banner
banner

Gündəm

Tələbələr niyə intihar edir...

Tələbələr niyə intihar edir...
Son illər gənclərin, xüsusən də tələbələrin intihar etməsi halları artıb. Bu, həm təhsil, həm də sosial problemlərlə əlaqəlidir. Ali məktəblərin kredit sisteminə keçməsi tələbələrdə müəyyən narahatlıqlar da yaradıb ki, bu, onların psixologiyalarına ciddi təsir edir. Heç yerdən gəliri olmayan tələbənin tək düşüncəsi bu kəsir kreditini ailəsinə yük olmadan necə ödəməsiylə bağlıdır.
 
Əgər tələbənin ali məktəbdə hansısa bir fəndən kəsiri olarsa, o həmin fənnin əlavə tədrisinə görə pul ödəməli, daha sonra həmin fənn üzrə dərslərdə təkrar iştirak etməli və yenidən imtahan verməlidir. Kreditin qiyməti isə tələbənin neçə balla kəsilməsindən asılı olaraq dəyişir. Vay o günə ki, tələbənin bir yox, bir neçə kəsiri olsun.

Təbii ki, tələbələrin canına qəsd etməsini sırf bu səbəblə bağlamaq da düzgün olmazdı. Məsələn, oktyabrın 10-da Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, 22 yaşlı Hüseyn Abbasov özünü yaşadığı yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar etdi. Ali məktəbə qəbul olarkən 670 bal toplayan tələbənin intihar etməsi nə qədər dəhşətlidirsə, bir o qədər də müəmmalı qaldı. Tələbənin kəsiri olduğu deyilsə də, bu səbəb deyil. Çünki Bakı Ali Neft Məktəbində kəsirə görə kredit ödənilmir. Hüseynin atasının təkidi ilə orada təhsil aldığı və təhsil müəssisəni dəyişmək istədiyi qeyd edilir. Ancaq atası buna qarşı çıxıb. Hüseyn intihar edən ilk tələbə deyil. 2016-cı il ərzində 5 tələbə canına qıyıb. Fevralın 8-də Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi Nigar Vahabova da yaşadığı mənzildə intihar etmişdi. İyun ayında Ağdam rayonu, Mirəşelli kənd sakini, Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əfqan Məmmədov Sumqayıtda kirayə qaldığı evdə intihar etmişdi. Yanvar ayının 10-da isə Sumqayıt Dövlət Universitetinin 1-ci kurs tələbəsi Rumiyyə Qasımova imtahandan kəsildiyi üçün özünü dənizə atıb. 
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi Aysel Ağaməmmədova da 17-ci mərtəbədən özünü ataraq öldürüb. Səbəb isə nişanlısından ayrılması olub. 
 
Göründüyü kimi, tələbələrin intihara cəhdləri müxtəlif səbəblərdən baş verir.
 
