Bir müddət əvvəl paytaxtda, mikrorayonlardakı binaların sökülüb yenidən tikilməsi barədə verilən açıqlamalar daşınmaz əmlak bazarına diqqət çəkir. Ekspertlər bu cür açıqlamaların əmlak bazarına və tikinti sektoruna hansı təsiri göstərəcəyi barədə fərqli proqnozlar verirlər. Üstəlik, bunun tikinti bumu yaradıb-yaratmayacağı da müzakirə edilir. Hökumətin layihəyə hansı şəkildə dəstək verəcəyi də maraq doğurur.
Bu arada Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarındakı köhnə binaların söküləcəyi barədə artıq qərar verilib.
"Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edib. Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbayel Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinə aidiyyəti üzrə 5 il müddətinə öz ərazilərində qəzalı, şəhərin görünüşünə xələl gətirən binaların sökülməsi ilə bağlı tapşırıqlar verilib...
Ekspert Rəşad Əliyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, tikinti işlərinin tamamilə özəl şirkətlər tərəfindən həyata keçirilməsi nəzərdə tutulub: “Tikinti şirkətləri çox hallarda bundan mənfəət əldə edə bilməyəcəklər. Bu səbəbdən layihə onlara maraqlı görünməyəcək. Mikrorayonlarda yüz minlərlə insan yaşayır. Əgər tikinti şirkəti həmin ərazini söküb yerində təzə bina tikirsə, xərcləri bağlamaq üçün gərək ümumi sahəni artırsın. Mənzillərin də sayı iki dəfədən çox artmalıdır. Yəni bütün layihəni bu formada həyata keçirmək qeyri-mümkün olacaq. Çünki mikrorayonların əhalisi çoxdur, mənzillərin sayının artırılması orada sıxlıq yaradacaq. Yəni nəzəri cəhətdən bütün binaların o formada yenidən sökülüb tikilməsi qeyri-mümkün olacaq. Sıxlıq yaradacaq. Həm də yüz minlərlə insanı haradan tapacaqlar ki, orada yerləşdirsinlər? Layihənin bu formada həyata keçirilməsi nəzəri cəhətdən də mümkün deyil. Dövlət də buna getməyəcək. Bu cür açıqlamaları, təklifləri birinci dalğa hesab etmək olar. Bu, ondan ibarətdir ki, elə ərazilər var, həqiqətən də binanı söküb yerində yenisini tikmək sərf edir. Bu, azmərtəbəli binalara, yaxşı yerləşməsi olan binalara aiddir. Dövlət çalışır ki, bu işlərə pul xərcləməsin. Birinci dalğada müəyyən işlər görmək istəyirlər. Hansı layihələr sərf edirsə, onu gerçəkləşdirəcəklər. Bütün mikrorayonları o forma ilə söküb tikmək nəzəri cəhətdən mümkün deyil, dövlətə də lazım deyil, çünki orada sıxlıq yaranacaq. Biz bütün hallarda böyük yenidənqurma işlərini görə bilməyəcəyik. Daşınmaz əmlak bazarındakı mövcud qiymətlər də o səviyyədədir ki, layihəni reallaşdırmaq mümkün deyil. Alıcı kütləsi yoxdur. O qədər mənzili necə satacaqlar? Mənzillərin çox çətin satılması layihənin rentabelliyini, həyata keçirilmə qabiliyyətini çox aşağı salır. Harada sərf edirsə, orada iş görəcəklər. Bu cür yerlər az olacaq”.
Ekspertin sözlərinə görə, tikinti şirkətlərindən məhdudiyyətsiz həcmdə söküntü və tikinti işləri haqda təkliflər qəbul ediləcək: “Təklifə əsasən, tikinti şirkəti öz vəsaiti hesabına binanı sökür və yerində yenisini tikir. Tikinti şirkəti bu halda layihələndirməni elə aparmalıdır ki, həm orada yaşayan insanları evlə təmin etsin, həm bütün xərcləri çıxartsın, həm də sonda mənfəət əldə etsin. Bu isə mərtəbənin çox olması və torpaq sahəsindən optimal istifadəsi nəticəsində mümkün olacaq. Məsələn, 5 mərtəbəli binanın yerinə 16 mərtəbə tikiləcək, yaxud 2 ədəd 5 mərtəbə əvəzinə 3 ədəd 16 mərtəbə tikiləcək və s. Burda layihələr müxtəlif ola bilər. Sözsüz ki, bu layihələr son nəticədə nəzərdən keçirilib şəhərsalma və tikinti qaydalarına uyğunluğu yoxlanacaq. Çünki tikinti şirkətinə qalsa, orda boş yer saxlamaz”.
Ekspertin sözlərinə görə, dövlətin burada öhdəliyi həmin yeni binaları lazımi infrastrukturla təmin etmək olacaq: “Yəni dövlət birbaşa olaraq tikinti prosesinin özünə pul xərcləməyəcək. Dövlət ancaq infrastruktur təminatı və inzibati dəstəyi həyata keçirəcək".
Qeyd edək ki, əksər ekspertlər mənzillərin qiymətlərinin aşağı düşəcəyini proqnozlaşdırılar. Ekspert Nüsrət İbrahimov da bildirir ki, qiymətlərdə eniş hələ bir müddət davam edəcək. Onun hesablamalarına görə, hazırda əmlak bazarında qiymətlər 22 faiz, konkret mənzil bazarındasa bundan bir qədər çox - 26 faiz azalma var. Buna baxmayaraq, qiymətlər hələ də reallıqla uzlaşmır. Ekspertlər ötən il mənzil bazarında qiymətlərin 24-28 faiz azaldığını vurğulayırlar. Həmçinin qeyd edilir ki, mənzil bazarındakı böhran dövlətə bəzi sosial layihələri həyata keçirmək üçün imkan yaradır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.