ATƏT-in monitorinq komissiyasının apardığı araşdırmalardan sonra, mayın 11-i və 12-də də Ermənistan ordusunun bölmələri Azərbaycanın yaşayış məntəqələrini və ordumuzun mövqelərini atəşə tutub. Cavab atəşi ilə susdurulan düşmənin bir hərbçisi məhv edilib. Cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarının başladığına və Azərbaycan ordusunun düşmən mövqelərini darmadağın etdiyinə dair sosial şəbəkələrdə məlumatlar yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı isə yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. “Hazırda Tərtər istiqamətində sakitlikdir. Ümumiyyətlə, bütün cəbhə xətti boyu nisbi sakitlikdir. Ola bilər ki, cəbhəyanı ərazilərdə haradasa Silahlı Qüvvələrin bölmələrinin atış təlimləri keçirilir deyə, bəziləri gurultu səslərindən bunu cəbhədə döyüş əməliyyatlarının başlaması kimi başa düşürlər. Amma həqiqətən də hələlik heç bir döyüş əməliyyatı keçirilmir. Silahlı Qüvvələrimiz bütün cəbhə xətti boyu vəziyyətə tam nəzarət edir” - nazirlik rəsmisi bildirib.
Düşmən ölkənin mətbuatı isə mayın 11-də erməni muzdlularının növbəti qrupunun cəbhənin Qarabağdakı ön xəttinə yola düşdüyü barədə xəbər yayıb. Virtualaz.org bu barədə ru.1in.am saytına istinad edib. Qeyd edək ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti dəfələrlə Ermənistanı Dağlıq Qarabağa əsgər göndərməməyə, əksinə, işğal altındakı ərazilərdən hərbçilərini dərhal çıxartmağa çağırsa da, İrəvan beynəlxalq qurumları saya salmayaraq PKK-çıları, Suriya və Livandan gətirilən muzdluları, terrorçuları Qarabağda yerləşdirir. Bu isə Azərbaycanı düşmənlə güc dili ilə danışmağa vadar edir. Reallıq bundan ibarətdir ki, Bakının təmkinli siyasətinə İrəvandan adekvat reaksiya yoxdur. Son zamanlar erməni cəmiyyətindəki, o cümlədən ordudakı kütləvi narazılığı Sərkisyan rejimi cəbhədə gərginlik yaratmaqla arxa plana keçirməyə, diqqəti özündən yayındırıb “xarici düşmənə” kökləməyə yönəltməyə cəhd edir. İşğalçı bizim ərazilərimizdə bizə qarşı hətta kimyəvi silahlardan, fosforlu mərmilərdən istifadə etdiyi halda, Azərbaycana qarşı silah embarqosunun tətbiqi barədə absurd tələblər irəli sürür. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan Qarabağ münaqişəsi tərəflərinə silah tədarükünə embarqo qoyulmasına çalışır. Düzdür, o, münaqişənin “bütün tərəflərini” embarqoya çağırıb. Ancaq məntiqlə embarqo işğalçıya qarşı tətbiq olunmalıdır, təbii ki, Ermənistan ilhaq olunmuş ərazilərdə möhkəmlənməyə çalışır və silah almağa imkanlarının olmaması da faktdır. Ancaq Azərbaycan nəyin bahasına olursa-olsun ərazilərini azad etməyə qərarlıdır, bu səbəbdən düşmən təşvişdədir.
