Türkiyə-Azərbaycan hərbi təlimləri dünya mediasında - ermənilər təşvişdə
“Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə bizim hərbçilərin də iştirak etdiyi ”Efes-2016" beynəlxalq təlimlərini izləməsi çox ciddi və dərin hərbi-siyasi əhəmiyyət kəsb edən bir hadisə sayılmalıdır". Hərbi ekspert Üzeyir Cəfərov bunu “Yeni Müsavat”a açıqlaması zamanı bildirib.
Ü.Cəfərov indiyə kimi iki ölkənin iştirakı ilə bu tipdə təlimlərin olduğunu da vurğuladı. Amma əlavə etdi ki, həm Türkiyənin prezidenti, həm baş naziri ordunun bütün rəhbər şəxslərinin müşayiəti ilə ilk dəfədir ki, belə birgə hərbi təlimlər baş tutur.
Ekspertə görə, türk dünyası əslində çox böyük sınaq qarşısındadır: “Türk birliyindən xoflanan və bu birliyə qarşı olan qara qüvvələr var gücləri ilə çalışır ki, Türkiyənin artan nüfuzu aşağı düşsün, türkdilli dövlətlərə rəsmi Ankaranın təsir dairəsini daraltsın, əməkdaşlıqlarını məhdudlaşdırsınlar. Ancaq bütün bunlara baxmayaraq, türkdilli dövlətlərin Silahlı Qüvvələri də öz üzərində praktiki müstəvidə, müxtəlif ikitərəfli və çoxtərəfli təlim-toplanışlarda ciddi hazırlaşırlar. Hər zaman özünü Türkiyənin, eyni zamanda Ankaranı öz yanında görən ölkəmiz və Silahlı Qüvvələrimiz də çalışır ki, NATO-nun sayılıb-seçilən ölkələrindən və ordularından biri olan Türkiyə ilə birgə təlimlər kəmiyyət baxımından daha çox keyfiyyət baxımından diqqəti cəlb etsin”.
Ü.Cəfərovun sözlərinə görə, birgə fəaliyyət bəzi qüvvələrdə o qədər də müsbət qarşılanmır və bu da təbiidir: “Rusların özləri Ermənistanda təlimlər keçirir. Görünən odur ki, yaxın perspektivdə regiondan vəziyyət heç də sakit məcrada davam etməyəcək. Ələlxüsus da yay aylarında Qarabağ məsələsinin tənzimlənməsində sözün həqiqi mənasında çox ”isti ab-hava"nın olması mümkündür. İyunda savaş risklərinin artacağı barədə ehtimalları mən də bölüşürəm və tam ciddi surətdə bəyan etmək istəyirəm ki, ermənilərin hətta itirdikləri yüksəklikləri geri qaytarmaqla bağlı hədələri də sıradan adi hadisə sayılmamalıdır. Deməli, bizim hələ bilmədiyimiz və Moskvadan idarə olunan ssenarilərin işə düşəcəyi ehtimalı çox yüksəkdir. Subyektiv fikir kimi səslənsə də, deməliyəm ki, düşmənlərimiz və havadarları aktiv hazırlıq işləri görürlər. Bu mənada qardaş Türkiyənin iştirakı ilə biz də öz işlərimizi lazımi səviyyədə təşkil etməklə daim diqqətli olmalıyıq".
Bu arada İngiltərənin nüfuzlu “Deyli Meyl” qəzeti Türkiyədə keçirilən və Azərbaycanın da iştirak etdiyi “Efes-2016" beynəlxalq hərbi təlimdən yazıb (axar.az) “Şok və dəhşət” başlıqlı məqalədə “Efes-2016" barədə ətraflı məlumat verən qəzet təlimlərin Rusiya və Türkiyə münasibətlərinin gərgin və Yaxın Şərqdə münaqişələrin qızğın olduğu dövrə təsadüf etdiyinə diqqət çəkib.
Azərbaycan ordusunun güclənməsi Ermənistanda və Qarabağ separatçıları arasında təşviş doğurmaqdadır. Qondarma “DQR”in keçmiş “müdafiə naziri”, bugünlərdə Rusiyadan qayıdan və tezliklə Qarabağda fəaliyyətə başlayacağını elan edən general Samvel Babayan AzadlıqRadiosunun erməni xidmətinə bunu etiraf edib. (virtualaz.org) Samvel Babayan deyib ki, Azərbaycan böyük sayda silahlar alır, bu zaman əsas vurğunu artilleriyaya, raket və hərbi-hava qüvvələrinə yönəldir, təmas xəttindəki erməni mövqelərini, habelə şəhərləri və kəndləri yerlə bir etməyi planlaşdırır. Onun sözlərinə görə, Ermənistanın nə maddi, nə insan resursları ilə Azərbaycanla ayaqlaşmaq imkanı yoxdur. “Siz təsəvvür edirsinizmi, onlar Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini yerləşdiriblər. Sual yaranır: niyə? Qarabağa zərbə endirmək üçün? Belə olsaydı onlar həmin sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirərdi. Biz danışanda ki, hücuma hazırıq, rəqib hökmən bundan istifadə edəcək və artıq İrəvana zərbə endirəcək. İrəvandan Naxçıvana cəmi 42 kilometrdir. Bu silahlar, həmin reaktiv sistemlər 70-150 kilometr məsafəni vurur. Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıq? Bakıda çay içəcəyik deməklə iş bitmir ki? Bilirsiniz, Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, onlar tezliklə Yerevana çatacaqlar və burada çay içəcəklər. General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o qədər raketin qabağında dayana bilməyəcək... Əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə orada adam dayana bilər? O nə deməkdir ki, bizim əsgərin döyüş ruhu yüksəkdir? Onlar raketi tutacaqlar, yoxsa əsgər mərmini havada ovlayacaq? Biz əsgərin təhlükəsizliyi haqda düşünməliyik”-Samvel deyib.
“Hərbi rəhbərlik xalqı aldadıb deməməlidir ki, biz iki raketlə Bakını yerlə bir edəcəyik. Hansı ki, heç həmin raketlərin gücünü və imkanlarını başa düşmürlər. Öz xalqını aldatmaq olmaz” - Babayan deyib.
S.Babayanın sözlərinə görə, Ermənistanın Rusiyadan 200 milyon dollar kredit götürüb Azərbaycanın aldığı silahlardan-"Smerç" və ağır odsaçanlardan alması anlaşılmazlıqdır, düzgün taktika deyil. “Bu o deməkdir ki, onlar bizi vuracaq, biz də onları? Biz Azərbaycanın malik olduğu bütün silahlardan ala bilmərik. Azərbaycan uzunmüddətli müharibəyə hazırlaşır, bu siyasətə qarşı dayanmaq üçün resurslar lazımdır. Ermənistanda isə resurslar yoxdur”- Babayan bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.