Polkovnik Rövşən Məhərrəmov: “Hələ ki savaş qərarını vermək, yaxud antiterror əməliyyatına başlamaq olmaz”
Erməni silahlı bölmələri ötən sutka cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.
Ermənistanın bəzi elektron kütləvi informasiya vasitələri tərəfindən guya sentyabrın 28-də həlak olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ad-soyadları da göstərilməklə yayılmış məlumatın heç bir əsası yoxdur.
Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.
Nazirlik bəyan edib ki, bu kimi ucuz, tam cəfəng xarakterli məlumatlar yalnız erməni ictimaiyyətini aldatmaq məqsədi daşıyır və bir daha sübut edir ki, düşmən tərəfi mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdədir: “Rəsmi olaraq bildiririk ki, adları siyahıda göstərilən şəxslər ümumiyyətlə Silahlı Qüvvələrimizdə yoxdur”.
Qeyd edək ki, son həftədə Azərbaycan itkilər versə də, düşmənin dəfələrlə çox hərbi qüvvəsini məhv edib, həmçinin işğalçı ölkənin çoxlu sayda yaralısı var. Təmas xəttində gərgin döyüşlər getdiyini hətta Ağdərədə yaşayan erməni əhali də təsdiqləyib və köçmək məcburiyyətində qaldıqlarını etiraf ediblər.
1994-cü ilin 12 mayında imzalanan atəşkəs haqqında müqavilədən sonra dəfələrlə belə gərgin vəziyyət yaranıb, diplomatlar və xarici ölkə rəsmiləri işə qarışıb, vəziyyət nisbətən sabitləşib. Lakin növbəti dəfə düşmən daha da quduzlaşıb. Ermənistanın cani prezidenti hətta BMT tribunasından Qarabağı Ermənistanın tərkib hissəsi kimi təqdim edirsə və işğalçıya qarşı 4 qətnamə qəbul etmiş bir qurum bunu lal sükutla qarşılayırsa, deməli, son əlac Azərbaycanın özünə qalıb və ərazilərin azadlığı üçün vətən müharibəsinə zərurət var. Bəzi müşahidəçilər bunun üçün uyğun məqamın yetişdiyini güman edirlər.
“Danışıqlar prosesi başa çatmaqdadır desəm, səhv etmərəm, ən azından indiki mərhələ üçün. Çünki Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü, Minsk Qrupu həmsədrləri ilə görüş baş tutdu, ilin sonuna qədər prezidentlərin görüşməsi üçün vaxt istənildi. Hər iki XİN rəhbəri prezidentlərin görüşünün hazırlanmasını öz öhdəsinə götürdü". Bu fikirləri azadinform-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son zamanlar aparılan danışıqlar prosesini şərh edən politoloq Qabil Hüseynli deyib.
Ermənistan prezidenti Serj Sərkisyanın “Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir” fikrinə münasibət bildirən politoloq qeyd edib ki, Sərkisyanın hakimiyyətinin dayaqları sarsıyıb: “Ermənistan cəbhədə sarsıdıcı məğlubiyyətə düçar olub, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində pozitiv addımlar atılmaqdadır. Bunlar Sərkisyanın xeyrinə deyil. Onun səsləndirdiyi fikir isə populist fikirdir”.
Ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a cəbhədəki son durumu şərh edərkən bildirdi ki, düşmən ölkə təxribatlara əl atmaqla, xüsusilə də ağır artilleriyadan istifadə etməklə müəyyən nöqtələrdən öz gücünü göstərmək istəyir: “Amma baş verənlər də göstərir ki, düşmən ölkənin elə bir gücü yoxdur. Son vaxtlar Ermənistan ordusunda nizam-intizam xeyli aşağı düşüb. Əsgər valideynləri də ordudakı özbaşınalıqlardan ciddi şəkildə narazıdır. Ona görə də cəbhədə Azərbaycana itkilər yaşatmaqla erməni cəmiyyətinin ruhumu qaldırmaq istəyirlər, amma özləri pis vəziyyətə düşür”.
Bununla belə, R.Məhərrəmov müharibə ehtimalını real sayır: “Müharibə hər an başlaya bilər. İriçaplı silahlardan istifadə edilməsi sadə məsələ deyil. Düzdür, düşmənin bizim mövqelərimizi atəşə tutması atəşkəs dövründə daim davam edb. Sadəcə, siyasi vəziyyət dəyişdikcə atəşkəsin pozulması halları əvvəlki illərə nisbətən daha çox qeydə alındı. Azərbaycan işğal altındakı torpaqlarını geri tələb edir və ərazilərini qaytarmaqda israrlıdır. Üstəlik, əvvəllər bizdə olmayan silahlar indi bizdə kifayət qədərdir. Ermənilər də başa düşür ki, müharibə hər an baş verə bilər və bu zaman onun məğlubiyyəti qaçılmaz olacaq. Erməni mətbuatı yazıb ki, ordunun mərkəzləşmiş qaydada təchizatında ciddi problemlər yaşanır. Məsələn, Noyabryan rayonu ərazisində xidmət keçən əsgərləri qubernator təmin edir. Ərzaq, geyim təchizatı mərkəzləşmiş qaydada təmin edilmir.
Hətta Xankəndində tank heyətinin 30 faiz çatışmazlığı faktı da etiraf olunub. Müharibə ermənilərin uduzmasına gətirib çıxaracaq".
R.Məhərrəmov düşmənin aqressivliyini bir məsələ ilə də izah edir: “Azərbaycandakı parlament seçkiləri ərəfəsində gərginliyin artması təsadüfi deyil. Azərbaycanda böyük bir siyasi hadisə gözlənilir. Erməni hakimiyyəti də təxribatlarla bu mühüm hadisəni pozmaq, bu ərəfədə aranı qarışdırmaq istəyir. Görünən budur ki, düşmən atəşkəsi pozmaqla parlament seçkilərini pozmaq niyyətindədir. Son 15-20 gün ərzində baş verənlər bunun təsdiqidir”.
Hərbi ekspert deyir ki, düşmənin aqressivləşməsi şəraitində cavab zərbələrinin endirilməsi ən düzgün yoldur:
“Hətta Müdafiə Nazirliyi bəyan edir ki, bizimkilər ikiqat cavabını verir. Azərbaycan bütün cəbhə boyu cavab zərbələri endirmək qabiliyyətindədir. Amma hələ ki savaş qərarını vermək, yaxud antiterror əməliyyatına başlamaq olmaz. Çünki danışıqlar gedir və bu əməliyyatlardan ölkəmizə qarşı təbliğatda istifadə oluna bilər. Azərbaycandan ehtiyatlanan Ermənistan cəbhə xəttinə yaxın kəndləri köçürməyə vadar oldu. Çünki bizim ordu sərt zərbələr endirdi. Genişmiqyaslı əməliyyatlar olacaqsa da, düşmən tutarlı cavabını alacaq. Ən mühümü odur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan ordusunda ruh yüksəkliyi var”.
Savaş başlanacağı halda Rusiyanın İrəvana hərbi dəstək verəcəyinə gəldikdə, R.Məhərrəmov qısaca bunu bildirdi: “Biz müharibəni Qarabağ ərazisində aparacağıq, Ermənistanda yox”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.