banner
banner

Hərbİ

Cəbhədə gərginlik daha da artır-ermənilər Şuşaya qaçır

Cəbhədə gərginlik daha da artır-ermənilər Şuşaya qaçır
Ötən həftə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşdi, düşmən azğınlıq nümayiş etdirərək hətta dinc sakinlərin yaşadığı kəndlərimizi də mərmi atəşinə tutdu. Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Düşmənlə döyüşdə silahlı qüvvələrimizin iki hərbçisi şəhid olub.
Azərbaycan Müdafiə Nazirliyi zabit və əsgərimizin düşmənin diversiya həmləsinin qarşısını alarkən şəhid olduğunu təsdiqləyib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb: “Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri də münaqişədə iştiraka sövq etməyə çalışır. 
 
Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib”. Məlumatda bildirilir ki, düşmənlə baş verən döyüş toqquşmasında silahlı qüvvələrimizin zabiti, leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verib və səbir diləyib.  
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə Nazirliyi bildirir ki, həmin istiqamətdə əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları növbəti dəfə ermənilərin təxribatlarını qınayaraq baş verənlərə müvafiq qiymət verməyə çağırır.
 
 
Ermənistan Müdafiə Nazirliyi isə itkiləri gizlətməkdədir. Qeyd edək ki, ötən həftə sonu Azərbaycan Müdafiə Nazirliyi düşmən mövqelərinə artilleriya-minomyot zərbələrinin endirilməsi kadrlarının pilotsuz uçan aparatdan çəkilmiş görüntülərini yaymışdı. Həmin zərbələr nəticəsində düşmənin ən azı bir hərbi maşınının yanaraq məhv olduğu, həmçinin işğalçı ordunun səngərlərində eyni vaxtda bir neçə mərminin partladığı aydın görünürdü. 
***
Qarabağdakı gərgin vəziyyət bir sıra ölkələrin mediasının diqqət mərkəzindidir. Türkiyə mətbuatı Azərbaycan-Ermənistan sərhədindəki döyüşlərdən və ordumuzun şəhidlər verməsindən yazıb. Rusiyanın gazeta.ru portalının müxbiri isə Qarabağdan reportaj hazırlayıb. Reportajda Qarabağ münaqişəsinin tarixçəsindən bəhs edilir və onun dünyada analoqu olmayan münaqişə olduğu bildirilir. Virtualaz.org xəbər verir ki, rusiyalı jurnalist Aleksandr Rıbin Qarabağdakı erməni işğalçı qüvvələrinin zabitlərinin müşayiəti ilə düşmənin təmas xəttinin Ağdam istiqamətində yerləşən mövqelərindən birində olub. O yazır ki, erməni qüvvələrinin müdafiə sistemi bir neçə xətdən ibarətdir: tranşeylər, artilleriya və texnika üçün mövqelər. Müdafiə xətlərinin arasında dağıdılmış kəndlərin xarabalıqları yerləşir. Ətrafda geniş çöllərdir, əkin-səpin yoxdur. Ancaq yaxınlıqdakı kəndlərdən ermənilər ora heyvan otarmağa gəlir. Atışma başlayan kimi hərbçilər heyvanları və çobanları evakuasiya edir.
 
Jurnalist yazır ki, təmas xəttindəki erməni mövqelərinə getmək üçün üç il əvvəl qazılan xəndək-yollarla hərəkət etmək lazımdır. Yoldan bir neçə kilometr aralıdan dərin tranşeylər başlayır, onlarla ancaq piyada getmək mümkündür. Tranşeylərin divarları və dibi çox güman ki, Ağdamın talan edilən üzümlüklərindən sökülüb daşınmış beton dirəklərlə döşənib. Müxbiri müşayiət edən Aşot adlı mayor deyib ki, mövqeləri betonla iki il əvvəldən başlayaraq bərkidiblər. Çünki torpaq örtük minomyot zərbələrinə davam gətirmir. Jurnalist ermənilərlə də həmsöhbət olub. “Yeməkxana da əvvəl açıqda idi, ancaq bağlamaq, betonlamaq lazım gəldi. Yeməkxananın damı ağır artilleriyanın ən azı bir zərbəsinə davam gətirə və döyüşçülərə öz mövqelərini tutmağa imkan verə bilər”-Aşot deyib. Daha sonra rusiyalı jurnalist Xankəndindən və Şuşadan bəhs edir, Şuşanın “xəyalət şəhərə” çevrildiyini yazır. Bildirilir ki, müharibəyə qədər şəhərdə 50 mindən çox azərbaycanlı yaşayırdı, indi isə xarabalıqdır. Şəhərin təkcə mərkəzi küçəsi asfaltlaşdırılıb və hazırda Şuşada 5 minə qədər erməni yaşayır. Qalan küçələr və məhəllələr isə xarabalıqdır, şəhərin qədim məscidləri də dağıdılıb.
 
