İyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən görüş ərəfəsində Azərbaycan-Ermənistan cəbhəsində nisbi sakitlik müşahidə olunsa da, ümumi vəziyyət gözlənilməz və arzuolunmaz hadisələrin hər an baş verə biləcəyini deməyə imkan verir.
Təsəvvür edin ki, Azərbaycan işğal altındakı ərazilərin azad olunması barədə prinsipial mövqeyini bəyan etmək şərtilə danışıqların növbəti raunduna razılaşdığı halda, Ermənistan Qarabağ ərazisində süni məskunlaşmanı davam etdirir. Hansı ki, aprel döyüşlərdən sonra bəlli oldu ki, işğal altında yaşayan azsaylı əhali belə bir durumdan canını qurtarmaq üçün yollar arayır və qaçmağa meyllidir. Ancaq silah gücünə Qarabağda saxlanılan mülki əhalinin sayını artırmaq istəyən işğalçı ölkə Ağdərədə yeni kənd saldığı barədə xəbərləri dövriyyəyə buraxmaqla bir az da ajiotajı səngitməyə, üstəlik, Azərbaycana qarşı güc nümayiş etdirməyə çalışır. Modern.az xəbər verir ki, mərkəzi Livanda yerləşən Erməni Kilikiya kilsəsinin maliyyə dəstəyi ilə Dağlıq Qarabağda yeni yaşayış məntəqəsi inşa olunur. Belə ki, işğal altındakı keçmiş Ağdərə rayonu ərazisində, Sırxavənd və Kiçan kəndləri arasındakı geniş sahədə inşa olunan yeni yaşayış məntəqəsi Yeni Kilikiya adlanır. Erməni kilsəsinin maliyyəsi ilə inşa olunan kəndin ilk 10 evi artıq istifadəyə verilib, daha 20 evdə isə son tamamlama işləri aparılır. Düşmənin bu davranışı ondan xəbər verir ki, Ermənistan torpaqları Azərbaycana qaytarmaq niyyətində deyil və bu, hərbi əməliyyatları zəruri edir.
Elə Azərbaycan ordusunun Sankt-Peterburq görüşünün keçirildiyi gün genişmiqyaslı hərbi təlimlərə başlaması da işğalçıya və onun havadarlarına mesaj məqsədi daşıyır. Təlimlərin keçirilmə ərazisi olaraq cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib. Artıq bu təlimlər düşməni ciddi şəkildə narahat edib. Erməni politoloq Ruben Mehrabyan Azərbaycan və Rusiyanın Vyana razılaşmalarından imtina etmək istədiklərini söyləyib.
“Qarabağ münaqişəsi bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin təlimləri həm Ermənistana, həm də ATƏT-in həmsədrlərinə mesajdır”, - deyə o bilidirib. “Bu mesaj təkcə Azərbaycandan deyil, həm də Rusiyadan gəlib”, - deyə davam edən Mehrabyan Rusiyanın Azərbaycana satdığı T-90 tankları xatırladır. Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan isə Azərbaycan ordusunun Naxçıvanda keçirdiyi hərbi təlimlərlə bağlı bəyanat yayıb.
Musavat.com erməni mətbuatına istinadən bildirir ki, ermənilərin fikrincə, Azərbaycan ordusunun hərbi təlimləri barədə qabaqcadan onlara xəbər verilməli imiş. Belə ki, ermənilərin iddiasına görə, ATƏT-in 2011-ci il Vyana sənədlərinə əsasən təlimlərdə 9000-dən çox şəxsi heyətin, 250 döyüş tankının, 250 özüyeriyən artilleriya qurğusunun və reaktiv sistemlərin iştirak etdiyi halda iştirakçılar məlumatlandırılmalıdır. Ermənilər Azərbaycanın iştirakçı tərəfləri belə bir informasiya ilə təchiz etmədiyini bildirib.
Düşmən həm də ondan ehtiyatlanır ki, Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən “İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb, bu da işğalçının rahatlığını pozan növbəti addımdır. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib. Təlimlər iyunun 30-dək davam edəcək. Təbii ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün ordusunu döyüşə tam hazır vəziyyətə gətirməkdə tam haqlıdır, hansısa qüvvə onu öz iradəsindən çəkindirə bilməz.

Bazar ertəsi Putinin vasitəçiliyi ilə baş tutan Sankt-Peterburq görüşü barədə hələ ki konkret bir fikir demək mümkün deyil. Putinin mətbuat katibi Dmitri Peskovun dediklərindən belə aydın olub ki, əslində Rusiyanın əsas məqsədi atəşkəsi saxlamaqdır. “İndi əsas vəzifə hərbi əməliyyatların bərpa olunmasından sığortalanmaq və Qarabağ ətrafında toqquşmaların başladığı məqamda mövcud olan boşluqlara imkan verməməkdir” - Peskov bildirib. Rusiya prezidentinin sözçüsü etiraf edib ki, qarşıdakı danışıqlar mürəkkəb olacaq.
Politoloq Elxan Şahinoğlu Sankt-Peterburqda görüş başlamazdan Kremlin Azərbaycana mesaj göndərməsini təsadüfü saymır: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədi kimi hərbi əməliyyatların bərpasından sığortalanmaq olduğunu göstərib. Bəs münaqişənin həlli? Təəssüf ki, mənim Sankt-Peterburq görüşü ilə bağlı proqnozlarım doğrulmaqdadır. Hazırkı mərhələdə - bu mərhələnin nə qədər uzanacağını kimsə bilmir - Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur. Putin topu bizim meydana atır. Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da müdafiədə paslanmalıyıq”.
