Aprelin 25-dən 26-sına keçən gecə Qarabağ cəbhəsində vəziyyət növbəti dəfə gərginləşib. Belə ki, bir neçə saat ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yenidən fəal döyüş əməliyyatları müşahidə edilib. Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Ermənistan işğalçı qüvvələrinin yaşayış məntəqələrimizi artilleriya zərbələrinə məruz qoyduğuna dair məlumat yayıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi facebook səhifəsində bildirilib ki, ermənilər Tərtər şəhərini minaatanlardan və iri çaplı silahlardan atəşə tutub. Nəticədə ölən və yaralanan olmasa da, rayon ərazisində yaşayış evlərinə ziyan dəyib. Erməni tərəf iki hərbçinin məhv edildiyini təsdiqləyib.
Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov report.az-a deyib ki, baş verən hadisələr zamanı Tərtər rayonu üzrə 23 yaşayış evinə və 1 inzibati binaya mərmi düşüb. İcra başçısı bildirib ki, ermənilərin atdığı “Qrad” mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub, sakinlərlə görüşüb, ziyan dəymiş evlərə baxıb. Nazir “Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib. Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb” deyib.
Qeyd edək ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxararaq, mövqelərimizə həmlə etməyə cəhd göstərmişdi və cavabını alandan sonra geri çəkilməyə vadar olmuşdu. Həmin döyüşdə erməni tərəf heyət üzvləri ilə birlikdə bir tank itirmişdi. Azərbaycan ordusunun cavab zərbələri düşməni vahiməyə salıb. “Gecə saatlarında başlayan şiddətli döyüşlərdən sonra Ağdərədə vəziyyət gərginləşib. İndiki atışma dördgünlük müharibədən daha güclü idi”. Bunu işğal olunmuş Ağdərə rayonunun “kənd icmasının rəhbəri” Sasun Harutyunyan söyləyib.
Aprel məğlubiyyətindən və son bir neçə gündə aldığı zərbələrdən sonra Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandırmağa qərar verib. Sərkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər. Bu cəza tədbirlərinin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur. Qeyd edək ki, bugünlərdə Ermənistan parlamentində qarşılıqlı ittihamlarla müşahidə olunan gərgin müzakirələr gedir və müdafiə nazirinin parlamentə hesabat verməsi istənilir. Son məğlubiyyət erməniləri ciddi şəkildə üz-üzə qoyub.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var: “Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər. Belə olan halda kimsə cəbhə bölgəsində sakitlik gözləməsin. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki hələ də ”Ermənistan həmin yüksəklikləri niyə itirdi" sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış nəsə cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin azad edilməsi ilə cavab vermək imkanı qazanırıq".
Ermənistan mənbələri Sərsəng Su Anbarını qorumağa xüsusi təyinatlıların, həmçinin Qarabağa hərbi texnika və qurğuların, o cümlədən “könüllü” adlandırdıqları muzdluların daşındığını açıqlayır, bununla bağlı kadrları tirajlayıb. Həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Hadrut, Xocavənd və Ağdərədəki son görüşləri, Serj Sərkisyanın xarici mətbuata müsahibəsində dedikləri İrəvanın danışıqlar yox, savaş yolunu seçdiyinə şübhə yeri qoymayıb. Özü də cəbhədəki təxribat-diversiya hərəkətləri Rusiya XİN başçısı Sergey Lavrovun İrəvan səfərindən sonraya təsadüf edir. Qeyd edək ki, XİN-in sözçüsü Mariya Zaxarova “Sergey Lavrov heç vaxt harasa əliboş yollanmır” desə də, sonradan Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan “Lavrov Ermənistana hər hansı bir paket gətirmədi, nə də qarşılıqlı güzəşt məsələsi müzakirə olunmayıb” deməklə Moskvanı təkzib etdi. Eyni zamanda S.Sərkisyan da hansısa planın müzakirə olunmadığını, hətta danışıqlar üçün şəraitin mövcud olmadığını dedi. Ancaq Rusiyanın “İzvestiya” qəzetinin “Lavrovla Sərkisyan arasında görüş çox gərgin keçib” yazması da diqqət çəkir. Rusiya ilə Ermənistan arasında soyuq münasibətlərin olduğunu iddia edənlərlə yanaşı, əksini düşünənlər də var. Hesab olunur ki, vəziyyət göründüyü kimi deyil və əslində Moskva İrəvanla münasibətlərində gərginliyin olduğu görüntüsünü yaratmaqla münaqişənin həllində tərəf tutumadığı rəyini aşılamaq, son nəticədə “sülhməramlı” adı altında hərbçilərini Qarabağa yeritmək istəyir.