Vəziyyətin kritikliyini anlayan həmsədrlər növbəti dəfə prezidentlərə müraciət ediblər. Diplomatlar prezidentlər səviyyəsində görüşün baş tutması üçün hərəkətə keçiblər. “Baş verən son zorakılıqla əlaqədar təmas xəttində gərginliyin azaldılması zərurətindən çıxış edərək inanırıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinin vaxtı yetişib. Bizim xarici işlər nazirləri gələn həftə Vyanada bu görüşə təkan verməyə hazırdırlar. Onların əsas məqsədləri atəşkəs rejiminin qorunması və baza elementləri və prinsipləri əsasında danışıqların yenilənməsi üçün münbit şərait yaradacaq etimad quruculuğu tədbirlərinə nail olmaqdır”. ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun birgə bəyanatında belə deyilir. Ancaq az qala iki illik fasilədən sonra, özü də Ermənistanın həyasızcasına şərtlərlə danışdığı, üstəlik, gərginliyin pik həddə olduğu bir zamanda, XİN başçılarını belə bir araya gətirməyin çətinliyi şəraitində prezidentlərin görüşünün bu tezliklə təşkili o qədər də inandırıcı görünmür.
Politoloq Şahin Cəfərli də “Yeni Müsavat”a dedi ki, ya həmsədr ölkələrin XİN başçıları, ya da Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək: “Əslində həmsədrlər prezidentləri görüşdürməyə çalışır. Yəni görüş ola bilər. Amma gələn həftə olacağına inanmıram. Əvvəl nazirlər görüşəcək yəqin. Çünki prezidentlərin görüşündə hansısa nəticə əldə olunması üçün əvvəlcədən fundament hazırlanmalıdır, nələrsə razılaşdırılmalıdır. Yoxsa növbəti nəticəsiz görüşün bir mənası olmaz. Əgər prezidentlərin görüşəcəyi dəqiqləşərsə, onda güman etmək olar ki, hansısa razılıqlar əldə olunub və ya olunacaq. Çünki bu mərhələdə həmsədrlərin nəticəsiz bitəcəyi qabaqcadan bəlli olan görüş təşkil edəcəyi inandırıcı deyil. Görüş yəqin ki, olacaq. Amma prezident hələ yekun qərar verməyib”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu görüşün perspektivini görmür:“Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən Vyana görüşündə yalnız bir mövzunun müzakirəsini tələb etməliyik: Ermənistan ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır, ya yox? Əks halda, Vyanadakı görüşünün əhəmiyyəti yoxdur və dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, bu, imitasiya xətrinə görüş olacaq. Belə görüşlər bizi geri sala bilər. Çünki 22 ildə aparılan məhz bu cür görüşlər Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasına, status-kvonun qorunmasına şərait yaradıb. Elə bu görüşü təşkil edən Minsk Qrupu həmsədrlərinin də məqsədi münaqişəni həll etmək yox, tərəfləri atəşkəsə riayət etməyə çağırmaqdır. İşğal davam etdikcə bu çağırış əvvəlki tək Ermənistanın xeyrinə işləyəcək”.
Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-ə sədrliyi həyata keçirən Almaniya Federativ Respublikasına getməsi və ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayerlə təkbətək görüşməsi də maraqlı hadisədir. Qeyd edək ki, Berlin Qarabağ münaqişəsinin həllində aktiv rol oynamaq niyyətini gizlətmir, hətta 7 bənddən ibarət Qarabağ təkliflərinin olduğu barədə məlumatlar da dövriyyədədir. Bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyan da Almaniyaya səfər etmişdi və kansler A.Merkellə görüşmüşdü. Almaniyanın xanım lideri yay aylarında prezident İlham Əliyevin də bu ölkəyə səfər edəcəyini demişdi.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdən öncə hər iki nazir jurnalistlər üçün birgə bəyanatla çıxış ediblər. Görüş zamanı Azərbaycan-Almaniya münasibətləri, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb (APA).
Məlumata görə, Azərbaycan-Ermənistan münaqişəsinə toxunan Məmmədyarov Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə almaniyalı həmkarına ətraflı məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.
Azərbaycan XİN-in başçısı Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində “Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları” mövzusunda geniş məruzə ilə çıxış edib. Nazir beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını xatırladaraq Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına əməl etmədiyini, əksinə, son vaxtlar cəbhə xəttinə yaxın ərazidə yaşayan azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib.
