MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov noyabrın 15-də həbs edilib. Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev bundan sonra facebook statusunda “jurnalist Elmar Hüseynovun qatili qandallandı. Allaha inanmayan varmı?” yazıb.
“Yeni Müsavat” qəzeti isə “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı E.Fətullayevin illər öncə səsləndirdiyi fikirləri yada salır.
2010-cu il iyunun 16-da keçirilən məhkəməsi zamanı E.Fətullayev bu olayla bağlı detallı danışmışdı. Arxivə nəzər saldıq. AzadlıqRadiosunun məhkəmədən hazırladığı reportajda bu fraqment dəqiqliklə qeyd olunur. Yada salaq: “Təqribən 2007-ci ilin əvvəllərində mən Elmar Hüseynovun qətli ilə bağlı məlumatlar əldə etdim. Akif Çovdarov MTN-in idarə rəisinin müavini idi, indi deyəsən, Baş İdarənin rəisidir, məlumat əldə etmişdim ki, bu insanın bu məsələdə iştirakı ola bilər. Daha doğrusu, bir çox şübhələr onun adı ətrafında dolaşırdı. Mən bu istiqamətdə araşdırmalara başladım”.
İyunun 16-da keçirilən məhkəməsində Eynulla Fətullayev deyib ki, həbsinin kökündə Elmar Hüseynovun qətli ilə bağlı apardığı araşdırmalar dayanır. Dedi ki, araşdırmalar zamanı qətlin izləri Milli Təhlükəsizlik Nazirliyinin həmin vaxt idarə rəisinin müavini işləmiş Akif Çovdarovun üstünə aparıb çıxardığından onun bu araşdırmaları aparmasına əngəllər yaradılıb. Ən böyük əngəl isə həbsi olub:
“Araşdırmalara başladım və bir aydan sonra həbs olundum. Məni Bayıl həbsxanasından MTN-ə etap elədilər, adını da qoydular ki, guya Bayıl həbsxanasından qaçmaq istəyirəm. Şübhəsiz ki, mən ordan qaçmaq istəmirdim. MTN-in təcridxanasında bu insanlar gəlib mənimlə görüşdülər”.
Eynulla Fətullayev məhkəməsində demişdi ki, Akif Çovdarov onunla görüşərkən Elmar Hüseynovla bağlı araşdırmalara son qoymasını tələb edib. Hətta aralarındakı mübahisə o yerə çatıb ki, onlar əlbəyaxa olublar: “Mən dedim axı, apardığım bütün jurnalist təhqiqatları bir şey göstərir, hər şey gəlib sənə çıxır. Avropa Məhkəməsinə göndərdiyim materiallarda faktlar da göstərmişəm. Ancaq mən bir şeyi başa düşmürəm, siz nəyə görə Elmarı belə qeyri-peşəkarcasına qətlə yetirmisiniz?”
Eynulla Fətullayev iddia etmişdi ki, Akif Çovdarov Elmar Hüseynovun qətlində əli olduğunu açıq şəkildə etiraf edib: “Dedi ki, onu öldürmək azdır, onu yandırmaq lazım idi. Bir də dedi ki, axı biz bunu özümüzə görə etməmişik, atamın sözü ilə etməmişəm ki bunu. Yəni ki, sən məndən nə istəyirsən axı, əl çək məndən. Deyirdi, ağzına gələni yazırdı, axırı belə də olmalı idi”.
Məhbus jurnalist məhkəmədə onu da demişdi ki, Akif Çovdarov ona xüsusi xidmət orqanı ilə əməkdaşlıq etməyi və Elmar Hüseynovun qətli ilə bağlı istintaqa yalan ifadələr verməyi təklif edib. O isə təklifi qəbul etməyib: “Dedim yaxşı, mən başa düşdüm ki, artıq bu mövzuya toxunmaq olmaz, məni azadlığa buraxın. Dedi, biz səni elə-belə buraxa bilmərik, biz səni ”verbovka" eləməliyik. Biz səni “verbovka” eləyirik, sən bizim nazirliyə işləyirsən. Dedim, aha, gəldik çatdıq əsas məsələyə. Mənə dedi ki, sən bizə Elmar Hüseynovun qətli ilə bağlı yalan ifadələr ver. Dedim, mən Elmarın qətli ilə bağlı yalançı ifadələr verə bilmərəm, o mənim dostum, həmkarım olub. Dedi, axı biz sənə azadlığa çıxmağa kömək edəcəyik".
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arioğlu da deyir ki, E.Fətullayev 2007-ci ildə onunla görüşlərindən birində E.Hüseynovun qətlində Akif Çovdarovun əli olduğunu bildirib.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, E.Hüseynovun qətlinin açılması ilə Akif Çovdarovun arasında hər hansı bağlılıq yoxdur. Müsahibimiz xatırladıb ki, 2005-ci ildə, qətldən dərhal sonra Azərbaycana gələn Türkiyə hüquq-mühafizə orqanları araşdırma apararaq bəlli nəticəyə gəlmişdi: “Həmin vaxt hakimiyyətə bu qətlin icraçıları və təşkilatçılarının adları verilmişdi. Yəni hakimiyyətdə bu qətlin kim tərəfindən yerinə yetirilməsi barədə məlumat var. Hesab etmirəm ki, bugünkü hakimiyyət bu məsələni açmaqda maraqlıdır”.
M.Əliyev xatırladıb ki, ailəsi daha öncə dəfələrlə qətlin açılması ilə bağlı ən yüksək instansiyalara müraciət edib. Onun sözlərinə görə, ailəsinə qətlin icraçıları və sifarişçilərinin tapılacağı ilə bağlı vəd verilsə də, yerinə yetirilmədi: “Jurnalistlər də bu tələbi dəfələrlə səsləndiriblər. Növbəti çağırışla nəyinsə dəyişəcəyinə inam yoxdur. Qətlin üstünün açılması üçün siyasi situasiya lazımdır. Doğrudur, Çovdarov işdən çıxarılıb. Amma bu qətlin üzə çıxarılması üçün başqa vəziyyət olmalıdır”. (musavat)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.