banner
banner

Hərbİ

Azərbaycanın dostu İsrailin müdafiə naziri oldu - ermənilər dərd içində

Azərbaycanın dostu İsrailin müdafiə naziri oldu - ermənilər dərd içində
İsrail XİN-in sabiq rəhbəri və “İsrail bizim evimizdir” mühafizəkar partiyasının lideri Aviqdor Libermanın ölkənin müdafiə naziri vəzifəsinə təyin edilməsi Azərbaycanda məmnunluqla qarşılanıb. Azərbaycana daim dost mövqeyi ilə seçilən A.Liberman hətta bir müddət öncə ölkəmizdə olarkən “burada özümü vətənimdəki kimi hiss edirəm” demişdi. Bu mənada hesab olunur ki, onun təyinatı İsrail-Azərbaycan münasibətlərində yeni səhifə açacaq.
 
“Aviqdor Libermanın İsrailin müdafiə naziri vəzifəsinə təyin olunmasından sonra Azərbaycanla yüksək səviyyədə olan mövcud hərbi texniki əməkdaşlıq daha da inkişaf etdiriləcək”. Bunu milli.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib. Onun sözlərinə görə, Liberman Azərbaycanın dostu olan bir şəxsdir və onun müdafiə naziri vəzifəsinə təyinatı Azərbaycan-İsraril münasibətlərini daha da gücləndirəcək: “Ümumiyyətlə, Azərbaycan-İsrail münasibətləri həmişə xoş olub və bu qarşılıqlı olub. Azərbaycanda çox tolerant ölkə olaraq bütün etnoslara, eyni zamanda burada yaşamış və indi yaşayan yəhudilərə qarşı gözəl münasibət bəslənilib. Yəhudilər dünyanın harasında yaşasalar, bunu həmişə etiraf edirlər. İsraildə, yəhudilərdə Azərbaycana qarşı çox böyük sevgi var və biz bunun dəfələrlə şahidi olmuşuq. Ona görə də strateji məsələlərdə İsraillə Azərbaycan arasında tərəfdaşlıq öz yerində, amma bu iki xalq arasında da bir-birinə qarşı böyük sevgi var. Dostumuz Libermanın müdafiə naziri postuna təyin olunması bu məsələni daha da gücləndirəcək, yeni bir üstünlük verəcək”.
 
Deputatın fikrincə, Libermanın bu təyinatından sonra İsraillə Azərbaycan arasında yüksək səviyyədə olan mövcud hərbi-texniki əməkdaşlıq daha da inkişaf etdiriləcək: “Dövlətlərin bir-birinə münasibəti institutlaşmış məsələdir. Bu vəzifədə hər hansı başqa fərd olsaydı da, bu münasibət dəyişməyəcəkdi. Bu, dövlətlərarası münasibətlərdir. Zaman elə gətirib ki, bəzi dostlarımız və düşmənlərimiz eynidir. Üstəlik, bu xalqların bir-birinə tarixi bağlılığı və tarixi sayğısı var. Bu əməkdaşlıq kimin nə etməsindən, hansısa etirazlarından asılı olmayaraq davam edəcək. Amma daha yaxın bir dostumuzun da birbaşa vəzifə başında olması bu sahədə işləri daha da sürətləndirəcək və o, bu işlərin öhdəsindən sevə-sevə gələcək.
Dağlıq Qarabağ münaqişəsi bölgəsində cəbhə xəttindəki məlum aprel döyüşlərindən sonra ermənilər Azərbaycanla sıx hərbi-texniki əməkdaşlıq etdiyinə görə İsraili ciddi tənqid etdilər, bəzən isə bu ölkəyə qarşı açıqcasına düşmən münasibət sərgilədilər. Təbii ki, erməni tərəfi çalışacaq ki, bizim dostlarımız az, düşmənlərimiz çox olsun. Amma bizim onların istəklərinə alternativ davranışlarımız var. Hesab edirəm ki, son 20-25 ildə Azərbaycanın dostlarının sayını artırıb düşmənlərini azaltması işi ermənilərdən qat-qat yaxşıdır və istiqamətdəki uğurlarımız davam edəcək". 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Liberman Azərbaycanla əlaqələrə önəm verən əsas israilli siyasətçilərdəndir: “Azərbaycanın isə İsrailin modern silahlarına ehtiyac var. Düşünürəm ki, Liberman müdafiə naziri vəzifəsində İsrail-Azərbaycan hərbi əməkdaşlığına daha güclü təkan verəcək”. 
Ekspert Azərbaycanın xarici işlər naziri Araz Əzimovun İsrailə səfərinə də toxundu: “Həm azərbaycanlı nazir müavininin İsrailə, həm də böyük ehtimalla Libermanın Azərbaycana mümkün səfəri iki ölkə arasındakı əlaqələrin sürətlə irələləməsindən xəbər verir. Növbəti mərhələdə Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsi gəlir. Ancaq bunu İsrail hakimiyyəti özünə dərd eləmir. Çünki Azərbaycan tək-tük müsəlman ölkələrəndəndir ki, İsraillə strateji tərəfdaşlığa malikdir və İsrail hakimiyyəti bundan məmnundur”.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak isə “Trend”ə açıqlamasında deyib ki, A.Liberman bu vəzifədə müdafiə sahəsində deyil, xarici və strateji siyasətdə, xüsusilə İsrailin region ölkələri ilə qarşılıqlı əlaqələrində böyük təcrübəyə malik insan kimi böyük fayda verəcək: “Azərbaycan üçün də fayda görürəm. Liberman əvvəlcədən Azərbaycanla sıx əlaqələr qurmağa və möhkəmləndirməyə başlayan siyasətçi olub. Onun sayəsində hazırda iki ölkənin belə yüksək səviyyəli əməkdaşlığı var, xüsusilə müdafiə və təhlükəsizlik sahələrində”.
Qeyd  edək ki, aprel döyüşlərində Azərbaycanın İsrail istehsalı olan aparatlardan istifadəsi nəticəsində Ermənistan ağır itkilər vermişdi. Məhz bundan sonra İrəvan İsrailə etiraz məktubu göndərərək Təl-Əvivi Bakı ilə hərbi əməkdaşlıqdan imtinaya çağırsa da, İsraildən müsbət cavab ala bilməmişdi. Azərbaycanın dostunun İsrail ordusunun başına gəlməsi isə işğalçı dövləti daha ağır situasiya ilə üz-üzə qoyur.
Cia.az 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.