Ermənistanın “Qraparak” qəzeti iddia edib ki, guya aprelin 1-dən 2-nə keçən gecə Qarabağda döyüşlər başlayanda Rusiya hərbi rəhbərliyi erməni tərəfi ilə telefon əlaqəsi saxlamağa cəhd edib, ancaq dəstəyi götürən olmayıb. Hansı ki, Sərkisyan atəşin dayandırılması üçün yalvarmaq həddinə çatmışdı.
Fakt budur ki, Ermənistan rus əsgərinə arxalanmasa, Azərbaycanın mövqelərinə doğru bircə addım və ya güllə atmaz. Sərkisyan ordusunun zəif olduğunu Almaniyada şəxsən etiraf etmişdi. Belə görünür, Azərbaycanı tələyə salmaq üçün Moskva və İrəvan “soyuq müharibə” oyunu qurub.
Politoloq Şahin Cəfərli isə Sərkisyanın “Bloomberg”ə son müsahibəsində dediklərinin bir az yanlış yozulduğu qənaətindədir: “Sərkisyan Ermənistanın danışıqlar prosesini tərk etdiyini söyləməyib. Belə bir bəyanat faktiki olaraq, Ermənistanın müharibə yolunu seçdiyi mənasına gələr və siyasi-diplomatik baxımdan işğalçı ölkəyə zərər verər, onun beynəlxalq aləmdə təklənməsinə gətirib çıxarar. Sərkisyanın bu cür bəyanatla çıxış etməsinin iki əsas səbəbi var: əvvəla, o, sərt mövqe nümayiş etdirməklə, danışıqlar prosesində əlverişli mövqe qazanmağa çalışır və hazırda özünə yönələn beynəlxalq təzyiqləri Azərbaycana doğru yönəltməyə cəhd göstərir. Yəni Sərkisyan vasitəçiləri bir növ şantaj edir ki, onlar erməni tərəfinin masadan qalxa biləcəyindən narahat olaraq 5 rayon məsələsi ilə bağlı İrəvana basqılardan vaz keçsinlər. Cəbhədəki son gərginlik və Sərkisyanın ”müharibə yenidən başlaya bilər" xəbərdarlığı da buna xidmət edir. İkinci səbəb isə təmas xəttində yaranmış vəziyyətlə bağlıdır.
Azərbaycan Silahlı Qüvvələrini lokal əks-zərbə imkanlarından məhrum edəcək mexanizmin qurulması gündəmdədir. Rusiya və digər həmsədr ölkələrin bəhs etdiyi “insidentlərin araşdırılması mexanizmi” məhz bunu nəzərdə tutur. Hazırkı şəraitdə belə bir mexanizmin yaradılmasının Azərbaycan üçün sərfəli olmadığını daha öncə söyləmişdik. Çünki bu mexanizm, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan ordusunu işğalçıya yeri gəldikcə, effektli zərbə vurmaq imkanından məhrum edə bilər. Azərbaycan Silahlı Qüvvələri son aylarda, xüsusən Zakir Həsənovun nazir təyin olunmasından sonra bu taktikadan istifadə etməyə başlayıb. Məsələn, işğalçı tərəf 1 güllə atırsa, ona 2 gülə ilə cavab verilir. Bu taktika təmas xəttində işğalçını daim gərginlikdə saxlayan, onu yoran və enerjisini tükəndirən uğurlu bir taktikadır. Sözügedən mexanizmin qurulması isə daha çox işğalçını qoruyacaq, ona rahatlıq gətirəcək. Bu, bizə sərf etməyən variantdır".
