banner
banner

Gündəm

Azərbaycan şəhidlərini dəfn edir

Azərbaycan şəhidlərini dəfn edir
Aprelin 2-də gecə saatlarında erməni tərəfinin atəşkəsi pozması nəticəsində yaranan və iki gün sürən gərginlik Azərbaycan və dünya mətbuatının əsas gündəmi oldu. Son eskalasiya ilə bağlı prezident İlham Əliyev aprelin 2-də keçirilən Təhlükəsizlik Şurasının iclasındakı çıxışına bir dəqiqəlik sükutla başlayaraq, Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətdiyini bildirib. 
 
Çıxışın mətnini təqdim edirik:
 
“Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur.
 
Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Allah rəhmət eləsin. Allah onların qohumlarına, yaxınlarına səbir versin. Yaralananlara Allahdan şəfa diləyirəm. Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin.
Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu.
 
Bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu.
 
Qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır. Biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi ürəyimizdə yaşayır və əbədi yaşayacaq.
 
Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. 
Bir neçə gün Azərbaycan Ordusu özünü çox təmkinlə aparırdı. Mən də göstəriş vermişdim ki, biz təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmışdır, bizim mövqelərimizə hücum çəkmişdir, hərbi helikopterləri işə salmışdır. Azərbaycan Ordusu helikopterin birini məhv etmişdir. Bu, Ermənistana lazım idi. Onların təxribatı idi. Lazım idi desinlər ki, Azərbaycan atəşkəsi pozur. Azərbaycan burada özünü aqressiv aparır və.s.
Bugünkü təxribat da, bax, bu mənbədən gələn təxribatdır. Yenə də bizim mövqelərimizə hücum çəkirlər. Bizim əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra Azərbaycan Ordusu onların başını əzir və indi dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq. Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Əfsuslar olsun ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının çoxsaylı bəyanatları Ermənistan rəhbərliyinə heç bir təsir göstərmir. Bu bəyanatlar ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa dövlətlərinin başçıları dəfələrlə bildirmişlər: status-kvo qəbuledilməzdir.
İşğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin. Onlar özlərini danışıqlar masası arxasında qeyri-səmimi aparırlar... Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.
Bu yaxınlarda Rusiya prezidenti və Rusiyanın xarici işlər naziri digər həmsədrlərlə birlikdə müəyyən təkliflər irəli sürmüşlər. Biz bunu alqışlayırıq. Həm görüş əsnasında və rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz fikirlərini bildirmişlər".
***
 
Qeyd edək ki, son döyüşlərdə 12 Azərbaycan hərbiçisi şəhid olub. Mülki əhalidən də həyatını itirənlər var:artilleriya atəşləri nəticəsində 3 sakin həlak olub, biri 13 yaşlı uşaq olmaqla 5 nəfər yaralanıb, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılıb. Düşmənə heç vaxt unuda bilməyəcəyi amansız zərbə vuruldu. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında düşmənin 10-a yaxın tankının məhv edildiyi, canlı qüvvə sarıdan çoxsaylı itkilər verdiyi qeyd olundu. Döyüşlərin getdiyi vaxt ermənilərin planetaarmenia.ru saytının sensasion etirafı yayıldı. Sayt əməliyyatlarda 100-dən çox erməni əsgərinin həlak olduğunu, 6 tankın sıradan çıxarıldığını, 12-15 artilleriya sisteminin məhv edildiyini açıqlayıb. Ermənistan prezidenti Serj Sərkisyan itkilərin sayını azaltmağa çalışsa da, 18 nəfər hərbiçi itirdiklərini etiraf etməyə məcbur oldu. 

Əməliyyat vaxtı erməni tərəfi məkrli niyyətlərindən əl çəkmədilər. İnternet saytlarında guya Azərbaycan hərbiçilərinin olduğu cəsədlərin fotolarını yaydılar. Amma onların yalanları qısa zamanda ifşa olundu. Belə ki, cəsədlər yay geyimində idi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bununla bağlı mətbuata açıqlamasında deyib: “Ermənilər öz itkilərini pərdələmək üçün hər növ saxtakarlığa əl atırlar. Ermənilərin internet saytlarında yaydığı həlak olmuş Azərbaycan əsgərlərinin meyitlərinin və vurulmuş pilotsuz uçuş aparatının görüntüsü saxtadır. Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir”.
 
