banner
banner

Gündəm

Aktyor, rejissor və... məmur

Aktyor, rejissor və... məmur
"Yeni Müsavat” yeni bir rubrikaya start verib. Bu rubrika çərçivəsində nazirliklərin, idarə və komitələrin mətbuat xidmətləri ilə görüşüb, onların fəaliyyətlərini, gündəlik iş rejimini oxucularımıza çatdırmağa çalışacağıq.
 
Rubrikamızın ilk qonağı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovdur. Yolumuz İdarənin Səməd Vurğun bağı ilə üz-üzə yerləşən binasınadır. Binanın 3-cü mərtəbəsində qurumun mətbuat xidməti yerləşir.
İlk qonağımızda seçim təsadüfi deyil. İxtisasca rejissor və aktyor olan müsahibimi Dəmiryol İdarəsinə, mətbuat xidməti vəzifəsinə aparan yol yəqin ki, hamımız üçün maraqlıdır.
N.Əzməmmədov bizi gülər üzlə qarşılayır və buranın məmur yox, bir jurnalist otağı olduğunu deyir. Yəni, sadə dillə, öz evinizdəki kimi davranın demək istəyir.
 
Lakin qapısının üzərində “mətbuat xidməti” yazılan otaqda gözlədiyimiz mənzərə ilə qarşılaşmırıq. Sadə bir məmur otağında N.Əzməmmədov və mətbuat xidmətinin operatoru əyləşib. Divarlarda rəhbərliyin, ölkə başçısının şəkilləri, dəmiryol xəttinin xəritələri asılıb. Stolun üstündə qovluqlar, sənədlər, qəzetlər var.
 
İxtisası aktyor və rejissor olan müsahibim söhbətin əvvəlində operatorumuzun seçdiyi rakursla bağlı da məsləhətlər verməyi unutmur. Bu yerdə onu qeyd edim ki, müsahibim onlarla filmdə, serialda rol alıb, rejissorluq edib. Hazırda da bu fəaliyyətini davam etdirir. Ancaq jurnalistika cameəsi üçün o, mətbuat xidmətinin rəhbəridir.
 
Nadir müəllim deyir ki, iş gününə ilk növbədə medianı təqib etməklə başlayırlar. “Media təqib”-də ötən gün dövlət qurumu haqda televiziyada, qəzetlərdə və saytlarda gedən məlumatlar toplanır və təhlil edilir. Əgər hansısa tənqidi və ya neqativ informasiya gedibsə, araşdırılır və rəhbərliyə məlumat verilir. Həmçinin idarə rəhbəri üçün də xülasə hazırlanır, qurumun sədri işə həmin xülasəni oxumaqla başlayır.
 

““Biz təkcə mətbuat xidməti vəzifəsini yerinə yetirmirik, həm də bu qurumun tarixini yaradırıq”

 
- Gündəlik işimiz səhər saat 9-da başlayır, axşam saat 6-da bitir. 3 işçimiz var. Burada həm də qəzet çıxarırıq. Redaktoru Vasif Süleymanovdur. Ayda iki dəfə çıxır. Biz səhər gələn kimi məlumatları hazırlayıb, sədrə ötürürük, o, elə avtomobilində gələ-gələ baxır. Vacib hansısa məlumat olarsa, qarşılıqlı telefon əlaqəsi yaradırıq, məlumat veririk ki, nə etmək lazımdır. Çox zaman çəkilişlərdə oluruq, hansısa hadisə baş verir və biz günün istənilən saatında jurnalistlərdən öncə hadisə yerində olmalıyıq, onlara açıqlama verməliyik. Mən heç bir məmura jurnalistin işinə mane olmağa imkan vermirəm. Hansısa məmur haqqında məlumat gedibsə, deməli, o, cavab verməlidir. Dərhal onunla əlaqə saxlayıram və bildirirəm ki, sizin haqqınızda ya tərif, ya şikayət formasında məlumat gedib, baxın və cavablandırın. Bundan başqa, idarənin gördüyü işlər haqqında mənə vaxtaşırı məlumat verilir".
 
 
 
Söhbət əsnasında, mətbuat xidmətinin dəmir yolunda tikinti işləri aparılan əraziyə ezam olunmuş əməkdaşı zəng edərək məlumat verir. Müsahibim danışığı bizim də eşitməyimiz üçün mikrofonu açır. Söhbət dövlət proqramı çərçivəsində Bakıdan Böyükəsiyə qədər dəmir yollarında əsaslı təmir işlərinin həyata keçirilməsindən gedir.
 
Nadir müəllim söhbətə başlayan kimi, vəzifəsi gərəyi Dəmiryol İdarəsinin gördüyü, görəcəyi işlər haqqında məlumat verir, daha çox informasiya çatdırmağa çalışır.
 
Biz isə onu işindən ayırıb aktyorluq-rejissorluq sənətinə qaytarırıq, incəsənətdən məmurluğa gələn həyat yolunu öyrənməyə çalışırıq.
 