Münaqişənin həlli prosesində yaranmış vəziyyətə gəldikdə isə Ş.Cəfərli qeyd etdi ki, əslində paradoksal bir durum yaranıb: “Sülh danışıqlarının kimin xeyrinə cərəyan etdiyi barədə birmənalı fikir söyləmək çətindir. Bu haqda sosial şəbəkədəki statusumda da qısaca yazmışam. Danışıqların gedişi barədə məlumat verilməsə də, yayılan xəbərlərdən, Sərkisyanın əsəbi reaksiyalarından belə nəticəyə gəlmək olar ki, Rusiya hazırda Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarması üçün Ermənistana təzyiq edir. Serj Sərkisyan isə daxildə etirazların başlayacağından və sonda hakimiyyətini itirəcəyindən qorxaraq buna müqavimət göstərir. Məntiqlə, Sərkisyanın müqavimət göstərdiyi məsələ bizim xeyrimizə olmalıdır, lakin bu cür fikir söyləmək bir az bəsit yanaşma olardı. Çünki rayonların qeyd-şərtsiz qaytarılmasından söhbət getmir. Rayonların qaytarılmasının əvəzində Azərbaycandan hansısa güzəştlər və ya siyasi addımlar tələb olunduğunu təxmin etmək olar.
Azərbaycan daha əvvəl bu tip şərtli təklifləri qəbul etməyib. Yəni 5 rayonun əvəzində Dağlıq Qarabağın hüquqi baxımdan da Azərbaycandan ayrılmasına yol açacaq təkliflərə razı olmayıb, eləcə də Rusiyanın inteqrasiya layihələrində iştiraka razılaşaraq ölkəmizin müstəqilliyini məhdudlaşdıracaq addımlara getməyib”. Belə bir sual yarana bilər ki, əgər ortada Azərbaycanın maraqlarına cavab verən bir sülh təklifi, yaxud planı yoxdursa, bəs Sərkisyan rejimi və bütövlükdə erməni cəmiyyəti niyə narahat görünür? ŞCəfərli: “Məsələ burasındadır ki, tərəflər arfasında razılıq əldə edilərsə, Azərbaycandan fərqli olaraq, erməni tərəfinin güzəştləri gözlə görünən olacaq.
Yəni Azərbaycan tutaq ki, masada, kağız üzərində güzəştə gedəcəksə, Ermənistan masadakı anlaşmadan sonra konkret addımlar da ataraq öz ordusunu, hərbi texnikasını böyük ərazilərdən çıxarmalı olacaq. Masadakı sülh planının siyasi detalları hətta ermənilərin xeyrinə olsa belə, bunu erməni cəmiyyətinə izah etmək, sıravi erməniləri başa salmaq və rayonların boşaldılmasını əsaslandırmaq Sərkisyan üçün çox çətin olacaq və onun siyasi rəqibləri də bundan yararlanacaq. Sərkisyan indi şahmatdakı ”suqsvanq" vəziyyətinə bənzər bir durumdadır. İstənilən gediş onun vəziyyətini çətinləşdirəcək. Azərbaycanın mövqeyinə gəldikdə isə bir daha təkrarlamaq istəyirəm ki, rəsmi Bakı 5 rayonun hər hansı şərt olmadan boşaldılmasında israr etməlidir. Bizim tərəfdən güzəştlər sonrakı mərhələlərdə - Laçın və Kəlbəcərin geri qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələlərində ola bilər".
Son təxribatların Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna təsadüf etməsi də diqqət çəkir. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimindəki çıxışında diqqəti Ermənistanın işğalçılığına yönəldib. “Münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır”-deyən dövlət başçısı Azərbaycan ərazilərinin işğaldan azad olunacağını bir daha bəyan edib.
Bu arada Fransanın prosesə qoşulması da maraq doğurur. Bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət naziri Arlem Dezir İrəvanda keçirdiyi mətbuat konfransında deyib. “Mən Fransa hökumətinin və prezidentinin tapşırığı ilə burdayam və özümlə barış, danışıqların bərpa olunması mesajını gətirmişəm. Vəziyyət çox gərgin və partlayış həddindədir, ona görə də Fransanın siyasi rəhbərliyi gərginliyi azaltmağa çağırır”, dövlət katibi əlavə edib. O, Bakıda siyasi rəhbərliklə keçirəcəyi görüşlərdə da məsələnin müzakirə olunacağını deyib. Beləliklə, Rusiya və Almaniyadan sonra Fransa da hərəkətə keçdi. Ancaq cəbhədə silahlar susmur...(musavat)
Cia.az