Rusiyanın müdaxiləsi nəticəsində əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, işğalçı Ermənistan aqressiv siyasətini davam etdirir. Elə düşmən ölkənin hər ötən sutkaboyu müxtəlif silahlardan Azərbaycanın mövqelərini atəşə tutması qarşı tərəfin islah olunmaq niyyətində olmadığını nümayiş etdirir.
Üstəlik, Ermənistanın 5 apreldən sonrakı bütün davranışları işğalçılıq siyasətinin davam etdiriləcəyindən xəbər verir. Toqquşmaların dayandırılmasına nail olmaqla əslində Ermənistanı böyük itkilərdən xilas edən Rusiya belə bu gün ermənilərin hədəfindədir. Hansı ki, əslində Ermənistan atəşkəs razılaşması ilə faktiki olaraq Azərbaycan ordusunun Xankəndinə qədər irəliləməsinin qarşısını alan Moskvaya minnətdar olmalıydı.
Qeyd edək ki, Rusiyanın məşhur “İzvestiya” qəzetinin Rusiya diplomatik çevrələrindəki mənbələrə istinadən yazdığına görə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan arasında kompromislərin əldə olunması üçün şəxsən və fəal şəkildə çalışacaq. Qeyd edilir ki, Putinin vasitəçiliyi ilə Qarabağ danışıqları yaxın günlərdə başlayacaq və o, hər iki tərəfdən siyasətçiləri kompromislərin zəruriliyinə şəxsən inandırmağa səy göstərəcək.
Bu yaxınlarda Azərbaycan Prezident Administrasiyasının yüksək çinli rəsmisi də danışıqlara başlanacağını təsdiqləmişdi. Putinin müşaviri, Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə danışıqların sürətlə davam edəcəyini və sonda ətraf rayonların qaytarılacağını açıqlayıb. Belə bir situasiyada isə erməni lobbisi və radikal ermənilər hətta terrorçuların Qarabağda yerləşdirilməsi bahasına işğal etdikləri əraziləri əldə saxlamağa çalışırlar.
Düzdür, baş verənləri, yəni anti-Rusiya kampaniyasını Rusiya-Ermənistan anlaşmasının nəticəsi hesab edənlər də var. Güman olunur ki, Kreml hərbi-strateji müttəfiqi, bir az da konkretləşdirsək, forpostu Ermənistanı guya birtərəfli qaydada himayə etmədiyini nümayiş etdirmək üçün ermənilərin “qırmızı xətti” keçməsinə razılaşıb. Hər halda, Ermənistan hələ də anlamaq istəmir ki, növbəti müharibə onun üçün fəlakətlərə səbəb ola bilər.
Azərbaycanın uğurları artıq xaricdə də etiraf olunur və İrəvan bunu görməzdən gələ bilməz. Bu arada Fransanın “L’Opinion” nəşrinin hərbi məsələlər üzrə analitiki Pyer Jan- Dominik Merçet Qarabağdakı 4 günlük müharibə barədə təhlilində Ermənistanla az qala 30 ildir davam edən münaqişədə Azərbaycanın qələbə qazandığını yazıb. (virtualaz.org) Analitik Azərbaycan silahlı qüvvələrinin aprelin əvvəllərində apardığı döyüşlərdə əldə etdiyi nəticənin hərbi baxımdan kiçik olduğunu, ancaq siyasi baxımdan çox mühümlüyünü vurğulayır.
Diqqətçəkən məsələlərdən biri də budur ki, cəbhədəki son uğursuzluqlar Ermənistan hakimiyyətini müharibəyə alternativ kimi baxmağa vadar edib. Fakt budur ki, Serj Sərkisyanın kreslosu kifayət qədər laxlayıb, o, daxili və xarici dayaqlarından məhrum olub. Bu mənada cəbhədə hansısa uğurlar qazanmaq istəyir ki, öz hakimiyyətini daha bir neçə illiyə sığortalasın.
Ermənistanın hətta Rusiyanın sülh çağırışlarına rəğmən, danışıqlarda maraqlı olmadığı Sərkisyanın 18 apreldə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz gəlişi də bir daha təsdilədi. Məlumata görə, Sərkisyan Xankəndində separatçıların başçısı Bako Saakyanla birgə ordunun yüksək çinli zabitlərinin iştirak etdiyi müşavirə keçirib. Müşavirədə cəbhə xəttindəki vəziyyət müzakirə olunub. “Sərkisyan bildirib ki, Qarabağdakı silahlı qüvvələrin möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi dövlətin qarşısında duran əsas məsələ olaraq qalır”-erməni KİV-i yazır. Bu hadisə aşkar şəkildə beynəlxalq hüququn tapdanması deməkdir. Ermənistan son vaxtlaradək Dağlıq Qarabağın özünü müdafiə etdiyini israr edirdi. Ancaq Qarabağda məhv edilən erməni əsgər və zabitlərin Ermənistanda dəfn edilməsi yalanların üstünü açdı. Bundan sonra Sərkisyanın Qarabağa gəlməsi onun bütün fırıldaqlarının ifşası oldu.
