Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun son məhkəmə prosesi keçirildi. Hökm olacağı əvvəlcədən məlum olduğuna görə prosesə çoxlu sayda iştirakçı qatılmışdı. Hökm açıq məhkəmə prosesində Əlisultan Osmanovun sədrliyi ilə elan olundu. Hökmün yalnız nəticə hissəsi elan olundu. Demək olar ki, R.Mirqədirovun ifadə verdiyi hissələr oxundu. Bununla belə, məhkəmənin son qərarının oxunması yarım saat çəkdi.
Hakim məhkəmə istintaqı ilə Mirqədirovun ittiham olunduğu maddə üzrə onun təqsirinin sübuta yetirildiyini elan etdi. Hakimin hər cümləsi zalda böyük etiraz doğururdu. Xüsusilə hökmün son hissəsi ciddi narazılıq yaratdı. Oğlunun 6 il müddətinə həbs cəzası aldığını eşidən təqsirləndirilən şəxsin anası Rəfiqə İsayevanın halı pisləşdi. Hökmün tam hissəsini də dinləmək mümkün olmadı. Yalnız o məlum oldu ki, vicdan məhbusu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edildi. Mirqədirov hökmü kinayəli gülüşlərlə qarşıladı.
Prosesdən sonra Mirqədirovun vəkili Fuad Ağayev hökmə münasibət bildirdi: “Hökmü mənfi qiymətləndirirəm. İndi elan olunan ittiham sənədi idi. Amma tam oxunmadı. Orada ancaq Raufun ifadələri olan hissə oxundu. Kimsə düşünməsin ki, orada nəsə tutarlı hissə var. Nə sübut varsa, Raufun tərifindən başqa bir şey deyil. Səsləndi ki, guya Raufa tapşırıq veriblər, o, şəkillər göndərib. Bunların təkzibini yaxın vaxtlarda elan edəcəm. Onda sübut olunacaq ki, Raufa qarşı irəli sürülmüş ittiham nə qədər gülüncdür. Raufun təqsirini sübut edəcək heç nə yoxdur. Hökm tam elan olunsa, sadalananların qiymətini verərdim. Amma bir qədər sonra bu barədə danışacam və hər kəs dəhşətə gələcək. Apelyasiya şikayəti verəcəyik. Mövqeyimiz güclüdür. Xaricə gedən, Ermənistanda olan hər kəsi belə şərləyəcəklərsə, o zaman ölkəmizdə gərək siyasi publisistika ilə kimsə məşğul olmasın. Bu həbs lap öncədən siyasi xarakter daşıyırdı. Sonradan həbs müddətinin uzadılması, indiki hökm bunun tərkib hissəsidir. Bu cəzanın səbəblərini çox yerdə axtara bilərik. Rauf bu şəkildə həbs edilən ilk şəxs deyil. Hökmdə Leyla və Arif Yunusların da adı çəkildi. Faktiki olaraq, onların Raufun fəaliyyətinə başçılıq etdikləri qeyd olundu. O şəxslər artıq azadlıqdadır. Ümid edək ki, apelyasiya şikayətimizdə Rauf azad olunsun. Gözlənilən qərar idi”.
“Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı əməkdaşına verilən cəzaya belə münasibət sərgilədi: “Yaxşı ki, 15 il vermədilər. 6 illə qurtardı. 62 maddəni tətbiq edirdilərsə, gərək 6 il olmayaydı. Ümidimi itirmirəm. Apelyasiya şikayətimiz olacaq. Ümid edirəm ki, 2 il də orada azaldarlar. Bu gün 2 il azaldılacağını gözləyirdim. Yunusları azad ediblərsə, onların ”əmrini icra edən" Raufu əvvəl buraxardılar. Onun həbsini siyasi motivli sayıram. O, yazdıqlarına görə cəza çəkir. Siyasətə qarışmırıq, siyasət bizim işimizə qarışır. Siyasətdən yazırıq. Görünür, yalan yazmaq lazımdır. Məsələn, hava buludludur, uşaqlar. Raufun həbsində xarici versiyanı istisna etmirəm. Qəzetimiz Rusiyadakı proseslərə təsir edə bilməzdi. Amma Azərbaycanda fikir formalaşdıra bilərdi. Rusiyanın işğal siyasətini daim ifşa edirdik. Ukraynadakı proseslərdə Rusiyanı ifşa edən çoxlu sayda yazılar Raufun imzası ilə getmişdi".
Mirqədirovun anası halının pisləşməsi səbəbindən hökmə münasibət bildirə bilmədi.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxışında Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror hakimdən jurnalistin işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngülləşdirilməsini istəyib.
Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Cia.az