- Əvvəl kinostudiyada işləyirdim, uğurlarım da var idi. O zaman gənc idik, ideyalarımız var idi, özümüz sərbəst şəkildə filmlər çəkmək istəyirdik. Planlarımız belə idi. Zaman elə gətirdi ki, Sovet hökuməti dağıldı. Bizə də pul qazanmaq, ailəni dolandırmaq, yaşamaq lazım idi. O zaman Dəmiryolu İdarəsinə mətbuat xidməti vəzifəsinə düzəldim və bu günə qədər burada işləyirəm. Bizim film çəkmək üçün avadanlığımız, aparaturamız var idi, onlar bunu görüb bəyəndilər. Ancaq şərt kəsdim ki, kino ilə də əlaqəni kəsməyəcəyəm. Razılaşdılar və mən burada işə başladım.
 
- Rejissor olmağınızın mətbuat xidmətindəki işinizə faydası oldumu?
 
- Biz təkcə mətbuat xidməti vəzifəsini yerinə yetirmirik, həm məlumatlar yayırıq, həm də bu qurumun tarixini yaradırıq. Hazırda Azərbaycan və rus dillərində dəmiryolun tarixi və bu günü haqqında film hazırlayırıq.
 
- Jurnalistlərlə probleminiz olurmu?
 
- Jurnalistlərlə heç bir problemin olmur. Telefonum 24 saat açıqdır və gecənin bir yarısı da hansısa hadisə baş veribsə, mən jurnalistlərin zənglərini cavabsız qoymuram.

- Təmsil etdiyiniz idarə haqqında mətbuatda neqativ məlumat gedərsə, o zaman reaksiyanız necə olur?
 

“Hər suala cavab vermək üçün icazə almalıyamsa, o zaman burada nə işim var?”

 
- Bizim qurumla bağlı hansısa məlumat gedibsə, dərhal dövrəyə giririk. Həmin yazıya və ya video süjetə baxırıq, jurnalistlərlə əlaqə yaradırıq. Düzgün tənqiddirsə, razılaşırıq. Yox, əgər səhvdirsə, təkzib verdiririk. Tamaşaçıda, oxucuda yaranan hər bir suala biz aydınlıq gətirməliyik. Bəzən qatarda qəza olması ilə bağlı sensasiyalı xəbərlər yayırlar. Biz sərnişin daşıyırıq və təkcə onun təhlükəsizliyi yox, onun yaxınlarının narahatlığı da bizim üçün önəmlidir. Saytlar istəyir ki, xəbərdən sensasiyalı başlıq çıxartsınlar ki, daha çox oxunsun. Ancaq mən həmişə xahiş edirəm ki, bu qatardan istifadə edənlərin yaxınlarını da nəzərə alsınlar. Kiminsə, uşağı yoldadır, kiminsə, valideyni. Gərginlik yaratmaq lazım deyil. 
 
 
 
- Bəs, mətbuat xidməti ilə jurnalistika arasındakı fərqi necə qəbul edirsiniz? 
 
- Mətbuat xidməti təmsil etdiyi nazirliyin, idarənin bir növ güzgüsü və müdafiəçisidir. Jurnalist isə sərbəstdir, istədiyini yaza bilir. Ancaq elə anlar olur ki, mən istədiyimi deyə bilmirəm. Məmur idarənin mənafeyini qorumalıdır. Fərq ordadır. 

- Siz özünüzü daha çox məmur kimi hiss edirsiniz, yoxsa jurnalist? 
 
- Mən özümü daha çox jurnalist kimi görürəm. Ola bilər ki, kimsə məni məmur kimi görsün. 
 
- Bəzən elə olur ki, faktlar idarənin əleyhinə işləyir, siz isə qurumun mənafeyini qorumalısınız, müdafiə etməlisiniz. Belə anlarda çətinlik çəkirsinizmi? 
 
- Bəli, çətinlik çəkdiyim anlar olur. Ancaq müdafiə eləmirəm. O situasiyada sakitlik yaratmağa çalışıram. Əgər fakt doğrudursa, müdafiə etmək mümkün deyil. Çünki qarşı tərəf də görür hər şeyi. Sanki bir sakitlik yaradırsan. Ancaq bu, çox çətindir. Bir şəxsiyyət kimi fikirləşirsən ki, bu yazıya baxan insan sənin xarakterini necə qiymətləndirəcək? Mətbuat xidməti məmurla jurnalist arasında bir körpüdür. Mən orta mövqedə oluram, ancaq onu da tutmaq çox çətindir. 

- Sualdan qaçdığınız, yayındığınız hallar olubmu?
 
- Yox, heç vaxt qaçmamışam. Kim nə vaxt zəng eləsə, maşında da olsam, qatarda da olsam, dərhal cavab verirəm. Mən jurnalisti də düşünürəm. O, həmin informasiyanı yazıb maaş alır, qonorar alır. Üstəlik redaksiya rəhbərliyi tərəfindən verilən tapşırığı yerinə yetirməlidir ki, redaktor qarşısında pis vəziyyətdə qalmasın.  
 
 
 
- Nadir müəllim, mətbuata müsahibə verərkən, rəhbərlikdən icazə alırsınızmı? Razılaşdırırsınızmı?
 