İlkin məlumatlara görə, Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb. Ermənistan prezidenti Serj Sərkisyan isə Qarabağ məsələsinin nizamlanmasında göstərdiyi səylərə görə Putinə təşəkkür edib. “Bizim Qarabağa dair mövqeyimiz hamıya bəllidir. İstəyirik ki, məsələ müstəsna olaraq sülh yolu ilə həll olunsun. Lakin təəsüf ki, təkcə bir tərəfin istəyi ilə belə münaqişələr həll olunmur. Əgər biz əvvəl əldə edilmiş razılaşmalar üzrə irəliyə gedə bilsəydik yaxşı olardı” - Sərkisyan deyib.
S.Sərkisyanın növbəti dəfə özünü “mələk” donunda təqdim etməyə çalışdığı aydın görünür. Ancaq Azərbaycan prezidenti Rusiyaya yola düşməzdən öncə demişdi ki, Bakı daha 20 il danışıqların davam etməsinə dözmək fikrində deyil. Milli Məclis sədrinin müavini Bahar Muradova da demişdi ki, iyun görüşündən sonra Azərbaycan qəti qərarını verəcək.
Bu arada bəzi deputatlar da səfərbərlik çağırışı ilə çıxış edir. Cəmiyyətdə əksəriyyətin mövqeyi belədir ki, görüş nəticəsiz başa çatsa, o halda Azərbaycan əməliyyatlara başlamalıdır. Formula-1 yarışlarından sonra savaş risklərinin artacağı barədə də çox deyilib və bütün müşahidələr vəziyyətin gərginləşəcəyi versiyası üzərində dayanmağa əsas verir.
Politoloq Arzu Nağıyev hesab edir ki, Rusiya təşəbbüsü ələ almaqla bir nüfuz davasına girişib: “Təbii ki, burada onun öz maraqları var. Əgər Dağlıq Qarabağ münaqişəsinin həlli məhz Rusiya vasitəsilə həll edilərsə, artıq Qərbin sanksiyalarına da yenidən baxması mümkündür. Digər tərəfdən, sülh bərqərar olsa, Rusiya silah bazarında müəyyən geriliklər edir. Ermənistan Rusiyanın vassalı olmaqla yanaşı, onun iqtisadiyyatının 95 faizi Rusiya ilə bağlıdır. Onların hər ikisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdürlər. Belə olan halda, Rusiya öz sözünün ermənilərə deməklə yanaşı, münaqişənin həllində dönüş yarada bilər. Düşünürəm ki, Rusiya bu məsələdən yüksək səviyyədə istifadə etməlidir”.
A.Nağıyevin fikrincə, Azərbaycan sözügedən görüşdə sərt, diktə edən tərəf kimi çıxış edə bilər: “Sonuncu Vyanada keçirilən görüşdə Azərbaycan tərəfi üzərinə yalnız atəşkəsin bərqərar edilməsi ilə bağlı öhdəliklər götürmüşdü. Lakin bugünkü görüşdə Azərbaycan daha sərt çıxış etmək imkanına malikdir. Artıq münaqişənin həlli istiqamətində konkret addımların atılmasının vaxtı gəlib çatıb. Hesab edirəm ki, bu görüşdən sonra ATƏT-in Minsk Qrupu konkret addımlarla bağlı bəyanatlar verəcək və görüşdə əsas müzakirəsi də məhz bu olacaq. Bütün bunlara baxmayaraq, sonuncu variant kimi təbii ki, münaqişənin hərbi yolla həlli gündəmə gələ bilər və bu olsa, erməniləri danışıqlar masasına əyləşdirmək olar. Bu isə Sərkisyana baha başa gələ bilər. Ona görə də o, həm daxili müxalifəti lokallaşdırmalı, həm də xarici havadarlarla razılığa gəlməlidir. Bir sözlə, bütün variantlarda ”zaman bizə işləyir"".
Politoloq hərbi əməliyyatları real sayır. Ancaq hesab edir ki, hərbi əməliyyatların uzun sürmə ehtimalı azdır:“Çünki son hadisələr göstərdi ki, bunu regional güclər də istəmir. Buna görə də istər Qərb, istərsə də cənab Putin başda olmaqla, Rusiya bu tarixi şansdan istifadə etməlidirlər. Əks təqdirdə, mühüm tərəfdaşlarının inamını tam itirməklə üz-üzə qalacaqlar”.
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət addımdır. "Trend"in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib.
M.Mard vurğulayıb ki, Aİ münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyir:“Avropa İttifaqı olaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün səyləri, o cümlədən ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyirik. Bu görüş, əlbəttə ki, münaqişənin həlli istiqamətində müsbət bir addımdır”.
O qeyd edib ki, münaqişənin hərtərəfli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun qurulması vacibdir, çünki status-kvo qəbuledilməzdir.
Hər halda, Rusiyadan fərqli olaraq, Avropada status-kvonu qəbulolunmaz sayırlar. Bu, Qarabağ məsələsinə münasibətdə Qərb-Rusiya ziddiyyətlərinin görünən tərəfidir. Hər halda, görünən budur ki, status-kvonu saxlamaq istəyən Rusiya “Qarabağın açarını” özündə saxlamaqda qərarlıdır.
Cia.az