banner
banner

Gündəm

Azərbaycanın viza problemi: XİN ittihamlarla razılaşmır

Azərbaycanın viza problemi:
Azərbaycan “Dünyanın ən çətin viza alınan” 10 ölkəsi siyahısındadır. Bu barədə Böyük Britaniyanın “Wanderlust” jurnalında məlumat yayılıb. Jurnal Azərbaycana vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olduğunu iddia edir. Məlumat ölkə mətbuatının da diqqətini cəlb edib.
 
Bir sıra tanınmış politoloqlar da bildirirlər ki, turizmin inkişafına diqqət ayırmağa çalışan Azərbaycan üçün bu göstərici heç də ürəkaçan deyil. Xüsusən də postneft dönəmində turizmin inkişafı və xarici investorların ölkəyə cəlb edilməsi üçün sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi zəruridir. 
 
Doğrudur, Azərbaycan hökuməti son vaxtlar viza şərtlərinin sadələşdirilməsi istiqamətində tədbirlər görüb. Məsələn, 2013-cü ilin noyabrında Vilnüs şəhərində Avropa Birliyi və Azərbaycan arasında “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində viza liberallaşdırılması, 28 fevral 2014-cü ildə isə readmissiya sazişi imzalanıb, on-line anket forması və ərizə qəbulu sahəsində mütərəqqi dəyişikliklər edilib. Lakin atılan addımlar bir çox problemlərin aradan qaldırılması üçün kifayət etmir. 
 
Xüsusən də İran dövlətində yaşayan soydaşlarımız ölkəmizin viza rejiminin çətinliyindən şikayətlənirlər. Soydaşlarımız bildirirlər ki, iki ölkə arasında viza rejimi nə qədər sadələşdirilsə, bir o qədər gediş-gəliş artar, dostluq və ticarət əlaqələri daha da güclənər. 
 
Bəs görəsən, Azərbaycan hökuməti niyə viza rejiminin liberallaşdırılmasına maraq göstərmir?


Tanınmış politoloq, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev məsələnin 3 əsas səbəbi olduğunu deyir: “Birinci səbəb, Azərbaycana başqa ölkələrdən qaçqınların gəlməsinin qabağını almaqdır. Statistikaya nəzər yetirsək görərik ki, əslində Azərbaycana qaçqın çox az gəlir. Məsələn, bu günədək Suriyadan cəmi 4 ailə gəlib. İkinci səbəb,  xarici investorların ölkəyə gəlməsinin qabağını almaqdır. Hakimiyyət istəmir ki, başqaları bura gəlib investisiya qoysun. Bütün sahələrə hakimiyyət yalnız özü nəzarət etmək istəyir. Üçüncü səbəb,  ölkəyə insan haqları ilə məşğul olan şəxslərin, jurnalistlərin gələ bilməsini əngəlləməkdir”. Politoloq qeyd edir ki, viza rejiminin çətinliyi turizmin inkişafını ləngidir: “Son vaxtlar ölkəyə gələn turistlərin sayı xeyli azalıb. Normal hakimiyyət hər şeyi liberallaşdırar ki, investisiyalar qoyulsun, turistlər gəlsin, şərait yaradılsın və sairə”. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə açıqlamasında bildirib ki, ölkədəki viza sistemi kifayət qədər optimal xarakter daşıyır və asanlaşdırılmış qaydada tətbiq edilir:
 
“Birinci növbədə Böyük Britaniyanın ”Wanderlust" jurnalının hansı məlumatlar, faktlar əsasında belə bir siyahını tətbiq etməsi çox böyük suallar doğurur. Nazirlik tərəfindən dərhal bu məsələyə münasibət bildirildi və qeyd edildi ki, adıçəkilən jurnal tərəfindən hazırlanan siyahının heç bir əsası yoxdur və qərəzli xarakter daşıyır. Nəzərinizə çatdırmaq istəyirəm ki, “Wanderlust” jurnalının bir neçə əməkdaşı bir müddət bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişdi. Və onlar işğal edilmiş ərazilərimizi dırnaqarası şəkildə, turizm imkanları olan yer kimi qeyd etmişdilər. 

Bunun üçün həmin jurnalın əməkdaşlarından biri ölkəmizin  “arzuolunmaz siyahı”sına daxil edilib. 
 
