Dövlət qəzeti “Space”ni “vurdu” - zənci aparıcı işdən çıxarıldı
İyulun 18-də “Space” televiziyasında hava proqnozunu qaradərili Tendai Sherenin təqdim etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Afrika qitəsində yerləşən Zimbabvenin Marondera şəhərində anadan olan Tendai Bakıda Xəzər Universitetində təhsil alır. “Space” telekanalında efirə çıxması ilə hər kəsi təəccübləndirən əcnəbi xanımın artıq işdən azad olunması barədə xəbərlər də yayılıb.
İyulun 21-də “Azərbaycan” qəzeti “Space” televiziya kanalında hava proqnozunu qaradərili qadının aparması ilə bağlı məqalə dərc edib. Məqalə belə bitir: “Əgər ”Space"çilər bununla həm də tamaşaçıları təəccübləndirmək istəyirdilərsə, rahat nəfəs ala bilərlər. Bu onlara müyəssər oldu!
Bizi də əməlli-başlı təəccübləndirdilər:
* zövqsüzlükləri ilə;
* Azərbaycan qadınının gözəlliyinə biganəlikləri və dönüklükləri ilə;
* ən nəhayət, Azərbaycan dilinə hörmətsizlikləri ilə!
O yazıq “Afrika gözəli”nin dili də söz tutmur axı!
Mübarəkdir! Çox uğurlu yaradıcılıq “tapıntısına” görə təbrik edirik!"
Xatırladaq ki, qaradərili birinin yerli telekanalda aparıcılıq etməsi Azərbaycan televiziya tarixində ilk deyil. İllər öncə Xose Bernardo adlı yeniyetmə ANS telekanalında öncə idman, sonralar isə hava haqda xəbərlər təqdim edib. O, hazırda fəaliyyətini ATV-də davam etdirir.
Qeyri-azərbaycanlı olmağına baxmayaraq təmiz azərbaycanca danışması ilə diqqət çəkən Yelena Sideronko ANS-in “Xəbərçi” proqramının aparıcılarından olub. Bəs daha öncə qaradərili Xose Bernardonun aparıcılığını qəbul edənlər indi niyə Tendai Sherenin ekran qarşısına çıxmasını tənqid edir? Əcnəbi şəxslərin yerli televiziyada aparıcılıq etməsi doğru deyilmi?
“Yeni Müsavat” qəzetinin əməkdaşı sözügedən məsələ ilə bağlı media eksperti Qulu Məhərrəmli ilə əlaqə saxlayıb. O bildirib ki, “Space” televiziyası fərqlənmək üçün qaradərili xanımı efirə çıxarıb: “Televiziyalar ciddi nüanslarla fərqlənməyəndə bu cür eksprementlərə meylli olurlar. Düşünürəm ki, hava proqnozunu əcnəbi xanımın aparması bu ekspermentlərdən biridir. O vaxtlar ANS-də idman xəbərlərini qaradərili Xose Bernardo aparırdı və normal qarşılanırdı. Televiziyanın yazılmamış qanunları var. ”Space" televiziyasının rəhbərliyi öncə xanımın aparıcılıq etməsinin necə qarşılanacağını düşünməli idi. Bu halların necə qarşılanacağı tamaşaçının duyumundan asılıdır. Qaradərili birinin aparıcılıq etməsi mənfi hal deyil. Lakin hava proqnozu ciddilik tələb edir, qaradərili xanımın efirə çıxması fikirləri yayındırıb. Əyləncəli proqramı qaradərili şəxsin aparması daha tez qəbul olunar və verilişi daha maraqlı edər. Düşünürəm ki, “Space” televiziyası doğru addım ataraq o xanımı efirdən uzaqlaşdırıb. Televiziyaların bu cür eksperment aparmasına pis baxmıram, amma öncədən düşünmələrini tövsiyə edirəm".
Q.Məhərrəmli əlavə edib ki, Tendai Sherenin aparıcılığının birmənalı qarşılanmamasına səbəb nitqində qüsurların olması ilə bağlı ola bilər: “Televiziyada nitq elementi vacibdir. Tendai xanımın tənqidlərə məruz qalmasının səbəblərindən biri də nitqində qüsur olmasıdır. Ona görə də telekanal rəhbərləri əcnəbi vətəndaşları efirə buraxmamışdan öncə sınaq mərhələsindən keçirsinlər”.
Tendai Sherenin “Space” televiziyasından uzaqlaşdırılması barədə yayılan xəbərləri dəqiqləşdirmək üçün telekanalın icraçı direktoru Kamil Şahverdiyevlə əlaqə saxlasaq da, o zənglərimizi cavabsız qoydu.
Qeyd edək ki, publika.az saytına açıqlamasında Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov “Space” TV-nin efirinə çıxarılan əcnəbi aparıcının Azərbaycan dilinin qaydalarını pozması məsələsinə münasibət bildirib.
T. Dadaşov deyib ki, səlis, aydın və mükəmməl nitqə malik aparıcıların seçilməsi və işə qəbul olunması televiziya və radio yayımçılarının səlahiyyətinə aid olduğundan aparıcıların efir məsuliyyəti də bilavasitə yayımçıların məsuliyyəti kimi dəyərləndirilməlidir: “Teleradio aparıcıları tərəfindən sözlərin tələffüz formasının dəyişdirilməsi və ədəbi dilin normalarına etinasızlıq göstərilməsi halları yolverilməzdir. ”Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində Dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı Xüsusi Qaydalar"ında da bu qaydalara əməl etmək tələb edilir. “Space” televiziyasının efirinə çıxarılan əcnəbi aparıcının nitqində müəyyən qüsurlar var. Artıq iyulun 20-dən sözügedən aparıcının başqası ilə əvəz edildiyi müşahidə olunub. Lakin həmin aparıcının nitqini təkmilləşdirərək efirə çıxmasında heç bir problem yoxdur. Kanalın qanunvericiliyin tələblərini pozmadan fərqli eksperimentlərdən istifadə etməsi normaldır".
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.