banner
banner

Gündəm

“Azərbaycan” “Vaşinqton Post”a cavab verməyəcək

“Azərbaycan” “Vaşinqton Post”a cavab verməyəcək
“Azərbaycanda müstəqil jurnalistikaya müharibə elan olunub”. ABŞ-ın nüfuzlu «The Washington Post» qəzeti belə bir başlıqlı redaksiya məqaləsi dərc edib. 

Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ştatlara səfərindən öncə bəzi jurnalistləri və siyasi məhbusları əfv etdi. Məqalədə hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsinin yanlış olması və azad edilərək, Azərbaycandan çıxmalarına icazə verildiyi də əks olunur. Yazıda eyni zamanda Meydan TV ilə bağlı qeyd var. “Meydan TV-nin təcrübəsi göstərdi ki, rəqəmsal yollarla qapalı cəmiyyətlərə azad informasiya çatdırmaq mümkündür. İlham Əliyev bütün siyasi məhbusları azadlığa buraxmalı, Meydan TV-yə qarşı cinayət işini dayandırmalıdır”...
 
Hakimiyyət təmsilçiləri «The Washington Post»un bu yazdıqlarını hələlik şərh etməyib. Ancaq ənənəvi olaraq, hakimiyyət ölkədə siyasi motivlərlə həbsə atılanların olmadığını, hər kəsin konkret cinayətlərə görə cəza çəkdiyini, bütün təməl hüquqların qorunduğunu bildirir. 
Adətən Qərb mediasında dərc edilən bu sayaq materiallara Azərbaycanın iqtidar mediası tərəfindən cavab verilir. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sayaq yazılar açıq qərəzdən xəbər verir. Onun sözlərinə görə, hazırda bütün dünyanın gözü Bakıdadır, çünki dünya Bakıda birləşib:
 
“Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb. Bu, Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən forumdur. Azərbaycan burda bütün dünyanı düşündürən problemləri müzakirə edir. Eyni zamanda dünyanı təhdid edən məqamlar, xüsusən terrorla mübarizə, dünyada sülh və əmin-amanlığı təmin etməklə bağlı məsələlər də müzakirənin əsas məqamlarıdır. Bakıda keçirilən ən ali qurumun tədbiri Azərbaycanın yox, dünyanın problemləri ilə bağlıdır. Terror deyəndə son aylar Fransada, Brüsseldə, Ankarada baş verən hadisələr yada düşür. Hazırda qaçqınlar burulğanında boğulan Almaniyanı da yaddan çıxarmaq lazım deyil. Ona görə də deməliyik ki, Azərbaycan prezidenti olduqca həssas məsələlərlə məşğuldur. Bu səbəbdən də Amerikadan olan jurnalist yaxşı olardı ki, dünyanın mərkəzi hadisələrindən biri olan bu forum barədə yazsın, qərəz nümayiş etdirməsin. Görün qərəzi hansı həddə çatıb ki, Azərbaycan prezidentinə Meydan TV-yə baxmağı məsləhət görüb. Prezident Azərbaycan jurnalistlərinin dostudur, bizimlə vaxtaşırı görüşür. Yüksək dərəcədə humanist və alicənab insandır. Novruz bayramında yüzlərlə məhbusu əfv etdi. Onların içərisində konkret cinayət əməlinə görə ittiham olunanlar vardı”. 
 

“Onların qanını yoxlamaq lazımdır”

 
B.Sadıqov hesab edir ki, Azərbaycan prezidentinin heç kimin məsləhətinə ehtiyacı yoxdur. Onun sözlərinə görə, İ.Əliyev nəinki ölkənin problemlərini həll edir, eyni zamanda bəşəriyyətin problemlərinə də diqqət yetirir: “Meydan TV-dəki insanlar düzgün, Azərbaycanı sevən insanlardırsa, niyə gedib başqa dövlətdə otururlar? ”Azərbaycan saatı" verilişi də onun kimi. Onların hər ikisinə səslənirəm - əgər orda xalqını sevən insanlar çalışırlarsa, bir gün gəlib Azərbaycanda otursunlar. Şəhid olan Azərbaycan əsgərinin ailəsinin kədərinə şərik olsunlar. Bu dəqiqə Azərbaycanda elə bir ruh yüksəkliyi var ki... Torpaqlarımız qayıdıb, Azərbaycan ordusu öz gücü, qüdrəti ilə erməni ordusunu əzib sındırıb. Bu gün Ermənistan prezidenti generalları işdən qovur. Bu, bizim uğurumuzdur. Düşmənin başını itirdiyi, ölkəsində uğursuzluq əhvalının olduğu dönəmdə hər kəs vətənin təəssübünü çəkməli, onun müdafiəsində olmalıdır. Kiminsə, nəyinsə qrantına, ianəsinə, xaricdə azad yaşamağa görə onun-bunun tapşırığı ilə Azərbaycan, onun prezidenti əleyhinə iş aparmaq cinayətdir. Mən o  cür adamların qanının təmizliyinə şübhə edirəm. Həmin ərəfədə iqtidar-müxalifət ayrımı olmadı. Hamı birləşdi. Bəs xaricdə onun-bunun pulu ilə banlayanlar niyə xalqın yanında olmadı?" 
 
Baş redaktorun sözlərin görə, “Azərbaycan” qəzeti “Vaşinqton Post”a cavab verməyəcək. Müsahibimiz dedi ki, hazırda prezidentimiz qlobal işlərlə məşğuldur: “Azərbaycanın milli təəssübkeşliyi olan jurnalistləri də bu işləri təbliğ etməli, dünyaya ölkənin qüdrətini göstərməlidir. Biz də hazırda bununla məşğuluq”.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.