Piyadalar üçün təhlükə: Dayanacaq var, piyada keçidi isə yoxdur - FOTOLAR
Paytaxtın müxtəlif yollarında piyadaların hərəkəti üçün ciddi problemlər var. Ya yollarda piyada keçidləri yoxdur, ya da işıqfor... Bu piyadaların həyatına təhlükə yaratdığı kimi, sürücülərə də ciddi şəkildə problem yaradır. Qeyd etdiyimiz problemdən “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektindən istifadə edən sürücülər və piyadalar da əziyyət çəkirlər.
Prospekt Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində əsaslı şəkildə təmir olunsa da, bəzi hissələrində piyada keçidləri qoyulmayıb. Prospektin “Koroğlu” metrosuna yaxın ərazisində nə işıqfor var, nə də piyada xətti... Bu yolun hər iki tərəfində avtobus dayanacağı olsa da, yerüstü piyada keçidi bu dayanacaqdan 1 kilometrdən də uzaq məsafədədir.
Prospektin bu hissəsində yolun hər iki hərəkət istiqamətində avtobus dayanacaqları var. Lakin avtobuslardan düşənlər yolun qarşı tərəfinə keçmək üçün özlərini prospektdə hərəkət edən maşınların arasına atmalı olurlar. Qeyd etdiyimiz ərazidə Olimpiya Stadionuna aparan piyada yolu da var. Lakin piyadalar o yola çatmaq üçün əvvəlcə bu prospekti sağ-salamat keçməlidirlər.
Qeyd edək ki, bu prospektdə günün istənilən vaxtında maşınların hərəkəti intensiv şəkildə olur. Piyadaların isə hərəkətin intensiv olduğu vaxtlarda avtomobil yoluna çıxması həm onların həyatları üçün təhlükə yaradır, həm də maşınların hərəkətinə ciddi şəkildə mane olur.
Onlarla maşının arasından çətinliklə çıxan və “Koroğlu” metrosuna getmək istəyən piyadalardan biri Namiq Əhmədovla söhbət edirik. N.Əhmədov deyir ki, hər gün bu yoldan istifadə edir.
Qara Qarayaev prospektindən gələn piyada burada dayanacaqda avtobusdan düşsə də, yolu keçmək üçün nə piyada keçidi tapır, nə də işıqfor: “Bu dayanacağa ən yaxın piyada keçidi 1 kilometrdən də aralıdadır. Bu yolu keçmək üçün bu qədər məsafə qət etmək lazımdır. Ancaq bura dayanacaq qoyulubsa, deməli, burada piyadaların hərəkəti var. Məcburən bura piyada xətti və ya işıqfor qoyulmalıdır”.
Digər piyada Zərifə Mahmudova da hər gün bu yoldan istifadə edir. O da prospektdə piyada keçidinin olmamasından narazı olanlardandır: “Hər gün bu yolu keçib, 93 nömrəli avtobusa minirəm. Amma hər dəfə qorxaraq bu yolu keçirəm. Başa düşən sürücü olanda saxlayıb, yol verir. Amma sürücüləri də başa düşmək lazımdır. Belə bir yolda piyada keçidi yoxdur. Sürətlə hərəkət edən maşın saxlayıb, bizə yol verə bilmir. Bu yolda çox maşın hərəkət edir. Tıxac olanda yolu asanlıqla keçirik. Əks halda uzun müddət gözləməli oluruq. Yəqin ki, piyadaların bu çətinliyini nəzərə alan olar”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.