banner
banner

Hərbİ

Sülhün yeganə alternativi - müharibə... seçimi işğalçı edəcək

Sülhün yeganə alternativi - müharibə... seçimi işğalçı edəcək
Cəbhədəki hərbi uğursuzluqdan sonra Serj Sərkisyanın təzədən hərbi forma geyib işğal altındakı Qarabağda peyda olması davadan sonra uduzan tərəfin havaya yumruq atmasına bənzəyir. Eyni zamanda gülünc təbliğat cəhdi təəssüratını yaradır. Ona görə gülünc ki, 18 ildir Ermənistan hakimiyyətində kök salmış “Qarabağ klanı” bu ilin aprelində ilk dəfə Azərbaycan ordusundan sarsıdıcı zərbə alıb və çətin ki, bu zərbəni, itirilmiş imici Sərkisyan hansısa təbliğati gedişlərlə bərpa edə bilsin.
 
Ermənistandakı ab-havadan belə qənaət hasil olur ki, sadə əhali iqtidardakı “Qarabağ klanı”nın, Sərkisyan rejiminin nağıllarına daha inanmır və yəqin ki, növbəti seçkilərdə elektorat bu klanın nümayəndəsinə səs verməyəcək. 4 günlük müharibə də göstərdi ki, Sərkisyan və quldur dəstəsi hakimiyyətdə qaldıqca, erməni xalqı özünə legitim hakimiyyət formalaşdırmayınca, Qarabağ problemi yoluna qoyulmayacaq və o zamanadək də Ermənistanın olan-qalan əhalisi səfalət içində yaşayacaq, öz övladlarını Azərbaycan torpaqlarında itirməkdə davam edəcək.

Lakin Sərkisyan rejimi rəsmilərinin davranışları göstərir ki, o, seçkilərdə uduzsa belə, hakimiyyətdən elə-belə də getməyəcək. Yalnız narazı kütlənin iradəsi onu görəvdən sala bilər. Bu mənada ehtimal ki, Moskvanın yeni sülh planında nəzərdə tutulan güzəştlərə Ermənistanın hazırkı iqtidarı maksimum müqavimət göstərəcək ki, cəmiyyətin əlavə qəzəbinə tuş gəlməsin. 
 
Ancaq məsələ də ondadır ki, güzəşt vaxtı yetişib, vaxt limiti bitib. Bunu erməni isteblişmenti qəbul eləmək istəməsə də, Ermənistanın şəriksiz sahibi Rusiya yaxşı başa düşür. Demək, Sərkisyan hökumətinə təzyiqlər qaçılmazdır. Böyük ehtimalla, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün başlayacaq iki günlük İrəvan səfəri müstəsna olaraq bu məsələyə həsr olunacaq - İrəvana Azərbaycan ərazilərinin ən azı bir hissəsindən qeyd-şərtsiz çıxmağın zəruriliyi “başa salınacaq”. 
 
Əks halda, yəni nizamlama prosesindi yenə durğunluğun davam edəcəyi təqdirdə daha böyük və dağıdıcı savaş qaçılmaz olacaq. Və o zaman buna görə əsas məsuliyyət yüzdə yüz işğalçı tərəfin üzərində qalacaq, Azərbaycan tərəfinin hərbi addımları anlaşıqla qarşılanacaq. Çünki işğalçı tərəf məhz Ermənistandır və ilk addımı da o atmalıdır. Dünya da məhz təcavüzkardan bunu gözləyir. Təcavüzkar onu da yəqin anlayır ki, sülhün alternativi - müharibədir və seçimi məhz o edəcək.   
        
*** 
 
Yeni hərbi toqquşmanın daha böyük və fəlakətli ola biləcəyi haqda isə xarici ekspertlər də tez-tez xəbərdarlıq etməkdədirlər.   
 
“Dağlıq Qarabağ konflktinin hərbi həll yolu yoxdur, yalnız siyasi yol mövcuddur”. Bu sözləri “Vestnik kavkaza” nəşrinə açıqlamasında Rusiyadakı Strateji Tədqiqatlar İnstitutunun direktoru, Rusiya Xarici Kəşfiyyat Xidmətinin general-leytenantı Leonid Reşetnikov ABŞ və Rusiyanın Qarabağ məsələsindəki rolunu şərh edərkən bildirib. 
 
“Danışıqları davam etdirmək, anlaşmaya çalışmaq və kompromislər tapmaq lazımdır. Axı istənilən pis sülh yaxşı müharibədən yaxşıdır. Döyüş əməliyyatlarının bərpası daha geniş miqyaslı toqquşma vəd edir. O zaman təkcə Azərbaycanla Ermənistan bir-biri ilə vuruşmayacaq, xarici qüvvələr də münaqişəyə qoşulacaq - o cümlədən tam mümkündür ki, Türkiyə də, Rusiya da, Gürcüstan da müharibəyə cəlb olunsun” - qeyd edib ekspert.
*** 
“Əgər Ukrayna və Suriyaya müdaxilədən sonra Rusiyaya qarşı beynəlxalq təcrid və iqtisadi sanksiyalar təzyiqi zəifləməsə, Kreml Qərbə qarşı daha bir münaqişəni alovlandıra bilər. Misal üçün, Dağlıq Qarabağda”. Bu barədə isə İsrailin “YNet” saytında Strateji Tədqiqatlar İnstitutunun (İNSS) elmi işçiləri Vera Mixal-Şafir və Qaliya Lindenştrausun birgə müəllifi olduğu məqalədə deyilir (publika.az).
 
