Deputatlar çobanlara alternativ yolun ayrılmasını, arakəsmələrin ekspertizasının keçirilməsini təklif etdilər, radarlardan şikayətləndilər
Oktyabrın 6-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə 34 məsələ daxil edilmişdi.
“Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verdi.
Qeyd edək ki, Dini Komitəyə yeni səlahiyyətlər verilib. Komitə bundan sonra nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq yoxlamalar aparacaq. Eyni zamanda qurum din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görür, ixtisasartırma kurslarını təşkil edir. R.Aslanova əlavə etdi ki, dünyada baş verən hadisələr, xüsusilə də miqrasion situasiyanın kəskinləşməsi ilə əlaqədar qanuna dəyişikliklər edilməsi zərurəti ortaya çıxıb. Səsvermə ilə dəyişikliklər qəbul edildi.
Deputat Rəfael Cəbrayılov çıxışında dedi ki, dəyişikliyə görə, Azərbaycana gəlmiş qaçqınlar qanunvericilikdən artıq ölkədə qalmaqda israrlı olarsa, o halda onların xüsusi məntəqələrdə yerləşdirilməsi məsələsi reallaşdırılacaq. R.Cəbrayılov bildirdi ki, əvvəlki layihədə ombudsmana əvvəlcədən xəbərdarlıq etmədən istənilən dövlət qurumuna və məntəqələrə xəbərdarlıqsız daxil olmağa icazə verilirdisə, yeni düzəlişlərdən sonra miqrantlarla bağlı məntəqələr də siyahıya əlavə olunur. O, müzakirəyə çıxarılan məsələ konstitusiya qanunu olduğu üçün deputatların 95-nin səsinin tələb olunduğunu da bildirdi. Qanuna dəyişiklik müzakirələrdən sonra qəbul edildi.
“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliyi isə komitə sədri Rəbiyyət Aslanova təqdim etdi. Komitə sədri bildirdi ki, dəyişikliklər müvafiq komitənin dini ədəbiyyata nəzarətinə əlavə imkan yaradır.
Qüdrət Həsənquliyev çıxışında dedi ki, bu gün dini təşkilatların ikisi siyasi motivli çıxışlar səsləndirərək seçkiləri boykot edəcəyini bəyan edib. Deputat qanunverilcikdə dini təşkilatların siyasi proseslərə müdaxiləsini qadağan edən müddəaların olduğunu xatırlatdı: “Bu yaxınlarda mən dini ekspert kimi çıxış edən bir nəfərin, həmçinin narkomanlığa görə həbs edilmiş və türmədən yeni çıxmış digər birinin rəyini gördüm. Bunlar QHT-lərdir və onların nizamnaməsində siyasi məsələlərə müdaxiləsi qanunla qadağandır. Qanunvericiliyə zidd olaraq belə şəxslərin siyasi məsələlərə müdaxiləsinə görə Ədliyyə Nazirliyi dərhal müdaxilə etməli və həmin təşkilatların qeydiyyatı ləğv edilməldir”.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliyi nəzərdə tutan layihəyə dəyişiklik də qəbul edildi. Rəfael Cəbrayılov dedi ki, dini fəaliyyətlə məşğul olacaq təşkilatların dövlət qeydiyyatına alınmasın proseduru zamanı tələb olunan sənədlərin içərisində müvafiq icra hakimiyyəti orqanının rəyinin də olmasını zəruri edir.
“”Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna edilən dəyişikliklərə əsasən, Ombudsman Aparatında Milli Preventiv Qrup yaradılır və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər. Qanuna edilən dəyişiklik qəbul edildi.
“Yol hərəkəti haqqında” Qanunun müzakirəsi zamanı çıxış edən deputat İlham Əliyev yollarda quraşdırılan sürəti qeydə alan kameralarla bağlı narazılığını ifadə etdi. O, sözügedən kameraların problem yaratdığını vurğuladı: “Radara 30 metr qalmış sürətin həddi qəflətən aşağı düşür. Bu daha da qəzalı hadisəyə gətirib çıxarır. Əgər sürücü birdən-birə sürəti 110-dan 50-yə azaldırsa, bu, qəzanın yaranmasına gətirib çıxarır. Bəzən elə yollarda sürət həddi aşağı salınıb ki, buna ehtiyac yoxdur. Bu baxımdan Kürdəmir-Gəncə yolu ümumiyyətlə, dəhşətdir. Hər xırda yaşayış məntəqəsinə çatanda radar qurulub. Radara çatmamış sürət həddi birdən-birə 50 km saata düşür”.
