Aprel ayındakı 4 günlük müharibədən sonra Qarabağa dair nizamlama prosesində nəhayət ki, sıçrayışın baş verəcəyinə inam ölmək üzrədir. Təəssüf ki, ötən 5 ayda Azərbaycan və Ermənistan prezidentlərinin qatıldığı cəmi iki yüksək səviyyəli görüş keçirilib ki, bu təmaslar da yalnız ənənəvi şablon, sırf xoşməramlı bəyanatların verilməsi ilə yadda qalıb, irəliləyişə gətirməyib. Nə Vyana şəhərindəki sammit, nə də böyük ümidlər bəslənən prezidentlərin Sank-Peterburq görüşü real həll mexanizmini işə salmaq üçün yetərli olmayıb.
Belə təəssürat yaranır ki, vasitəçi dövlətlər atəşkəs rejiminin ömrünü daha da artırmaqla öz işlərini bitmiş hesab edirlər və mövcud situasiya, nə hərb, nə sülh vəziyyəti onları yeni də qane odur. Ola bilsin bu üzdən, yəni müəyyən arxayınçılıq səbəbilə sülh təşəbbüskarlığı sönük çəkil alıb, müharibə riskləri unudulub.
Lakin aprel eskalasiyası kövrək və nisbi sabitliyə bel bağlamağın nə qədər təhlükəli olduğunu bütün dünyaya sərt şəkildə nümayiş etdirdi. Azərbaycan və ordusu göstərdi ki, o, daha bir neçə il işğal rejiminə dözüm göstərmək niyyətində deyil. İşğala dözüm limiti artıq bitib. Aprelsonrakı situasiyanın əsas özəlliyi də elə budur - sülhün əldə olunması ləngiyərsə, hərb variantı qaçılmaz olacaq, ordumuz düşməni zorla öz ərazilərindən çıxarmaq zorunda qalacaq.
Söz yox ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bunu da bilməmiş deyillər və faktiki surətdə Azərbaycan əsgəri tərəfindən 5 ay öncə dəyişdirilən status-kvonun fərqindədirlər. Hər necə olmasa, onların nəsə etməyə çalışması belə bir kövrək qənaət yaradır. Sabah isə onlar Moskvada bir araya gəlib danışıqlar prosesini irəli aparmaq üçün daha bir cəhd edəcəklər. Alınacaqmı? Söyləmək çətindir.
*****
Atəşkəsin süni şəkildə uzanması, deyəsən, bu arada işğalçı Ermənistanda da arxayınçılıq yaradıb. Belə ki, aprelin acı dərsini unudan təcavüzkar ölkədə yenidən köhnə bayatılar, maksimalist tələblər və absurd iddialar səslənməyə başlayıb. Bir çox erməni siyasiləri, ekspert və generalları yenə də “göylə” getməkdədirlər.
O sırada belə görünür, erməni silahlı birləşmələrinin komandanları da aprel döyüşlərində aldıqları zərbədən və məruz qaldıqları psixoloji sarsıntıdan aylar sonra özlərinə gələ bilmək üçün boşboğaz təbliğatdan səmərəli üsul fikirləşə bilməyiblər. Virtualaz.org xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma “müdafiə naziri” Levon Mnatsakanyanın növbəti müsahibəsi belə qənaətə gəlməyə əsas verir.
Mnatsakanyan nə deyib? İddia edib ki, əgər apreldə Ermənistan rəhbərliyi hərbi əməliyyatların dayandırılmasına razılıq verməsəymiş erməni tərəfi “başqa xarakterli vəzifənin” yerinə yetirilməsinə hazır imiş. Halbuki aprel döyüşlərində Azərbaycan ordusunun Qarabağda cəbhənin iki istiqamətində ermənilərin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə, yaxud bir saata darmadağın etməsi ermənilərin özləri tərəfindən də təsdiqlənən faktdır.
Bu, əməliyyatların birinci günü baş verib. Sonrakı üç gündə isə tərəflərin səyləri əsasən əldə edilmiş hərbi üstünlüyün qorunub saxlanılmasına və itirilmiş mövqelərin qaytarılmasına hesablanmışdı. Azərbaycan ordusu itkilər hesabına da olsa, ələ keçirdiyi mövqelərin böyük hissəsini əldə saxlaya bildi. Ermənistan ordusunun isə ciddi itkilər versə belə, həmin mövqeləri geri almaq üçün göstərdiyi səylər nəticəsiz qaldı.
Hərçənd ki, həmin günlərdə erməni rəhbərliyinin boşboğazlığı və guya bütün mövqelərin geri alındığı, hərbi əməliyyatların dayandırılmasına dair razılığın ancaq bundan sonra verildiyi haqda bəyanatları yaddan çıxmayıb. Bu bəyanatlar internet mənbələrində indi də qalır. Hansı ki, çox keçmədən elə ermənilərin özləri birinci açıqladılar ki, 4 günlük müharibədə nə qədər mövqe itirilib və nə qədər ərazi Azərbaycanın nəzarətinə keçib - 2000 hektar (Erməni tərəfi ictimaiyyəti sakitləşdirmək üçün rəqəmi kiçildərək rəsmən 800 elan edib).
