ABŞ-ın “Global Firepower” araşdırma mərkəzi dünyanın ən güclü ordularının siyahısını tərtib edib. Siyahıda Azərbaycan ordusu da yer alır. AzərTAc “Global Firepower”in saytına istinadla xəbər verir ki, 106 ölkənin yer aldığı reytinq siyahısında Azərbaycan ordusu 50-ci yerdədir.
Siyahı hazırlanarkən orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyət əsas götürülüb.
Ümumilikdə 50 amil əsasında tərtib olunan siyahıya ABŞ ordusu başçılıq edir. İkinci yerdə Rusiya, üçüncü yerdə Çin ordusudur. Azərbaycan Rumıniya, Belarus, Gürcüstan, Qazaxıstan, Portuqaliya, Macarıstan, Kolumbiya, Yunanıstan kimi ölkələri geridə qoyub. Ermənistanın adı isə ümumiyyətlə, siyahıya düşməyib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Azərbaycan ordusunun göstəricilərini yüksək dəyərləndirdi: “Hər başa çatan ilin sonunda dünyanın müxtəlif araşdırma ilə məşğul olan irili-xırdalı qurumları bir araşdırma aparıb öz mülahizələrini və qeydlərini hesabat şəklində yayırlar. Son illər dünya ordularının səviyyəsi, hazırlığı və digər göstəriciləri ilə bağlı da bir neçə təşkilat öz hesablatlarını ictimailəşdirib. Haqqında söhbət gedən ABŞ-ın ”Global Firepower" araşdırma mərkəzi də son illər dünyanın ən güclü orduları ilə bağlı bir layihə həyata keçirib və bizim diqqətimizi cəlb edən məqamlardan biri də o siyahıda Azərbaycan ordusunun da yer alması faktıdır. Əlbəttə ki, müstəqillik tarixi cəmi iki on illikdən bir az çox olan ölkə üçün bu, yaxşı nəticədir. Onu da qeyd edim ki, bu parametrlərə əsasən, Silahlı Qüvvələrin quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyət əsas götürülərək tərtib olunub. Sadalanan amillər arasında bütün uyğun olan məqamlar ölkəmizin güc strukturlarında daha əlverişli olduğuna görə bizim ölkəmiz də bu siyahıda kifayət qədər yuxarı yerdə məskunlaşıb".
Ü.Cəfərov əlavə etdi ki, hər bir ölkənin ordusunun nəyə qadir olması o silahlı birləşmələrin döyüş təcrübəsindən çox asılıdır: “Fikir verirsinizsə, tərtib olunan siyahıya ABŞ ordusu başçılıq edir. Ona görə ki, həm təchizat baxımından, həm də müxtəlif nöqtələrdə istər fərdi ölkə şəklində, istərsə də NATO Silahlı Qüvvələri ilə birlikdə praktiki döyüş əməliyyatlarında iştirak edir. İkinci yerdə olan Rusiya ordusu da son illər bütün qoşun növlərində həm silah-sursatını modernləşdirməyə böyük güc sərf edir, həm də adi silahların istehsalçısına və ixracatçısına çevrilməkdədir. Özü də şimal qonşumuz iqtisadi çətinliklərini məhz silah-sursat satmaqla aradan qaldırmağa çalışır. Çin ordusu da həm sayına, həm də ayrılan vəsaitlərə görə ilk üçlükdədir”.
Polkovnik-leytenant işğalçı Ermənistanın kənarda qalmasına da toxundu: “Bədnam qonularımızın adının, ümumiyyətlə, siyahıya düşməməsi onunla bağlıdır ki, bu bədbəxtlər nə özləri silah alır, nə də istehsal imkanları var. Ermənistan bütövlükdə Rusiyadan hər sahədə asılı vəziyyətdə olan formal dövlətdir. Üstəlik, son vaxtlar biz davamlı məlumatlar alırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya növbəti silah-sursat, təyyarə, vertolyot partiyasını işğalçıya göndərməyə hazırlaşır. Onlar bunu guya 102-ci bazaya göndərdiklərini bəyan etsələr də, biz gözəl bilirik ki, ora göndərilən bütün silah-sursat sonradan ya hədiyyə kimi, ya da güzəştli şərtlərlə Ermənistana peşkəş edilir”.
Bu arada Ermənistan ordusunda vəziyyətlə bağlı ilginc məlumatlar yayılıb. Düşmən ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi 2015-ci il ərzində silahlı qüvvələrin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı məlumat yaysa da, Azərbaycan tərəfi bu açıqlamanı “qeyri-ciddi və saxta” adlandırıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür. Belə ki, yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən, düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib. Nazirlik qeyd edib ki, Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.
Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq, erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən, düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur. Məlumatda deyilir ki, 2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb, ancaq itkilər gizlədilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.