|
“Plenar iclasda müflisləşən bankların taleyi ilə bağlı layihə də təsdiqləndi; həmçinin dindarların siyasi proseslərə müdaxiləsindən danışıldı
|
Elmira Axundova isə bildirdi ki, magistral yollarda qətliamlar törədilir: “Bakı-Sumqayıt yolunda olan son hadisəni müşahidə etdik. Dəmir arakəsmələr ölüm alətinə çevrilir. Təklif edirəm ki, bu arakəsmələr ekspertiza edilsin. Mən internetdə rolikə baxdım, Qərbdə belə dəmir arakəsmələr var, amma onları ağır tonlu maşınlar sındırmır. Bizdə isə kiçik ölçülü maşınlar həmin dəmir arakəsmələri sındırır. Ona görə təklif edirəm ki, ekspertizadan sonra bu arakəsmələrin keyfiyyəti artırılsın, ya da digər qurğularla əvəz edilsin. Bu, insan təhlükəsizliyi baxımından əhəmiyyətlidir”.
Sabir Rüstəmxanlı da yollardakı durumdan şikayətləndi. Ancaq yolların qayğısına qalan qurumları kənd təsərrüfatı, heyvandarlıqla məşğul olan insanlara alternativ göstərməyə çağırdı: “Torpaqlar özəlləşdirilib, magistral yollarla camaat mal-qarasını arandan yaylağa necə aparmalıdır? Yardımlıda, Masallıda, Şamaxıda insanlar hələ də mal-qarasını arana- yaylağa aparır. Hər dəfə mal-qaranı aran və yaylağa aparan insanlarla yerli sakinlər, icra qurumları arasında mübahisə yaranır”. Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklərdə avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinin qadağan olunması əksini tapıb.
Deputatlar heyvanlar üçün ayrıca keçidlərin tikilməsini də zəruri saydılar.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcək. Dəyişikliyə əsasən, avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər. Azərbaycanda avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq edilən qadağalar da sərtləşdirilir.
“Yol hərəkəti haqqında” Qanunda əksini tapan dəyişikliklərə görə, avtomobil yollarını korlayan konstruksiya elementləri olan nəqliyyat vasitələrinin, həmçinin karxana avtomobillərinə aid edilən nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti qadağan edilir. Eyni zamanda yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi və s. yolu zibilləyə biləcək materialların və yüklərin qablaşdırılmadan aparılması qadağan olunacaq. Qadağalar mal-qaranın yolların kənarında otarılmasına da şamil ediləcək.
Belə ki, avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması qadağan edilir. Suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma zolaqlarının, yol örtüyünün çirkləndirilməsi də qanuna təklif olunan əlavələr sırasındadır. Bir sıra məsələlərlə bağlı isə qadağa qoyulmasa da, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması tələb olunur.
Belə ki, yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində yol tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin boşaldılması və yüklənməsi üçün xüsusi icazə alınmalı olacaq. Eyni zamanda, reklam və digər məlumat qurğularının yerləşdirilməsi üçün də razılaşdırma tələb olunacaq.
Milli Məclisdə “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edildi. Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirdi ki, dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər. O qeyd etdi ki, dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədi ilə magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılmasını nəzərdə tutur.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə də təsdiqləndi. Layihə haqqında deputat Rafael Hüseynov məlumat verərək bildirdi ki, qanunun 14-cü maddəsinə edilən dəyişikliyə əsasən, dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmalıdır.
“Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Dedi ki, mövcud qanuna bank aktivlərinin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməsi ilə bağlı yeni bəndin əlavə olunması təklif edilir.
Deputatlar “Müflisləşmə və iflas haqqında” Qanuna əlavə və dəyişiklikləri də təsdiqlədilər.
Deputat İlyas İsmayılov banklardan bəhs olunarkən Mərkəzi Bankın istisna olunmasını düzgün saymadı:“Mərkəzi Bank da bankdır da, niyə burada əksini tapmır?”
Plenar iclasda “Polis haqqında” Qanuna da dəyişiklik edildi. Qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.
Cia.az