Bu rayon Mahir Quliyevin işğalı altında inildəyir, əhali və sahibkarlar qan ağlayır... Söhbət Biləsuvar rayonundan gedir...
Biləsuvar rayonu İranla sərhəddə yerləşən və strateji əhəmiyyət daşıyan yaşayış məntəqəsidir. Normal dövlətlərdə belə rayonların rəhbərliyi daha ayıq-sayıq, çevik, təcrübəli olmalı, operativ işləməlidir ki, hər hansı xoşagəlməz olay, təxribat baş verməsin, dövlətçiliyə zərər verə biləcək digər hadisələr yaşanmasın.
Biləsuvarın icra başçısı Mahir Quliyev isə... Rayon sakinləri onun rayondan daha çox Bakıda olduğunu deyir. M.Quliyev həmişə rayonu “dana oğrularının dayısı” adını qazanmış müavini Akif Kazımova etibar edərək öz işləri ilə məşğul olmağa üstünlük verib. Münasibətləri pozulduqdan sonra isə A. Kazimov vəzifəsindən azad edilib. Amma qoyduğu ənənə hələ də davam edir. Yenə də başçının bütün işlərini, onun yerinə təyin edilən muavin icra edir.
Arayış üçün deyək ki, A.Kazımovun qohumları, hətta bacısı uşaqları dana oğurluğuna görə həbs olunmuşdular. Bu məsələnin üstü isə rayon sakinlərinin şikayətindən sonra açılmışdı. Bununla bağlı həm Biləsuvar, həm də Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrılıqda əməliyyat keçirərək müavinin bacısı uşaqlarını həbs etsələr də A.Kazımovun işə qarışmasından sonra onları azad ediblər. Elə o vaxtdan müavinə “dana oğrularının dayısı” deyilir.
Rayon camaatını acından öldürən başçı...
Rayon camaatı səfalət içində yaşayır. Çünki başçı kəndlilərə məxsus torpaqları zəbt edib, özü üçün təsərrüfat yaradın. Əhalini günü 1 manata işlədir. Amma təsərrüfata milyonlar xərcləyir. Xarici ölkədən toxum, müxtəlif avadanlıqlar gətirdib, biznesini genişləndirir. Kəndlilər isə gözünü mövsümdən-mövsümə işləyəcəkləri bir manata dikiblər. Sakinlər üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir.
Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə yaxına belə buraxmırlar. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar çarəsizlik içindədir.
Sovrulan milyonlar…
Kəndliləri az qala quldarlıq dövründəki kimi haqqlarını tapdayan Mahir Quliyev əkdiyini biçib. Məzlum insanların ahını alan icra başçısından, etdiyi əməl ahəstə-ahəstə çıxıb. Beləki, Mahir Quliyev 2011-ci ildə Biləsuvara icra başçısı təyin olunandan az sonra iaşə, qida sektoruna öz “töhfəsini” verməyə çalışıb. Bu məqsədlə rayonda özünə böyük təsərrüfat qurmağa başlayıb: “Mahir Quliyev keçən ilin yanvarında rayonun girəcəyində - Xırmandalı kəndi ərazisindəki münbit torpaqlarda 4 hektar əkin sahəsinə yiyələnərək orada istilikxana tikdirməyə başlayıb. Tikinti işləri bütün 2012-ci il boyunca davam edib. İstilikxana ən müasir texnologiyalardan istifadə edilməklə tikilib. İnşaat işlərində Türkiyədən və Bakıdan gəlmiş mühəndislər çalışıb. Avadanlıqlar isə Türkiyədən gətirilib. İcra başçısının məqsədi həmin istilikxanada pomidor, xiyar, bibər, badımcan, kələm və s. bu kimi tərəvəzlər əkib bölgəni il uzunu, xüsusən də qışda təzə tərəvəzlə təmin etmək olub. Bu məqsədlə ilin əvvəlində şitil əkininə başlanıb. Şitillər də Türkiyədən gətirilib əkilib. Onlara qulluq, ümumiyyətlə, təsərrüfatın idarə olunması üçün Türkiyədən aqronomlar da dəvət olunub. Amma Mahir Quliyevin yüz min manatlarla xərc çəkdiyi bu layihəsi batıb. Belə ki, onun əziyyətlə becərdiyi dirriyi yanıb. Səbəb türk aqronomların icra başçısı ilə pul mübahisəsi üzündən işləri yarımçıq qoyaraq geri dönməsi olub. Yerli tərəvəzçilər isə yeni texnologiyalara əsaslanan istilikxananı işlədə bilməyiblər. Hər şey bir anda batıb gedib”
Kimdir Mahir Quliyev?
Yəqin ki, səriştəsiz icra başçısının gerçək kimliyi hər kəsə maraqlıdır. Bizə də maraqlı gəldi, görəsən, sosial çaxnaşmaya səbəb yaradan, Prezident İlham Əliyevin apardığı bu qədər islahatı görməzdən gəlib, əhalini bir qarın çörəklə imtahana çəkən Mahir Quliyev əslində kimdir?

-Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Onun haqqında maraqlı faktlardan biri də budur ki, Mahir Quliyevin heç bir ali təhsili olmayıb. Əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayıb. Quliyev yalnız 38 yaşına çatanda təhsil haqda düşünməyə vaxt tapıb. Bu isə ona vəzifə tutması üçün lazım olub, əks halda onun təhsil heç yadına da düşməzdi. Beləliklə yalnız 2000-ci ildə Bakı şəhərində heç kəs tərəfindən tanınmayan “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirən hazırkı icra başçısının keçdiyi həyat yoluna nəzər salmaqda davam edək.
O, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdi. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Ofisiantlıqdan icra başçılığına qədər uzanan yol…
Şüurlu fəaliyyətinin böyük bir hissəsini ictimai iaşə sektorunda çalışan Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil” restoranından işləyib. İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, “Sahil” restoranının admnistratoru olur. Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan “Sahil”ə məmurlar davamlı olaraq gəlirmişlər.

Bu tərcümeyi-haldan da göründüyü kimi, həyatının ən məhsuldar illərində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən Mahir Quliyevin, icra başçısı olmazdan əvvəlki ən böyük vəzifəsi bələdiyyə sədrinin müavini olub, o da vur-tut 2 il. Yəni dövlət idarəetməsində 1 gün belə işləməmiş bir şəxs, hansısa himayədarın sayəsində icra başçısı kimi mühüm posta təyinat alıb?!
Kafe-restoranlarda fəaliyyətə başlayan və dünyagörüşü kafe-restoranın kvadratı qədər olan başçı, rayondakı mədəniyyət obyektlərini dağıdıb, yerində ticarət mərkəzləri tikdirib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bu mağazalarda isə M.Quliyevin qoçu dəstəsinin qonşu İrandan gətirdiyi ərzaq və onun əkin sahəsində becərilən tərəvəz məhsulları satılır.
Prezidentin ayırdığı dövlət vəsaiti hara gedib?
Prezident İlham Əliyevin rayon üçün ayırdığı 2.8 milyon manatı da batırıb. Ayrılan vəsaitin vaxtından 2 il keçsə də, ortada heç bir nəticə yoxdur. Sakinlər bildirir ki, kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də buraxılıb. 4 ildir ki, heç bir iş görülmür. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını xəbərdar ediblər. Lakin buna məhəl qoyulmayıb. Sakinlər qeyd edir ki, nəzərdə tutulan işlər üçün əvvəlcə ayrılmış dövlət vəsaitinin hara xərcləndiyi bilinməsə də, yenidən pul ayrılıb, amma yenə də işlər görülmür. Nəticə də isə rayon sakinləri illərdir ki, yolların bərbad durumundan əziyyət çəkir. Yolların dağınıq vəziyyətdə olması sakinlərin avtomobillərini sıradan çıxarır.

Rayon sakinləri aidiyyatı orqanlardan davam edən bu acınacaqlı vəziyyətə son qoyulmasını istəyir. Burada əhali sadəcə maddi problemlərdən deyil, həm də sosial problemlərdən əziyyət çəkir. Təbii ki, icra başçısının yarıtmazlığı ucbatından.
6 ildir fəaliyyət göstərən Mahir Quliyev Biləsuvar üçün bir dənə də olsun iş ortaya qoya bilməyib. Vəzifəyə təyin edildiyi gündən, soyub talamaqla məşğuldur.
Bu şəxs, Biləsuvarı Azərbaycanın az qala ən geridə qalmış bölgəsinə çevirib. Görünən budur ki, əgər Mahir Quliyev bir-iki il də vəzifədə qalarsa, o zaman Biləsuvarda ümumiyyətlə yaşayış mümkünsüz bir həddə çata bilər. Elə biləsuvarlılar da bunu bildiklərindən indidən həyəcan təbili çalaraq, dövlət başçısı İlham Əliyevdən yardım istəyirlər.
Mövzunu davam etdirəcəyik…
Cia.az


