
Detallara varsaq, gerçək budur: gurultulu və sensasion başlıqlardan qaçmaq lazımdır. Belə ki, “Kurt Cobain özünü odlu silahla öldürdü” başlığı əvəzinə auditoriyada sensasiya yaratmadan və qabartmadan yazmaq məsləhətlidir. Məsələn: Kurt Cobain 27 yaşında öldü. Bundan başqa, olay yerindən foto və videogörüntülər göstərmək, yaxind intihatın mərhumun ailəsinin, dostlarının və dəfn mərasiminin görüntülərini yaymaq əvəzinə görüntü olaraq mərhumun məktəb, iş və ya ailə fotosundan yararlanmaq, o cümlədən intihar barədə xəbərə qaynar xətt xidmətlərinin loqosunu və telefon nömrələrini yerləşdirmək tövsiyə olunur. Mərhumun son məktubunun detallarını yaymaq düzgün metod sayılmır. Onun əvəzinə mərhumun son məktubunun tapıldığını və araşdırıldığını bildirmək kifayətdir. Bundan başqa, polisdən, olay yerində olanlardan tələm-tələsik müsahibə alıb-yaymaq da düzgün jurnalistika metodu deyil. Tövsiyələr sırasında intiharların qarşısını almaq sahəsində ixtisaslaşmış ekspertdən müsahibə almaq yer alır. 
 
Mərkəzi ABŞ-da yerləşən və jurnalistlərin peşəkar bilgiləndirilməsində nüfuzlu sayılan Poynter İnstitutu başqa bir məqama diqqəti çəkir.

İnstitutun əməkdaşı Cindi Deutschman-Ruiz bildirir ki, jurnalist intiharı romantikləşdirməməli və ya məsələni "onun başqa çıxış yolu qalmadı" kimi təqdim etməməlidir.
 
O, intiharın səbəbləri haqda yazarkən və mərhumun ailə üzvlərindən müsahibə alarkən ehtiyatlı davranmağı məsləhət görür, çünki intiharın ölçü-biçili addım kimi təqdim olunması həqiqəti təhrif edə bilər. Axı bir çox hallarda intihar məhz ruhi xəstəlikdən qaynaqlanır. Elmi araşdırmalara görə, intihar hallarının 90 faizi ruhi xəstəliklər nəticəsində baş verir. Cindi Deutschman-Ruiz onu da yazır ki, intiharların biganəlikdən, ətraf aləmdən qaynaqlandığını iddia etmək üçün dolğun araşdırmalara ehtiyac var. 
 
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə “Yeni Müsavat”a açıqlamasında bu mövzu ilə bağlı media normalarının nədən ibarət olduğunu dedi. Onun sözlərinə görə, “media intihar xəbərini yaymamalıdır, çünki bu, intihara meylli insanları intihara həvəsləndirir” kimi fikirlər yanlışdır: “Əksinə, mən deyərdim ki, media bu hadisələri səthi işıqlandırır. Məsələnin görünən tərəflərini çatdırır, problemin içinə varmır. Belə hadisələrin xəbərlənməsində hüquqi problem yoxdur. Etik baxımdan isə xəbərləmədə bəlli şərtlərə əməl olunubsa, nə irad ola bilər ki? Əksinə, bizim media mümkün qədər hər bir intihar hadisəsinin arxasınca düşməlidir, konket insanları bu hala gətirən psixoloji, mənəvi və sosial səbəblərə işıq salmağa çalışmalıdır. Uşaq intihar edib. Axı onun oxuduğu məktəbdə sinif rəhbəri var, psixoloq olmalıdır, onun valideyni var. Nəhayət, icra hakimiyyətində uşaqların hüquqları və durumuyla məşğul olmalı olan məsul işçilər var”. 

Müsahibimiz hesab edir ki, bu sayaq xəbərlərin yayılmasının təhrik elementi olması ilə bağlı deyilənlər də mübahisəlidir. Belə ki, təhrik məsələsində bəlirlənmiş bir norma yoxdur: “İntiharı təbliğ etmə təhrik sayıla bilər, məsələn. Amma sadəcə xəbər vermə isə yox. Daha yaxşısı isə odur ki, media sadəcə intihar faktını ötürməklə məşğul olmasın. Həm də intihar faciəsinin həm əvvəlki, həm də sonrakı fəsadlarını işıqlandırsın - ailənin ağrı-acısı, dostların ağrısı və s. Bütün bunlar birlikdə məhz intiharın çox ağrılı, faciəvi bir şey olduğunu həm də intihar ”həvəskarlarına" çatdıra bilər".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.