banner
banner

Hərbİ

Cəbhə bölgəsinə xüsusi status verilməlidirmi?

Cəbhə bölgəsinə xüsusi status verilməlidirmi?
Aprelin əvvəllərində cəbhə bölgəsində baş verən bir neçə günlük hərbi əməliyyatlar orada yaşayan vətəndaşlarımızın taleyinə bir daha diqqət çəkdi. Bu isə cəbhə bölgəsinə xüsusi status verilməsi kimi məsələləri yenidən aktuallaşdırdı. Ekspertlər bildirirlər ki, cəbhə bölgəsinə xüsusi status verilməsi, bununla bağlı ayrıca qanunun qəbulu vacibdir. 
Deputat Zahid Oruc bununla bağlı musavat.com-a bildirib ki, cəbhə bölgəsinə xüsusi statusun verilməsi çox önəmli bir məsələdir: “Parlamentdə bu məsələni bir neçə dəfə gündəmə gətirmişəm. Ümumiyyətlə, cəbhəyanı bölgələrlə bağlı ayrıca qanun qəbul olunmalıdır. Burada qeyd etdiyimiz sosial-iqtisadi məsələlər, eyni zamanda təhlükəsizlik tədbirləri, dövlət qurumlarının vəzifələri və sair orada konkret müəyyənləşməlidir. Bunu parlamentdə obrazlı şəkildə belə ifadə etmişdim ki, Ağdamın Azərbaycan dövlətində olan hissəsində məktəbdə müəllimə sadəcə öyrədən deyil, uşaqlara təlim prosesini aparan insan kimi ona baxılmamalıdır. Eyni zamanda əslində parta arxasında döyüşçüdür. Həqiqətən də belədir. Çünki orada məskunlaşmanın həyat üçün müəyyən qədər təhlükəli olduğunu biz görmüşdük. Yəqin ki, dörd günlük müharibə bu prosesə hansısa formada yenə də təsirini saxlayır. Belə olan  təqdirdə sadəcə məktəb deyil, həkimi də, orada çalışan insanların da, dövlət qurumlarında olanların da hamısının fərqli bir əmsalla əmək haqlarına əlavə edilməsi o zonaların hamısında əhalinin çalışmasına, yaşamasına, ailə həyatı qurmasına, təsərrüfat işini formalaşdırmasına yüksək təsir edərdi. Bu, öz-özlüyündə ön cəbhədə dayanan əsgər üçün də mənəvi-psixoloji bir dayaq rolunda çıxış edir. Əslində bir az kənara çıxaraq deyim ki, son dörd günlük müharibənin hərbi uğurları qat-qat böyük olardı. Yəni əgər müxtəlif regional və beynəlxalq dairələr bu prosesə qoşulmasaydı. O zaman biz görərdik ki, Azərbaycan Füzuli və digər torpaqlarını daha tez azad edir. Çünki  erməninin xalq resursu, insani qüvvəsi yoxdur ki, o bölgələri əhali ilə tutsun və orada insan yaşasın. Hətta lap belə demək mümkünsə, təcavüz aktından sonra ələ keçirdikləri yerin üzərində əhalini gətirib saxlaya bilmirlər. Əgər belədirsə, biz onun əksini indi nəzarətimiz altında olan ərazilərdə həyata keçirməliyik. Yəni orada insanlar olmalıdır. Gördüyünüz kimi, sadəcə, Lələtəpə çevrəsində 40-50 kilometr ərazinin Azərbaycanın müşahidəsi altına, nəzarətinə keçməsi insanların çoxunda fikir yaratmışdı ki, oraya dönə bilərikmi?  Cocuqmərcanlıdakı bir azərbaycanlı sanki cazibə qüvvəsi ilə digərlərini də kəndə gəlməyə çağırış edirdi”. 
 
Onun sözlərinə görə, bundan ötrü elə stimullaşdırıcı məsələlər ortalıqda olmalıdır ki, o bölgədə yaşayan insanlar yaşayışın mümkünlüyünü anlamalıdırlar, başa düşməlidirlər: “Əhali bilməlidir ki, yaşamaq üçün Bakıya axın etməyə ehtiyac yoxdur. İpoteka kreditini götürüb o yerdə evini tikə bilər, ev qura bilər. Yaxud da ki, başqa investisiya yönümlü təkliflər meydana çıxmalıdır, proqramlar olmalıdır ki, kimsə gətirib oraya, hətta birbaşa təmas xəttinin bir addımlığına radiusuna olmasa da, digər kriteriyalarla investisiyalar qoya bilsin. Ona görə də Ağdam, Füzuli, Bərdə, Tərtər, digər ərazilərimizdə, o cümlədən hətta sərhədyanı bölgələrdə bu siyasətin həyata keçirilməsinə çox ciddi ehtiyac var. Düşünürəm ki, hökumətin ən mühüm vəzifəsi təmas xətti boyunca bütün bu zonalar üzrə ayrıca bir təkliflər, proqramlar və eyni zamanda parlamentdən istənilərsə, qanun hazırlamaqdır ki, bunu həyata keçirmək mümkün olsun”.
 
Z.Orucun sözlərinə görə, dəfələrlə parlamentdə qaldırdığı bu məsələ əksər həmkarları tərəfindən müsbət qiymətləndirilib: “Hökumət də hətta bununla əlaqəli müxtəlif siyasət yürütdüyünü bəyan edib. Xüsusilə də səddin, divarların hörülməsi buna misaldır. Eyni zamanda orada icra hakimiyyətlərinə xüsusi əlavə yardımlar edildi ki, əhaliyə torpağın paylanmasını və orada yaşamağı təmin etsinlər. Bunu ayrıca proqram halına gətirmək bir çoxları üçün böyük miqdarda vəsaitlərə səbəb olacaq kimi görünür. Halbuki Ağdamda yenə də qeyd etdiyim kimi, həkim ya tibb bacısı Qusarda və yaxud Qubada rahat şəraitdə işləyənlə eyni kateqoriyada, eyni sırada, eyni normativdə götürülməməlidir. Müqayisə yerinə düşməyəcək. Müxtəlif Qərb ölkələrinin səfirliklərinə xarici ölkələrin reytinq dərəcəsinə görə əlavə əmsal verilir. Bu qədər sadədir məsələ. Elə hesab edirəm ki, Gədəbəyi dəniz səviyyəsindən yuxarı götürdüyümüz və əlavə əmsallar tətbiq olunduğu halda, niyə Ağdamda, niyə Füzulinin Azərbaycanın nəzarəti altında olan hissələrində işləməsin ki? Bu, yalnız işin faydasına olardı. Çünki son hadisələr bir daha göstərdi ki, əhalinin nəinki həmin yerlərə getməyəcəyi fikri doğru deyil, əksinə, əhali axın etməyə hazırdır. O ərazilərə qayıtmağa qadirdir.  Ona görə bu dönüş proqramları və məskunlaşma proqramları ayrıca işlənməlidir. Düşünürəm ki, hökumətin buna imkanı və gücü çatar”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.