“Ermənistan rəhbərliyinin bugünlərdə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır”. Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. “Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür” - açıqlamada bildirilir.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu heç bir variantın istisna olunmadığını vurğuladı: “Çünki son hərbi toqquşma Ermənistanın daxilində yeni siyasi gəlişmələrə səbəb oldu. Biz gördük ki, artıq hakimiyyətə iddialılar ortaya çıxmağa başladı, o cümlədən Robert Köçəryan. Sərkisyan təcili şəkildə Levon Ter-Petrosyanla görüşə getdi, bunun ardınca ölkədə anti-Rusiya əhval-ruhiyyəsi baş qaldırdı. Təbii ki, Ermənistan rəhbərliyinə baş verənləri kompensasiya etmək üçün müəyyən addım atmaq lazımdır. Bu addım da heç bir halda siyasi, ya diplomatik ola bilməz. Ən azı ona görə ki, istənilən halda aprelin əvvəlindən başlayan qarşıdurmada üstünlük Azərbaycanın tərəfindədir və burada artıq hansısa sözün, vədin köməyi olmayacaq. Ona görə də Ermənistan rəhbərliyi məcburdur ki, siyasi deyil, hərbi yolla hansısa bir uğur əldə etsin, yaxud uğurun əldə olunmasını imitasiya etsin. Bununla da cəmiyyətə göstərsin ki, bir növ artıq baş vermiş hadisənin, itkinin kompensasiyasını təmin edib və hər şey status-kvo vəziyyətinə qayıdıb. Sərkisyana bu gün ciddi hərbi uğur lazımdır. Ona görə də Azərbaycan hər şeyə hazır olmalıdır və nəzərə almalıdır ki, Ermənistan tərəfdən indi ən gözlənilməz anda zərbə gələ bilər”.
Ancaq bir sıra ciddi ekspertlər bunu Ermənistanın özü üçün təhlükəli sayır. Bu gün nə erməni cəmiyyətində döyüş ruhu var, nə ölkənin durumu buna imkan verir, nə də beynəlxalq aləm Ermənistanı himayə edir. Ə.Oruclu da təsdiqləyir ki, indiki situasiyada hərbi əməliyyatlar imitasiya olsa belə, bu, Ermənistan üçün riskdir: “Bunun ardınca son qarşıdurmadan daha ciddi toqquşmalar ola bilər. Təbii ki, Azərbaycanın reaksiyası əvvəlkindən daha sərt olacaq. Bu da hərbi qarşıdurmanın miqyasını genişləndirə bilər. Artıq bundan sonra proqnoz vermək xeyli çətin olacaq”.
Politoloq bunu da qeyd etdi ki, burada bir çox məsələlər Rusiyanın iradəsindən asılıdır: “Ermənistanı silahlandıran Rusiyadır. Əgər Moskva bu imkanı yaradacaqsa, Ermənistan toqquşmalara gedəcək. Yox, Ermənistan indiki silah arsenalı ilə qalacaqsa, bu vəziyyətdə balans Azərbaycanın xeyrinədir. Əgər Ermənistan qəfil hücum edib Azərbaycanın hansısa mövqelərini əldə etmək istəsə, təbii ki, Azərbaycan cavab tədbiri görəcək və bu, son nəticədə genişmiqyaslı hərbi toqquşmalara səbəb olacaq”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da istisna etmir ki, savaş hər an başlıya bilər və bu, realdır: “Əgər yaxın bir həftəyə, on günə vəziyyətdə müsbətə doğru dəyişiklik olmazsa, şəxsən mən yenidən toqquşmaların olacağını istisna etmirəm. Nəzərə alsaq ki, düşmən də aktiv şəkildə təmas xəttinə canlı qüvvə və döyüş texnikası toplayır. Deməli, atəşkəsin növbəti ildönümünə qədər cəbhədə çox ağır toqquşmaların olması labüd və qaçılmazdır”.
