Aprelin 2-dən cəbhədə başlayan və ayın 5-dək davam edən döyüşlər həmçinin Azərbaycan xalqının milli mövzuda birliyini, vətənpərvərliyini bir daha nümayiş etdirdi. Yaşlısından tutmuş gəncinə, hətta azyaşlısına qədər hər kəs döyüşmək, torpaqlarımızı azad etmək istədiyini açıq şəkildə bildirdi.
4 günlük müharibə xalqımız barədə zaman-zaman səslənən mənfi fikirlərin üzərindən tamam xətt çəkdi. Əslində qalsa, tarixə nəzər salsaq görərik ki, daim belə olub. Milli problem söz konusu oldusa, xalqımız problemin həlli üçün vahid şəkildə birləşir. Amma bu məsələdə bir maraqlı nüans da var. Belə ki, sülh və sakitçilik olan zamanlarda Azərbaycan xalqının birliyinin şahidi olmuruq.
Bu da bəzi vaxtlarda müxtəlif fikirlərin yaranmasına səbəb olub.
Bir amili unutmaq olmaz ki, Azərbaycan xalqı 80-cı illərin sonlarında milli azadlıq hərəkatından vahid şəkildə meydanlara çıxan, aylarla meydanlarda yatan, dünyada ilin xalqı seçilən və əzmkarlığı sayəsində müstəqilliyini əldə edən xalqdır. 1990-cı ilin 20 Yanvar faciəsi də bu xalqın müstəqilliyə gedən yoldan geri çəkilməsinə səbəb olmayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, milli azadlıq hərəkatının öndə gedən isimlərindən olan Sabir Rüstəmxanlı 4 günlük müharibə ilə bağlı xalqa qiymət verməyin düzgün olmadığını söylədi: “Xalq haqqında 4 gündə baş verən hadisələrlə bağlı nəticə çıxarmaq, xalqın 4 gündəki görüntüsündən təəccüblənən şəxslər xətirlərinə dəyməsin, bu milləti tanımayan, xalqa cahilcəsinə yanaşan şəxslərdir. Bu məsələlər barədə on illərdir fikir bildiririk. 88-ci illərdə gedən proseslərdə bunun şahidi olmuşam. Meydana bir milyon insan yığışanda aparıcı iki şəxsdən biri idim. Millətimin ruhunu yaxşı bilirəm. Bütün yazılarım xalqımın aşağılanmasına, müqavimətinin qırılmasına qarşıdır. Xalq öz yerindədir. Dəyişən, sadəcə, qazanın üzüdür. Azərbaycanı sınaq meydanına çevirmək istəyən qüvvələr var. Ölkəmizə qarşı hər cəhətdən böyük hücumlar var. Bu hücumların 100 illik yaşı var. Azərbaycan dünyanın qədim mədəniyyət mərkəzlərindən biridir. Burada intellektual cəhətdən güclü millət yaşayır.
Bu milləti sındırmaq mümkün deyil. Müəyyən faizlər yaranır, dəyişikliklər olur, amma xalq yerində dayanır. Lazım olduğu vaxt bu xalq torpağının daim müdafiəsinə qalxıb. Təəssüflər olsun ki, hazırda ölkəmizdə psixoloji durum yaranıb. Bu da hakimiyyətlə xalq arasında yaranan ayrı-seçkilikdir. İlk addımı hakimiyyət atmalıdır. Xalqın inamını qırmaq olmaz. Çalışıb, milləti dövlət ətrafında birləşdirmək lazımdır. Xalqın iradəsini heç nə ilə qırmaq olmaz”.
Milli Dövlətçilik Partiyasının sədri, milli azadlıq hərəkatının öncüllərindən olan Nemət Pənahlı xalq barəsində səslənən fikirlərə belə münasibət sərgilədi: “Bir millət dəniz kimidir. Onun qabarması və geri çəkilməsi var. 70 illik sovet dönəmində elə zənn edirdilər ki, bu millətin başı kəsilib, bir daha ayağa qalxa bilməz. Tarix göstərdi ki, bu millət ayağa qalxıb sovet imperiyası kimi bir güclü imperiyanı diz çökdürdü. Bəzi zamanlarda ruhdan düşmə, millətin özünü qınaması halları ola bilər. O zaman atəşkəs elan olunanda hakimiyyətdə rəsmi şəxs kimi təmsil olunurdum. Dövlət məmuru olsam da, bildirmişdim ki, hərbi yolla itirilən torpaqlar sülh yolu ilə azad edilə bilməz. Ermənilər tarixi saxtalaşdıraraq, Rusiyanın dəstəyi ilə qan tökərək torpaq zəbt ediblər. Ona görə də öz xoşluqları ilə həmin əraziləri tərk etməzlər. Tezliklə xalqımız bu torpaqları işğaldan azad edəcək. Türk milləti dünyaya yön verən barmaqla sayılacaq millətlərdəndir. Millətə düzgün istiqamət vermək lazımdır. Azərbaycan gəncliyi bizim dövrümüzdən daha irəli gedib, daha cəsarətli, vətənpərvər və mübarizdirlər. Çünki onlar əsarət görməyiblər. İndiki gənclik Müstəqil Azərbaycanda yaşayıb. Onlar müstəqilliyin nə olduğunu yaxşı bilirlər. Dünya gəncliyin üzünə açıqdır. İnternet əsrində yaşayırıq. Azadlığa çıxandan sonra heyrət edirəm ki, qarşımızda bu qədər imkanlar açılıb. İdeyaları yaymaq çox asandır. Millətimiz qələbəyə təşnədir. Qələbə hissləri gec-tez öz bəhrəsini verəcək”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.