Sual yaranır: o zaman o hansı “başqa vəzifə” imiş ki, Serj Sərkisyanın atəşkəs barədə Moskvaya israrlı müraciətləri general Mnatsakanyana onu yerinə yetirməyə imkan verməyib? Bəlkə 4 günlük döyüşlərdə miskin durumu üzə çıxan erməni qüvvələri itirdiyi mövqeləri geri almaq bir yana, üstəlik, yeni ərazilər də tutmağa hazırlaşırmış ki, Moskvanın israrları nəticəsində hərbi əməliyyatların dayandırılması buna mane olub?
Şübhəsiz ki, ermənilərin belə imkanı olsaydı onu qətiyyən əldən verməzdilər. O zaman Mnatsakayanın demoralizə olmuş ordusu bizə hörmətmi edib? Əlbəttə ki, yox. Ancaq aradan bir neçə ay keçəndən sonra erməni ordusunun darmadağın edilmiş məğlubedilməzlik imicini bərpa etmək üçün indi nə qədər desən boşboğazlıq etmək olar...
*****
Doğrudur, son aylarda düşmən təmas bölgəsində hərbi-texniki xarakterli müəyyən işlər görüb, öz mövqeyini gücləndirməyə çalışıb - hansını ki, Azərbaycan ordusu ciddiyə almamış deyil. Lakin bunlar çətin ki, hərbi balansın bərpası üçün kifayət eləsin. Ən azı ona görə ki, iqtisadiyyatı rüşeym şəklində olan, sürətlə boşalan və hətta orduya çağırışçı problemi yaşayan Ermənistanın Azərbaycanla müqayisədə böyük müharibə aparmaq potensialı yoxdur. Hamı bilir ki, Rusiya amili olmasa, Azərbaycan qısa zamanda bu miskin və acından ölən təcavüzkarın layiqli cavabını verər.
“Bu gün Azərbaycan ordusu bütün Dağlıq Qarabağ ərazisini nəzarət altında saxlamağa imkan verən strateji yüksəkliklərə malikdir və bu, lazım gəldikdə uğurlu döyüş əməliyyatlarını aparmaq üçün istifadə ediləcək”. Bu barədə sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (axar.az). Politoloq da əmindir ki, əhalisinin sayı günbəgün azalan, iqtisadiyyatı ölən Ermənistan Azərbaycan torpaqları hesabına çox yaşaya bilməz.
“Açığı, görünür, ermənilərlə xoşluqla Azərbaycanın ərazi bütövlüyünü təmin edən nəticələrə nail ola bilməyəcəyik. Çünki o dərəcədə ağlasığmaz xəyallarla məst olublar ki, hətta cəsarət edib Ağdam, Füzulinin adını dəyişdirirlər. Bütün bunlar göstərir ki, kiçik xalq böyük arzularla yaşaya bilməz. Hərbidə belə bir söz var - barıtı hər zaman quru saxla. Reallıq ondan ibarətdir ki, ərazi bütövlüyümüzün bərpası prosesi elə də asan olmayacaq. Rusiya müəyyən reveranslar etsə də, bunların hamısı heç də səmimi deyil. Çünki 4 günlük savaşdan sonra Sərsəng su anbarını almaq üzrəydik. Sərsəng su anbarı Azərbaycanın böyük bir ərazisinin suvarılması, aqrar sektorun inkişafı üçün tükənməz bir mənbədir” - ekspert qeyd edib.
Q.Hüseynli son günlər Müdafiə Nazirliyinin apreldə ələ keçirilən yüksəkliklərdə möhkəmləndirmə işləri ilə bağlı göstərişini qətiyyən təsadüfi saymır: “Lələtəpə, Talış yüksəkliyinin davamı olan və Tapqaraqoyunlu kəndinə qədər uzanan 14 yüksəkliyin hamısında ciddi texniki işlərin aparılması tələb olunur. Sözügedən yüksəkliklər kodlaşdırılmış şəkildə minalanıb və ciddi qoşun kontingenti yerləşdirilib. Vaxt gələcək, həmin yüksəkliklər Dağlıq Qarabağın daha uzaq nöqtələrini vurmaq üçün döyüş yüksəkliyi kimi istifadə ediləcək. O diplomatiya uğur qazanır ki, onun arxasında güclü ordu dayanır. Azərbaycan da məhz bu prinsiplə hərəkət edir”.
Politoloq hazırda Ermənistanın hərəkətlərinin diqqətlə öyrənildiyini və buna uyğun nəticələr çıxarıldığını deyib: “Ermənilərin indiyəqədərki hərəkətlərinin heç biri uğurlu danışıqlar diplomatiyası üçün zəmin yaratmır və sülh üçün təminat vermir. Bu səbəbdən Azərbaycan bir tərəfdən payızda danışıqlara hazırlaşır, digər tərəfdən isə hərbi potensialını artırır. Çünki Azərbaycan, belə getsə, danışıqları sabotaj edən Ermənistanla hərbi dildə danışmaq məcburiyyəti qarşısında qalacaq”.
*****
Görünür, hadisələr elə bu yöndə də inkişaf edir. İşğalçı ölkə və onun xalqına qaranlıq perspektiv vəd edən bu prosesi yenə yalnız Ermənistanın özü durdura bilər - Qarabağ məsələsində, nəhayət, “daşı ətəyindən töküb”, maksimalist tələblərindən əl çəkib ədalətli və real mövqe tutmaqla. Bir daha vurğulamağın yeri var: sülh, yoxsa müharibə seçimini ilk növbədə erməni xalqı edəcək. Hansını seçsə, onu da alacaq.
musavat