Nazir Almaniya kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Kristof Hoysqenlə də görüşüb. Bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Politoloq Elxan Şahinoğluna görə, böyük ehtimalla Məmmədyarovun Berlinə səfəri Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırladığı 7 maddəlik təkliflə bağlıdır: “Təsadüfi deyil ki, Almaniya xarici işlər nazirinin bir neçə aydan sonra bölgəyə səfəri də planlaşdırılır. Ancaq bütün hallarda hesab edirəm ki, həm ATƏT-in hazırkı sədri Almaniya, həm də superdövlət statusuna iddia edən və Cənubi Qafqaza marağı olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Kremlə veriblər. Çünki əgər Berlin 7 maddəlik təkliflər paketi hazırlayıbsa, həmin sənədi dərhal müzakirəyə çıxarmalı və elə prezidentlərin növbəti görüşünü Berlində təşkil etməli idi. Ancaq ləng tərpəndikləri üçün Kreml danışıqlarda nəzarəti əlində saxlamağa çalışır”.
Politoloq Arzu Nağıyev isə azərbaycanlı nazirin qatıldığı tədbirə diqqət çəkdi: “Almaniyada keçirilən tədbir miqyasına görə mühüm bir platformadır. Tədbirdə Bundestaqın deputatlarının, dövlət təşkilatlarının təmsilçilərinin, xarici ölkə diplomatlarının, mətbuat nümayəndələrinin və bir sıra digər qurumların iştirakı mühüm amildir. Yəni bu gün Avropanın tək enerji təhlükəsizliyinin təmin edilməsində deyil, bir sıra meqalayihələrin həyata keçirilməsində Azərbaycanın mühüm bir partnyor olduğunu çatdırmaqla bərabər, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana beynəlxalq qanunlar, o cümlədən BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyi də ön plana çəkilməlidir. Buna görə də ATƏT sədrliyinin Almaniya tərəfindən həyata keçirildiyini də nəzərə alsaq, cənab Məmmədyarovun səfəri vacib və mühüm bir səfərdir. Ola bilər ki, nazir Almaniya rəsmiləri ilə görüşündə aprel ayında Almaniyanın 7 bəndlik Qarabağla bağlı təklifləri də müxtəlif detallarla müzakirə predmeti olsun”.
Məhz indiki situasiyada Rusiya prezidenti Vladimir Putinin regiona səfər edəcəyi barədə intensiv xəbərlərin yayılması da suallar doğurur. Aprelin 5-də Moskvada əldə olunan atəşkəs razılaşmasının faktiki olaraq işləmədiyi şəraitdə Putinin bölgəyə nə ilə gələcəyi sualına isə cavablar müxtəlifdir. Politoloq Arzu Nağıyev xatırlatdı ki, Rusiya liderinin səfəri barədə yayılan məlumatlar hələlik öz rəsmi təsdiqini tapmır:“Hətta səfər baş tutsa belə, məlumdur ki, əsas məsələ yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlarla bağlı ola bilər. Bu, atəşkəsə də aid edilə bilər. Və növbəti regional müqavilələr, Rusiya- Türkiyə münasibəti və digər məsələlərin də müzakirə predmeti olması istisna edilmir.
ATƏT sədri bundan əvvəl həmsədrləri də qəbul edərək Qarabağla bağlı müzakirələr aparmışdı. Həmsədrlərin sırasında rusiyalı diplomatların da olduğunu nəzərə alsaq, deyə bilərik ki, proses razılaşdırılmış qaydada aparılır. O mənada Moskvanın da prezidentlərin görüşündə maraqlı olduğunu söyləmək olar. Ancaq işğalı davam etdirməkdə maraqlı olan və şərtlə danışan Ermənistan prezidenti ilə görüşə Bakı çətin ki, maraqlı olsun. Heç Azərbaycan cəmiyyəti də bu kimi mənasız görüşləri təqdir etmir".(musavat)