- Yox. Əgər mən hər sözü rəhbərliklə razılaşdırmalıyamsa, hər suala cavab vermək üçün icazə almalıyamsa, o zaman burada nə işim var? Məndən bu tələb olundu, ancaq imtina etdim. Mətbuat xidməti öz iradəsini ortaya qoymalıdır. Bəzən müsahibəyə gedəndə soruşurlar ki, de görək nə deyəcəksən? Mən bildirirəm ki, nə soruşsalar, ona uyğun da cavab verəcəyəm. 
 
- Gələk sənətinizə... Jurnalistlərlə münasibətinizdə aktyorluq bacarıqlarınızdan istifadə edirsinizmi? 
 
- Əlbəttə, insanlarla daha çox səmimi olmağa çalışıram. Özümü məmur kimi aparmıram. Əgər kimsə, bu otağa əsəbi şəkildə giribsə, situasiyanı dəyişməyi bacarıram. Söhbət edib onu sakitləşdirirəm. 
 
- Paralel olaraq, aktyorluq fəaliyyətinizə davam edirsiniz? 
 
- Sonuncu dəfə “Sonuncu fəsil” serialına çəkilmişəm. Orada çəkilmişdim. Fürsət olduqca, filmlərə çəkilirəm. Çünki içimdə o istək var. Söhbət maddiyatdan getmir, mən özümdə mənəvi sakitlik yaradıram ki, axı mən bu sənətdə idim, bunu oxumuşdum, əziyyətim hədər getmədi. Əvvəlki, filmlərdə rol almışam. “Qara volqa”  filmində müstəntiq rolunda çıxış etmişəm, “Şeytan göz qabağında” filmində “KamAz” sürücüsü və sair. Yadda qalan obraz odur ki, gərək kiminsə yadında qalasan. Məni görənlər çox vaxt aktyor kimi xatırlayır. Çünki, mən özümü məmur kimi aparmıram. 

- Mətbuat xidmətinə gəlməsəydiniz daha böyük aktyor ola bilərdiniz. Belə düşündüyünüz hallar olurmu?


 
- Təbii ki, daha böyük aktyor olardım. Çünki o vaxt filmə maraq və istək var idi. İndi isə hər şeyi maliyyə həll edir. Əvvəl hökumət pul verirdi və biz də həvəslə çəkirdik. İndi isə kim pul verirsə, o, sənə həm də göstəriş verir ki, filankəsi çək və sair. Mən isə istəyirəm elə bir film çəkim ki, insanlar ona baxıb dincəlsinlər, tərbiyə götürsünlər. Ancaq indi maliyyə baxımından kimdənsə asılı olursan və orada yaradıcılıq ola bilməz. Yaradıcılıq gərək sərbəst olsun. 

- Müşahidə etdim, siz idarədəki işinizlə müqayisədə, aktyorluq haqqında danışarkən daha həvəslə, daha canlı danışırsınız. 
 

““Fakt doğrudursa, təmsil etdiyim idarəni müdafiə edə bilmirəm, çalışıram ki, sakitlik yaradam"

 
- Yenə dəli könlüm düşüb, gözlərinin xəyalına,
 
Bilməm bu könlümün fikri nədir, xəyalı nə... (gülür). Görünür, öz aləmimdə mən daha çox aktyoram.
 
İdarədəki söhbətimizin ardından, Nadir Əzməmmədovla birgə, dəmiryol vağzalına, idarənin əvvəllər yerləşdiyi tarixi binaya yollanırıq. Müsahibim burada da rejissorluğundan qalmır və bu vağzalı necə görmək istədiyindən danışır.
 
- İstəyirik burada gözəl bir kafe olsun. Qonaqlar gəlir, sevgililər gəlir. Qızla oğlan oturub söhbət etmək istəyir. Burada bir gül satan yer olmalıdır ki, oğlan qızı yola salanda ona bir gül alıb verə bilsin. “Gün keçdi” filmində var ha, qatar gedir, qız əl eləyir. Bax onu da nəzərə almaq lazımdır. Qatar sanki bir ayrılıq simvoludur. Əksər filmlərdə ayrılıqlar məhz qatar yolunda baş verir...
 
- Bir sözlə, burada qatar romantikası yaratmaq istəyirsiniz.
 
Nadir müəllim bizi, Dəmiryol İdarəsinin tarixi binası ilə də tanış edir, binanın özəlliklərindən danışır.
 
- Bu bina XIX əsrin memarlıq abidələrindən biridir, 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının layihəsini xarici memar və rəssamlar işləyib. 1977-ci ildə isə Bakı-sərnişin stansiyasında 10 yeni vağzal binası tikilib.
 
Söhbətimizin qeyri-rəsmi hissəsi çay süfrəsində davam edir. Daha sonra Nadir müəllimlə sağollaşıb ayrılırıq. Bizdən sonra kinostudiyadan gələn qonaqları qəbul edir və onlarla birgə vağzalda film çəkilişini planlaşdırır.
 
Ayrılarkən də müsahibim zarafatında qalmır: “Elə yazın məni işdən çıxarmasınlar haa...” (Gülür)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.