Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonundakı yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxs qismində dindirilən "Poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi Miryusif Mahmudov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisənin qəsdən törədildiyini göstərib: “Həmin gün günorta saatlarında yanan binanın qarşısına gəldim. Sonra səhhətim pisləşdi. Yanğın heç vaxt bu şəkildə ola bilməzdi. Yanğın baş verən vaxt MTN-dən ofisimizə yoxlama gəldiyini bildirdilər, dərhal ofisə qayıtdım. Ofisdə 29 MTN işçisi şirkəti yoxlamağa gəlmişdi, məni MTN-ə dəvət etdilər. Orada ifadəmi aldıqdan sonra prokurorluğa apardılar”.
“2012-ci ildə MTN "Texnikabank"da əməliyyat keçirdi və oradakı bank hesabımızı öyrəndikdən sonra bizə qarşı təqiblərə başladı, MTN-ə dəvət etdilər. 2014-cü ildə qəti şəkildə telefonlarımın dinləndiyinə və avtomobilimin izləndiyinə əmin olmuşdum", - deyə M.Mahmudov əlavə edib.
Təqsirləndirilən şəxs Binəqədidəki yanğının təxribat olduğunu deyib: “Demirəm ki, bu hadisəni sabiq MTN edib, mən başıma gələnləri danışıram".
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi işləmiş rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Cia.az