Qeyd edim ki, Azərbaycanın viza rejimi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə əsaslanır. Bu sistemdə XİN-lə bərabər ölkəmizin digər aidiyyəti dövlət qurumları da iştirak edir. Belə ki, səfirliyimiz tərəfindən hər hansı viza sorğusu qəbul edilir və həmin sistemə yüklənilir. Sistem vasitəsilə də digər dövlət qurumları ora çıxış əldə edir, sənədlərə baxış həyata keçirilir və yekun cavab elektron formada bildirilir". 
 

Hikmət Hacıyev Azərbaycanda viza qanunvericiliyinin Miqrasiya Məcəlləsi ilə tənzimləndiyini bildirib:“Məsələn, Azərbaycanda viza sorğularının müddəti 10 gündür, əlavə araşdırma tələb olunan təqdirdə isə 15 günə qədər çəkə bilər. Bu, kifayət qədər optimal vaxt müddətidir. Turistlər üçün elektron viza təşkil edilir və 10 gün ərzində baxılır. Əslində bu daha qısa müddətdə həyata keçirilir. Çünki 10 gün maksimum həddir. Şənbə-bazar günləri də icra müddətinə daxildir. Elektron vizanın həyata keçirilməsi ilə məşğul olan turizm şirkətləri isə Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçirlər. Bundan başqa, Azərbaycanın imzaladığı ikitərəfli və çoxtərəfli sazişlər də var. Məsələn, Azərbaycan və Avropa İttifaqı arasında vizanın sadələşdirilməsi haqqında qanun 1 sentyabr 2014-cü ildən qüvvədədir və qarşılıqlı şəkildə 10 gün ərzində vizaların rəsmiləşdirilməsi təmin olunur. 
 
1 fevral 2016-cı il tarixindən etibarən isə Azərbaycan tərəfindən, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur və sairə ölkələrə sadələşdirilimiş viza rejimi tətbiq olunub. Həmin ölkələrin vətəndaşları Bakı Hava Limanında öz vizalarını ala bilərlər. Bu qayda 10 noyabr tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilib. Türkiyə və İsrail vətəndaşları üçün də bu keçərlidir. Təbii ki, vizaların tətbiq olunmasında Azərbaycanda daxili əmək bazarının, ölkədəki təhlükəsizliyin  qorunması və sairə digər meyarlar var. Bunlar da kompleks şəkildə nəzərdən keçirilir. Ümumilikdə bizim viza rejimimiz turizmin təşviqinə, biznes əlaqələrinin inkişafına xidmət edəcək bir formadadır". 
 
XİN əməkdaşı İran-Azərbaycan arasındakı viza rejimindən də söz açıb: “İran İslam ölkəsinin vətəndaşlarına eyni qaydada viza rejimi tətbiq olunur.  Real göstəricidir ki, Azərbaycana səyahət edən şəxslərin sayı ildən-ilə artır. Beləliklə, viza rejimi İran-Azərbaycan arasında dostluğa xidmət edəcək formadadır”. 
 
"FLY Travel" şirkətinin rəhbəri Məmməd Əliyev isə bildirdi ki, bu il İrandan Azərbaycana gəlmək istəyən turist demək olar ki, yoxdur: “3-4 il bundan əvvəl Novruz bayramı ərəfəsində İrandan çoxlu sayda insanlar, ailələr gələrdi. Onlar şəhərlərimizi gəzir, daxili turlara gedirdilər. Əlbəttə ki, bu da turizmin inkişafına xeyli təsir göstərirdi. Amma bu il İrandan demək olar ki, turist gəlmir”. 

Şirkət rəhbəri onu da vurğuladı ki, hökumətin viza sahəsində gördüyü son tədbirlər də problemi aradan qaldıra bilmir: “Heç bir dəyişiklik yoxdur. Sadəcə, əvvəl viza üçün  60 avro tələb olunurdusa, indi bu qiymət 35 avroya endirilib. Və yaxud əvvəllər xarici vətəndaşlar Azərbaycana gəlmək üçün vizaları 10 gün ərzində  hazırlanırdısa, indi hava limanındaca əldə edə bilirlər. Lakin vizanın asanlaşdırılması üçün ancaq bu addım atılıb. Yeni heç bir şey yoxdur”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.