Ermənistandan Qarabağa hərbi texnika və silah-sursatın daşındığını ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzinin Avrasiya regionu üzrə baş analitiki Yevgeni Çauşovski də öz qeydlərində yazıb. Eyni zamanda erməni hakimiyyəti insan resursunun azalması səbəbindən qadınları da orduya çağırdığını etiraf edib. Paralel olaraq əhalisinin 76 faizi yoxsulluq həddində yaşayan düşmən ölkədə orduya yardım kampaniyası başlayıb. Dağlıq Qarabağın separatçı rəhbərliyi bəyan edib ki, 18 apreldə 265 hüquqi və fiziki şəxsdən 734.000 $ (352.530.400 dram) yardım toplanıb. 4 apreldən bəri isə yığılan vəsaitin miqdarı 6 milyon dollardır. Məqsəd ordunun təchizatının yaxşılaşdırılmasıdır. Şübhəsiz ki, bu vəsait erməni lobbisinin xətti ilə yığılır. Düşmənin itirilmiş mövqeləri geri almaq əks-həmlələri nəticəsiz qalsa da, təxribatlar hər an gözləniləndir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Serj Sərkisyan gərək nə qədər ağılsız olsun ki, itirdiyi strateji yüksəklikləri geri qaytarmaq üçün ordusuna hücum əmri versin. Ekspert “Yeni Müsavat”a dedi ki, bu səhv Sərkisyana baha başa gələcək: “Birincisi, Sərkisyan işğalçı ordusuna hücum əmri verməklə əslində bizim işimizi asanlaşdıracaq. Çünki belə olan halda ordumuzu artıq kimsə saxlamayacaq. Bu isə müharibənin başlanmasıdır. Azərbaycan cəmiyyətinin sosial sifarişi də məhz müharibə yolu ilə torpaqların geri qaytarılmasıdır. İkincisi, Sərkisyan hücum əmri verməklə Ermənistandakı mövqelərini bir az daha laxladacaq. Ona indiki itkiləri cəmiyyət bağışlamır. Növbəti itkilər isə onun siyasi karyerasının sonunu bir az daha yaxınlaşdıracaq. Ancaq Sərkisyan müharibəyə başlamasa da, müharibəyə biz başlamalı olacağıq. Bunun olmaması üçün danışıqlarda iki ay ərzində nəticə olmalıdır. Əks halda, savaş qaçılmaz olacaq».
E.Şahinoğlu qeyd edib ki, əgər bu danışıqlar yaxın zamanlarda yenə də heç bir səmərə verməsə və konkret nəticələr əldə olunmasa, bir neçə aydan sonra, konkret olaraq yayda münaqişə zonasında müharibə başlaya bilər: ”Müharibənin başlanması realdır. Danışıqlarda ciddi irəliləyiş ondan ibarət ola bilər ki, Ermənistan ilkin olaraq 5 rayonu boşaltmağa razılaşır. Bu, baş versə, sülh prosesi bərpa olunur, atəşkəsə riayət edilir, Azərbaycanın Ermənistanla münasibətlərinin nizamlanmasına başlanılır. Yox, bu baş verməsə, Ermənistan yenə də vaxtı uzatsa, Rusiya ona təsir etməsə, böyük ehtimalla, iyunun sonu və ya iyulun əvvəllərində cəbhədə vəziyyət yenə də gərginləşə, bu dəfə lokal döyüşlərin ağır artilleriya və aviasiya qüvvələrinin iştirakı ilə daha geniş miqyasa yayılmaqla hərbi əməliyyatlar başlaya bilər".
“Qarabağ münaqişəsinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi imkansızdır. Bu təşkilat Dağlıq Qarabağda münaqişəyə müdaxilə edə bilməz. Hətta təşkilatın Azərbaycan-Ermənistan sərhədində gedən müharibəyə də müdaxilə etməsi imkansızdır. Təsəvvür edin ki, Azərbaycan tankları İrəvandadır. Bu zaman Qazaxıstan tanklarımı Azərbaycan tanklarına qarşı duracaq?” Bunu isə Rusiyanın tanınmış siyasi eksperti Aleksey Malaşenko Moskvanın Karnegi Mərkəzində Dağlıq Qarabağla bağlı keçirilən ekspert müzakirələrində deyib və növbəti dəfə Ermənistanın ümidlərini heçə endirib.
A. Malaşenko əlavə edib ki, Azərbaycan ilk raundda Ermənistanı “nokdaun” vəziyyətinə saldı. Müzakirələrə Almaniyadan videogörüntü ilə qatılan rusiyalı politoloq, qafqazşünas Sergey Rumyantsev isə Dağlıq Qarabağda münaqişənin yenidən alovlanmasında təəccüblü heç nə olmadığını bildirib.
Cia.az