Britaniya şoku Türkiyəni Aİ-yə yaxınlaşdırır, yoxsa...
Böyük Britaniyanın Avropa Birliyini (AB) tərk etməsindən günlər ötməsinə baxmayaraq, məsələ gündəmdən düşmür. Qurum hələ də bunun şokunu yaşayır. Artıq krallığın yerini doldura biləcək dövlətlərlə bağlı ilkin versiyalar səsləndirilir.
İddiaçılardan ilk göz önünə gələn ölkə Türkiyədir. Bəs İngiltərənin qərarı qardaş ölkənin AB-yə üzvlük yolunu asanlaşdıra, ümumiyyətlə, Türkiyə bir güclü dövlət olaraq onun yerini tuta bilərmi?
Politoloq Şahin Cəfərli hesab edir ki, Böyük Britaniyanın AB-dən çıxması qardaş ölkəni quruma üzv olmaqdan daha da uzaqlaşdırır: “Böyük Britaniyanın Avropa Birliyindən çıxması Türkiyəni nəinki bu qurumun üzvlüyünə yaxınlaşdırmır, əksinə, daha da uzaqlaşdırır. Britaniya əhalisinin 52 faizinin birlikdən çıxmağa səs verməsinin səbəbləri arasında məhz Türkiyə amili də var. Belə ki, ”Brexit" tərəfdarları AB-nin Türkiyə ilə viza rejimini ləğv etməyə hazırlaşdığını və bunun nəticəsində Türkiyədən milyonlarla insanın Avropaya, o cümlədən Britaniyaya axışacağını, hətta Türkiyənin yaxın zamanlarda AB-yə üzv qəbul olunacağını və bununla da miqrant probleminin daha da kəskinləşəcəyini sürəkli vurğulayaraq əhalini qorxutmağa nail oldular. Baş nazir Kemeron “Türkiyə bəlkə 3000-ci ildə AB-yə qəbul oluna bilər” bəyanatını məhz bu təbliğat kampaniyası ilə əlaqədar verərək, əslində bununla Türkiyənin heç vaxt birliyə tamhüquqlu üzv qəbul olunmayacağına işarə etmişdi.
Britaniyanın ittifaqdan çıxmaq qərarı verdiyi bir vaxtda, bu qurum daha çox öz daxili problemləri ilə məşğuldur və yaxın illər üçün gündəmdə genişlənmə məsələsi yoxdur. AB hazırda böhran dönəminə qədəm qoyub və qarşıdakı illərdə təşkilat əsas enerjisini məhz bu böhrana son qoymağa, Avropa idealını qorumağa və yenidən populyarlaşdırmağa sərf edəcək. Belə bir vəziyyətdə heç bir Avropa dövləti və lideri Türkiyənin nəinki üzv qəbul edilməsi, heç bu məsələnin gündəmə gəlməsinə və aktuallaşmasına da imkan verməz. Britaniyadakı qorxular əslində bütün Avropaya xasdır. Kütləvi miqrant axını terrorizmlə birlikdə Avropa-Qərb sivilizasiyası üçün bu gün başlıca təhdidə çevrilib və bunun nəticəsində Qərb toplumlarında özünüqoruma instinkti və onun diktə etdiyi içə qapanma refleksi önə çıxıb".
Politoloq Avropada daim Türkiyəyə qarşı soyuq münasibətin olduğunu da qeyd etdi: “Əslində Avropa Birliyi -Türkiyə əlaqələrinin tarixinə nəzər salsaq, görərik ki, hazırkı qlobal terror və miqrasiya probleminin olmadığı vaxtlarda da Avropada Türkiyəyə hər zaman soyuq münasibət mövcud olub. Türkiyənin AB ilə yaxınlaşma prosesi 1963-cü ildə tərəflər arasında imzalanmış Ankara anlaşması ilə başlayıb. Türkiyəyə namizəd ölkə statusu isə bundan düz 36 il sonra - 1999-cu ildə keçirilən Helsinki sammitində verilib. Düzdür, 2000-ci illərdə Türkiyə-AB əlaqələrində ciddi inkişaf müşahidə edilib, 2005-ci ildən etibarən tərəflər arasında üzvlük müzakirələri başlayıb. Lakin AB tərəfi bu məsələdə heç vaxt səmimi olmayıb və təsadüfi deyil ki, Almaniya ilə Fransa Türkiyənin quruma tamhüquqlu üzvlüyünün əleyhinə çıxaraq, bunun əvəzində ”imtiyazlı ortaqlıq" təklif ediblər, Ankara isə bu təklifi qəbul etməyəcəyini bildirib. O zamandan bəri müzakirə prosesində Türkiyənin önünə müxtəlif əngəllər çıxarılıb, o cümlədən 2004-cü ildə üzvlüyə qəbul olunan Kipr yunanları Türkiyə ilə müzakirələrə veto qoyublar. Avropada Türkiyəyə soyuq və şübhə ilə yanaşılmasının tarixi əsasları var və bu tarixçə 1453-cü ildə İstanbulun fəthinə gedib çıxır. İstanbulu ələ keçirərək Avropaya açılan və 1529-cu ildə Vyana qapılarına qədər irəliləyən Osmanlı orduları Avropada böyük panika və qorxu yaradıb.
Bu qorxunun avropalıların alt şüuruna yerləşməsi nəticəsində o vaxtdan bu günə türklərə münasibətdə bir fobiya yaranıb. Digər tərəfdən, Türkiyənin böyüklüyü, demoqrafik və iqtisadi göstəriciləri də Avropa Birliyində hər zaman bu ölkəyə münasibətdə ehtiyatlılığa, şübhəyə rəvac verib. Türkiyə və türklərə soyuq münasibətin təməl səbəbi isə Türkiyənin Avropa üçün yad olan başqa bir sivilizasiyaya - İslam sivilizasiyasına aid bir ölkə olmasından qaynaqlanır. Belə bir ölkəni həzm etmək, öz içərisində əritmək Avropa üçün heç də asan deyil.
Hazırda bu ənənəvi qorxu və şübhələrə miqrant problemi də əlavə olunub. Başqa bir tərəfdən, son illər Türkiyə daxilində baş verən siyasi proseslər, AKP iqtidarının avtoritarlaşma meylləri Türkiyənin AB-yə üzvlük üçün müəyyənləşdirilmiş Kopenhagen siyasi kriteriyalarına uyğunluğu mövzusunda müəyyən suallar yaradıb ki, bütün bu səbəblər toplusunu nəzərə aldıqda, Türkiyənin yaxın, hətta orta perspektivdə AB-yə qəbulunun imkansız olduğunu söyləyə bilərik.
Britaniyanın AB-dəki boşluğunu hansı ölkənin doldura biləcəyinə gəldikdə isə Britaniyanın iqtisadi potensialını və hərbi qüdrətini göz önünə alsaq, qitədə ikinci belə bir ölkənin mövcud olmadığını qeyd etməliyik. Azərbaycan-Avropa Birliyi münasibətlərinə gəldikdə isə tərəfdaşlıq əlaqələrinin inkişafında hər hansı problem yaranacağını zənn etmirəm. Həm AB, həm də ayrılıqda Britaniya Azərbaycanın önəmli xarici ticarət tərəfdaşlarıdır və əlaqələrin bundan sonrakı inkişafı bütün tərəflərin faydasınadır".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.