Məqalədə qeyd olunur ki, 2-5 apreldə baş verənlər Qarabağ münaqişəsində atəşkəs imzalanandan sonra ən qanlı döyüşlər olub: “Vəziyyətin kəskinləşməsi fonunda xarici oyunçuların - Rusiya və Türkiyənin mövqeyi haqda sual yaranır. Onlar öz müttəfiqlərinə - Ermənistana və Azərbaycana genişmiqyaslı müharibəyə başlamaq üçün dəstək verəcəklər?”
 
Müəlliflər vurğulayır ki, Türkiyə Azərbaycana geniş şəkildə dəstək verir: “Ərdoğan Qarabağda baş verən toqquşmalar zamanı ”Azərbaycan öz torpaqlarını azad edəcək", - deyə bəyan etdi. Əhməd Davudoğlu da erməni təcavüzünə qarşı Azərbaycanla çiyin-çiyinə vuruşacaqlarını açıqladı. Lakin yenə də Türkiyə bu münaqişə üzərində Rusiya ilə müharibəyə başlamaq istəməz. Suriyada Rusiya təyyarəsinin vurulması ilə iki ölkə arasında münasibətlər tarıma çəkilib və əsasən iqtisadi sferada çatlar özünü göstərir. Lakin Ankara anlayır ki, o, NATO-nun üzvü olsa da, Rusiya ona qarşı hansısa həmlələr edə bilər. Misal üçün, Rusiya dolayısı ilə Türkiyə sərhədindəki Naxçıvan Muxtar Respublikasına müdaxilə ilə hədələdi. Bu müdaxilə yeni dünya müharibəsinə səbəb ola bilər".
 
Lakin məqalədə Rusiyanın buna getməyəcəyi bildirilir: “Moskva Qarabağda indiki vəziyyətdə yeni eskalasiyada maraqlı deyil - xüsusilə beynəlxalq mənzərə onun xeyrinə olmadığı bir vaxtda. Rusiya indi ehtiyatla davranır. Amma gələcəkdə onun Qarabağda münaqişənin alovlanmasında maraqlı olacağı mümkündür. İstisna etmək olmaz ki, əgər Rusiya özünü güclü təcridetmə və sanksiyaların təzyiqi altında hiss edəcəksə, Qərblə münaqişənin yeni səhnəsini axtaracaq. Bu səhnə Dağlıq Qarabağ ola bilər. Çünki bura coğrafi nöqteyi-nəzərdən NATO sərhədlərindən uzaqdadır”.
*** 
Qarabağ danışıqlarında hələ ki real irəliləyişin olmadığı belə qeyri-müəyyən vəziyyətdə təbii ki, Azərbaycan öz hərbi qüdrətini Türkiyə, İsrail, Pakistan, Ukrayna, digər dost ölkələr hesabına artırmaqda davam etməlidir. Proses elə bu yöndə də gedir.  
 
Yeri gəlmişkən, aprelin 18-də Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, səfərin gedişində iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair bir sıra “vacib məsələlərin” müzakirə olunması gözlənilir. 
 
Ukrayna Müdafiə Nazirliyindən verilən məlumata görə, danışıqlarda Ukrayna ilə Azərbaycanın hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı müzakirəyə çıxarılacaq. “Ölkəmizin rəhbərliyi qərara alıb ki, Azərbaycan Ukrayna ilə hərbi-texniki, döyüş əməliyyatları sahəsində təcrübələrin mübadiləsi üzrə əməkdaşlığı genişləndirsin və terror və silahlı təhdidlərə qarşı mübarizə strategiyalarını müzakirə etsin”, - deyə general-leytenant Ramiz Tahirov qeyd edib.
 
Onun ukraynalı həmkarı, general-leytenant Sergey  Drozdov bildirib ki, Ukrayna Silahlı Qüvvələri dialoq və əməkdaşlıq üçün açıqdır. Azərbaycan heyətinin səfərinin aprelin 21-nə qədər davam edəcəyi bildirilir.
Əlavə edək ki, son illər Ukrayna Silahlı Qüvvələri ABŞ-ın himayəsi və birbaşa köməyi ilə yenidən qurulmaqdadır. Yəni Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın təcrübi baxımından da dost Ukraynadan, oxşar problemlər (separatizm) yaşayan bir ölkədən öyrənəsi şeylər az deyil. İki ölkə həm də GUAM təşkilatında birləşir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.