Çoxmərtəbəli binalar xarabalıqlara çevrilib, yarıuçuq vəziyyətdədir. Müxbir yazıb ki, döyüşlər qızışandan bəri təmas xəttinə yaxın kəndlərdən ermənilər qaçıb Şuşaya yerləşir: “Məsələn, martın əvvəlindən Xocavənd rayonunun kəndlərindən Şuşaya qaçanlar var. Onlardan biri-Ani adlı erməni qadın deyir ki, mərmilər evinə çox yaxın başladığından martın əvvəllərində Şuşaya yerləşib. Bildirilir ki, Şuşada Suriyadan olan 60-a yaxın erməni ailəsi də məskunlaşdırılıb”. Jurnalist xatırladıb ki, 90-cı illərin əvvəllərində Suriya erməniləri də döyüşmək üçün Qarabağa gəlmişdi. Rusiyalı jurnalist belə qənaətə gəlir ki, Qarabağ münaqişəsini həll etmək Suriya münaqişəsinin həllindən daha qəliz görünür...
 
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Yeni Müsavat”a dedi ki, Qarabağda yaşayan azsaylı ermənilər bu torpaqların Azərbaycana məxsus olduğunu yaxşı bildikləri üçün özlərini “tikan üstündə oturmuş” kimi hiss edirlər: “Son vaxtlar Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr vurması erməniləri ciddi şəkildə təşvişə salıb. Ermənilər bilir ki, onların arxasında dayanan qüvvələr onları sonadək müdafiə etməyəcək. Üstəlik də ermənilər orduya etibar etmədikləri üçün gərginlik yaranan kimi Şuşaya qaçıb orada gizlənirlər. Hər halda, Şuşa hündürlükdədir və cəbhədən oraya 50 km-lik məsafə var. Amma orda bir ovuc erməni yaşayır, tək-tük adam qalıb. Kimdir onlara Şuşada normal şərait yaradan? Lap deyək ki, qaçıb Şuşada zirzəmilərdə gizləndilər, nə vaxta qədər gizlənəcəklər?”  
B.Səfərov Qarabağdakı ermənilərə növbəti dəfə çağırış etdi: “Özünüzü ağıllı aparın ki, normal vəziyyətdə yaşayasınız! Bunun üçün çox şey lazım deyil, Azərbaycan qanunlarına tabe olun, normal şəraitdə yaşayın. Əks halda, başqa variant yoxdur, onsuz da biz öz torpaqlarımızı qaytaracağıq. Əgər siz Şuşada, özü də təhlükəsiz yaşamaq istəyirsinizsə, Azərbaycan bayrağının altına keçin, Azərbaycan xalqı ilə birgə, normal şəkildə yaşayın! Şuşaya hara qaçırsınız? Biz onsuz da günün birində Şuşaya gələcəyik, onda hara qaçacaqsınız? Şuşadakı cinayətkar rejimin qucağına hara qaçırsınız?”
Rus jurnalistin yazdıqlarını şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, jurnalist real situasiyanı çatdırıb: “Erməni əhalisi, nəhayət, açıq şəkildə başa düşür ki, cinayətkar Serj Sərkisyan komandası üçün istər Ermənistanın özündə, istərsə də işğal edilmiş Azərbaycan ərazilərində zorla məşkunlaşdırılan şəxslərin taleyi heç bir önəm daşımır. Elə onların yavaş-yavaş ərazilərdən uzaqlaşması da onu deməyə əsas verir ki, əhali sonda çox ağır nəticələrin olacağını hiss edir. Ona görə də onlar bacardıqca həm Ermənistanı, həm də aldadılaraq məskunlaşdırları ərazilərdən sözün həqiqi mənasında qaçırlar”. 
Ü.Cəfərov ermənilərin təşvişini məntiqli sayır: “Çünki Ermənistanın son vaxtlar cəbhə bölgələrinin müxtəlif istiqamətlərində əl atdıqları təxribatlardan cana doyan Azərbaycan Silahlı Qüvvələrinin cavab addımları çox amansız və çox ağır olacaq. Başlaya biləcək ciddi əməliyyatlardan ziyan çəkənlərdən biri də həmin şirin vədlərlə işğal altında olan ərazilərdə məskunlaşdırılan əhali ola bilər. Bu da onları çox ciddi narahat edir”.
 
Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfərlər edənlər bir qayda olaraq XİN-in “qara siyahısı”na salınır. Rusiyalı jurnalist ermənilərin acınacaqlı durumunu çatdırmaq baxımından obyektiv vəziyyəti əks etdirən yazı hazırlasa da, hər halda, o, Azərbaycan qanunlarını kobud şəkildə pozub. Deməli, bunun cavabı olmalıdır.  
XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, gazeta.ru-nun əməkdaşı Aleksandr Rıbinin hazırladığı yazı ilə tanışdır: “Materialdam belə təəssürat yaranır ki, jurnalist qeyri-qanuni şəraitdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Məsələ araşdırılacaq və bu araşdırmanın nəticəsində təsdiqlənsə ki, o, həqiqətən işğal olunmuş ərazilərə səfər edib, onun adı ”qara siyahı"ya daxil ediləcək".  H.Hacıyev onu da bildirdi ki, hazırda “qara siyahı”da 530-a yaxın şəxsin adı var.(musavat)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.