Düşmən tərəfin iki günlük döyüşlərdə darmadağın olduğu dünyanın əsas ölkələrinin əməliyyatlar zamanı göstərdikləri mövqelərdən açıq şəkildə göründü. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daim ikili mövqe sərgiləyən ölkələr bu dəfə konkret mövqe qoydular - özü də əməliyyatları dayandırmaqla bağlı. Səbəb də üstünlüyün açıq şəkildə biz tərəfdə olması idi. Əsas canfəşanlığı Rusiya göstərdi. Rusiya rəhbərliyindən kimsə qalmadı, bu əməliyyatlarla bağlı mövqe bildirməsin. Rus telekanalları və saytları susmadılar. Döyüşlər gedən vaxt açıq şəkildə ölkəmiz əleyhinə yazılar, ekspert şərhləri dərc olundu. 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarına başsağlığı verərək, qardaş ölkənin dəstəyini ifadə edib. O, türk xalqının daim Azərbaycanın yanında olduğunu qeyd edib. Türkiyənin müdafiə naziri İsmət Yılmaz  azərbaycanlı həmkarı ilə telefon danışığında Azərbaycan tərəfinin haqlı olduğunu bəyan edib. Türkiyəli generallar İsmayıl Haqqı Pekin, Engin Alan və Əhməd Yavuz da Azərbaycan xalqına başsağlığı verərək, ermənilərin gələcəkdə bu cür təxribatlarının davamlı olacaqlarını istisna etməyiblər. 
 
Ermənistanı dövlət kimi tanımayan Pakistan da Azərbaycana ən böyük dəstəyini nümayiş etdirdi. Pakistan Müdafiə Nazirliyinin Facebook-dakı rəsmi səhifəsində bu sözlər yer aldı: “Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur”.
 
Türkmənistan və Suriya türkmənlərindən də Azərbaycana dəstək gəldi. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov dövlət televiziyasına açıqlamasında “Azərbaycan istərsə, dəstəyə hazırıq” deyib. Suriya türkmənləri də Azərbaycanın çətin anında yanında olduğunu nümayiş ediblər. 
 
ABŞ-ın dövlət katibi Con Kerri isə Qarabağda atəşkəsin pozulmasını pisləyən bəyanatla çıxış edib. ATƏT-in baş katibi Lamberto Zanyer Azərbaycan və erməni tərəfini əməliyyatları dayandırmaq və danışıq masasına qayıtmaqla bağlı fikirlər səsləndirib. Avropa Şurasının baş katibi Turbyern Yaqland tərəfləri qan tökülməsini dayandırmağa çağırıb. BMT-nin baş katibi Pan Gi Mun cərəyan edən proseslərdən narahatlığını dilə gətirərək, tərəfləri hərbi əməliyyatlara son qoymağa çağırıb. Fransa prezidenti Fransua Olland isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etmək mümkündür. İran tərəfi də məsələyə münasibət bildirərək narahatlıq ifadə edib.
 
*** 
Gedən döyüşlərdə həyatını itirən hərbiçilərimizin ötən gün dəfn mərasimləri keçirilib. Cəbrayıldan olan 22 yaşlı hərbçi Ruhin Əsgər oğlu Qəhrəmanovun nəşi qəsəbəyə gətirilib. Cənazə 3 saylı qəsəbənin qəbiristanlığında dəfn olunub. Füzuli istiqamətində şəhid olan Azərbaycan ordusunun giziri Nicat Bəhruz oğlu İsgəndərov Tərtər şəhər qəbiristanlığında torpağa tapşırılıb. 
 
Həyatını itirən 20 yaşlı Orxan Əliyev də dəfn olunub. Şəhid doğulduğu Qazax rayonun Aslanbəyli kəndində torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü şəhid Kaçayev Samir Ziyəddin oğlu aprelin 3-də Şamaxı rayonunda dəfn edilib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan Nurayev də dəfn olunub. R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.
 
Allah şəhidlərimizə rəhmət eləsin! 


 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.