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, təhsil müəssisələrinin rəhbərləri uşaqlarla münasibətdə həddindən artıq ehtiyatlı olmalıdır: “İntihar fenomeni çox mürəkkəbdir. Bu barədə cildlərlə kitablar yazılıb. Təəssüflər olsun ki, bizdə bu istiqamətdə ciddi tədqiqatlar aparılmır. Çox vaxt biz intiharı özünü öldürənin psixoloji durumu ilə əlaqələndiririk. İndiki dövrdə uşaq, yeniyetmə və gənclərin oxuduqları təhsil müəssisələrinin rəhbərliyi onlarla münasibətdə həddindən artıq ehtiyatlı olmalıdırlar. Televiziyalar və digər Kütləvi İnformasiya Vasitələri  intiharların qarşısının alınması istiqamətində heç bir iş görə bilmir. Bununla bağlı danışanlar isə çox vaxt diletantlar olurlar. Ali məktəb tələbələrinin kəsrlərlə bağlı əlavə vəsait ödəmələri halları ucbatından kritik duruma düşüb intihara əl atmaları 1-2 nəfər istisna olmaqla, geniş yayılmayıb. Bakı Ali Neft Məktəbinin tələbəsinin intihar etməsini bununla bağlamaq tamamilə yanlışdır. Bu ali məktəbdə təhsil pulsuzdur. Və  burada tələbədən kəsrlərə görə vəsait tələb olunması qeyri-mümkündür. Neft məktəbindən də bildirdilər ki, onun psixoloji durumunda problem olub. Bakı Ali Neft Məktəbi normal təhsil mühiti olan ali məktəblərimizdən biridir. Bu gün gənclər və yeniyetmələr sosial şəbəkələrdən geninə-boluna istifadə edirlər. Məncə, onların daha çox kitab oxumağa cəlb olunması üçün maarifçilik işləri gücləndirilməlidir. Buna uşaqların məktəb yaşından başlamaq lazımdır. Açıq danışaq. Yanlış dini-ekstremist təbliğatların da mənfi təsiri özünü göstərməkdədir. Çox vaxt gənclərin valideynləri ilə mübahisələri onların sosial şəbəkələrdən ifrat şəkildə istifadə etmələri, siqaret və spirtli içkilərə qurşanmaları, radikal dini cərəyanlara meyllənmələri ilə bağlı olur. Buraya valideynlərin uşaqlarının ixtisas seçimi istəklərinə qarşı çıxmalarını da əlavə etmək olar. Bunlarla bağlı onların iradəsinin əleyhinə gedildikdə uşaqlar psixoloji sarsıntı keçirir və belə durumlar həm də intiharla nəticələnir. Cəmiyyətdə nizam- intizam qaydalarının qorunması üçün böyüklərdə maraq olmalıdır. Belə marağı çox vaxt hiss etmirik. Özgələşmə dəhşətli dərəcədə dərinə işləyib. İntihar və digər sosial bəlalarla mübarizə üçün populyar ədəbiyyatlar yox səviyyəsindədir. Belə olan halda nədən başlamaq lazım gəldiyini çox vaxt bilmirik”.
 
Psixoloq Dəyanət Rzayev bildirdi ki, gənclərin intihar etməsinin səbəbi yalnız təhsil deyil: “Bu gün insanlar arasında sanki ali məktəbə giriş balı üstündə mübarizə, bəhs gedir. Halbuki bunun heç bir fərqi yoxdur. Ola bilər ki, intihar edən tələbə həssas olub. Bu gün belə bir mənfı münasibət var ki, kim az bal yığdı, kimin imtahandan kəsiri oldu o, qınaq obyektinə çevrilir. Onlar buna görə gülünc obyektivə çevrilməkdən qorxurlar. Kəsir olan zaman müəllimlər və valideynlərin özü bunu yumşaq qəbul etməlidir. Kəsirin var, imtahan verib keçəcəksən. Axı burada faciəli bir şey yoxdur. Təəssüflər olsun ki, bu gün belə bir pis yanaşma var. Gənclərin intihar etməsinə tək səbəb təhsillə bağlı deyil. Bu gün sosial mühit də normal deyil və insanlar daxilində sanki bir qorxu yaşayırlar. Tələbənin 4 kəsiri varsa, o, ali məktəbdən qovulmaqdan qorxur.  Valideynlər uşağı necə tərbiyə edirlər, oxumasan gedib küçə süpürərsən və sairə. Valideynləri də qohumlar qıcıqlandırır ki, sənin uşağın oxumadı, kəsiri var və ya ali məktəbə girə bilmədi və sairə. Valideyndə özünün bisavadlığından başlayır uşağının üstünə düşməyə və onu qınamağa. Azərbaycanda insanlar ali təhsil almağa, nəsə öyrənməyə yox, diplom almağa üstünlük verirlər. İntihar edən tələbənin ailə mühitinin necə olduğunu bilmirik. 4 dənə kəsir onun intihar etməsi üçün sadəcə olaraq bir təkan olub. Elə tələbələr var ki, institutdan qovulur, heç intihar etmir. Bu gün bizdə təhsil sistemi çox bərbad vəziyyətdədir. Xarici ölkələrdə ali məktəbə qəbul imtahansızdır. Biz də isə qəbul imtahanını dəbə çeviriblər. Elə insanlar var ki, diplomları var, amma savadları yoxdur. Çoxu heç iş də tapa bilmir. Dünyanın ən dahi insanlarının heç ali təhsili olmayıb. Belə bir nüansda var ki, ifrat savadlılar əksər vaxt xoşbəxt olmur. Orta bilik səviyyəsi olan insanlar həmişə həyatda uğur qazanır və xoşbəxt olur”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.