Fasilədən sonra təqsirləndirilən İlqar Abdullayev tərəflərin suallarını cavablandırıb. O, heç bir vəsaitin mənimsənilməsinə iştirak etmədiyini, pulların necə xərcləndiyini bilmədiyini deyib. Cahangir Hacıyevin özü ilə birbaşa ünsiyyəti olmasa da, onun adından verilən qərarları yerinə yetirib.
Sonra təqsitrləndirilən Yusif Ələkbərov ifadə verib. 2001-2012-ci illər arasında bankda işlədiyini, filial rəhbəri olduğunu deyən Y.Ələkbərov heç bir mətəşəkkil dəstənin üzvü olmadığını bildirib: “Mənim əvvəlki işimdə 1 milyon 800 min manatdan söhbət gedirdi. Ona görə məhkumluq həyatı yaşamışam. Bank rəhbərliyi o zaman məni həbs etdirmişdi. Ona görə də mütəşəkkil dəstə və məminsəmə ittihamı mənə gülməli gəlir. Mən bu sualları müstəntiqə də verdim. Onu da deyim ki, kredit rəsmiləşdirildikdən sonra pullar baş ofiisdən götürülürdü. Necə və kim tərəfindən götürüldüyünü bilmirəm”.
Təqsirləndirilən Kənan Orucov ifadəsində hazırda ev dustaqlığında olduğunu, bank yaranandan etibarən orada işlədiyini, 2003-cü ildən 2015-ci ilə qədər nəqliyyat filialının müdiri olduğunu, sonradan öz ərizəsi ilə işdən çıxdığını bildirib: “İnterSecurity” şirkətinin 18 əməkdaşının adına 16 milyona yaxın kredit ayrılmalı idi. Bizə belə bir göstəriş gəlmişdi. Ancaq bizim filialda o qədər pul yox idi. Biz sadəcə olaraq rəsmiləşdirməni həyata keçirmişdik, pulu isə Baş idarədən götürdülər. Bizim koorperativ müştərilərimiz olurdu. Cahangir Hacıyev mənə əsasən büdcə təşkilatlarına kredit ayrılması ilə bağlı deyirdi. Ümumiyyətlə, bizə göstəriş verilirdi ki, kredirlər ayrılsın. Mən o kreditlərin hara xərcləndiyini bilmirdim”.
Hazırda ev dustaqlığında olan təqsirləndirilən Məmməd Cahangirov ifadəsində bildirib ki, 2001-ci ildən 2011-ci ilə qədər Beynəlxalq Bankın Nərimanov filialının, 2011-dən sonra isə Sənaye filialının müdiri olub: “Baş idarənin qərarları əsasında böyük kreditləri vermişəm. Aydın Mehdiyevin adına verilmiş kredit Ukraynada metal alveri biznesinə yönəlmişdi. Aydın Mehdiyev mənə zəng edirdi və deyirdi ki, bu qədər kredit ayrılmalıdır. Mən də Baş idarə ilə danışırdım. Orada olan Akif Əliyev bunun əleyhinə idi. Digər tərəfdən də Aydın Mehdiyev zəng edirdi. Mən də məcbur olub Arif Əliyevin yanına gedib dedim ki, Aydın Mehdiyev zəng vurub kredit ayrılmasını istəyir. Onun otasğında olanda o Cahangir Hacıyevlə əlaqə saxladı. Cahangir Hacıyev Akifə dedi ki, ayrılsın. Bundan sonra kredit ayrıldı. Kredir komitəsinin bu cür kreditlərlə bağlı qərarı sənədlər yığılmamışdan əvvəl gəlirdi. Adam gəlirdi, sonra sənədlər yığılırdı. Mən ümumiyyətlə, həmişə çalışırdım ki, qanuna əməl edək. Mən deyirdim ki, adamlar özləri gəlsin, imza etsin, kredit verilsin. Ayrılan pulun hara getməsindən, xərclənməsindən xəbərim olmayıb. Biz nə edə bilərdik ki? Biz sadəcə memorandum yaza bilərdik ki, bu cür kreditlərin ayrılıması təhlükəlidir. Ancaq bu o demək idi ki, biz öz hökmümüzü çıxarırdıq. Həm də bir məsələ var ki, kimin gəlib qol çəkməsindən asılı olmayaraq, əgər pul oradan çıxarılmalı idisə, çıxarılacaqdı”.
Cahangir Hacıyev isə bu vəsaitin Ukrayna və Albaniyada armatur biznesinə ayrıldığını, sürücüsü Aydın Mehdiyevlə Məmməd Cahangirovun şərikli iş gördüklərinin deyib. Məmməd Cahangirov isə Cahangir Hacıyevin bu çıxışına qəzəbli cavab verib: “Cahangir müəllim, Allahınız olsun. Niyə yalan danışırsınız? Mənim bu biznesə aidiyyətim olmayıb. Mənim iş yerimin dəyişdirilməsi də rotasiya qaydasında olub”.
Cia.az


