Tramp seçkilərin nəticəsini tanımasa nə baş verər?
Amerikada prezident seçkiləri yaxınlaşdıqca gərginlik artır. Noyabrın 8-də qarşıdakı 4 ildə dünyanın əsas güc mərkəzinə kimin rəhbərlik edəcəyinə aydınlıq gələcək. İndi siyasətlə maraqlanan insanları düşündürən suallardan biri də budur; Amerikanın növbəti prezidenti demokratların namizədi Hillari Klinton, yoxsa respublikaçıların namizədi Donald Tramp olacaq?
Seçkilər öncəsi prezidentliyə iddiaçılar arasında təşkil olunan debatlar ABŞ-ın gələcəyi üçün xoş heç nə vəd etmir. Namizədlər bir-birini ən ağır şəkildə təhqir etməkdən də çəkinmirlər. Keçirilən rəy sorğularının və Amerikanın ucqar yerlərində keçirilən seçkilərin ilkin nəticələri demokratların xanım namizədinin qələbəsinə olan şübhələri getdikcə aradan qaldırır. Nəticələrdə Klintonun Tramp üzərində üstünlüyü sezilməkdədir. Respublikaçıların namizədinin son günlərdə dedikləri isə dünya gündəminə oturub. Tramp seçkilərin saxtalaşdırıldığını iddia edib.
“Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, – Trampın bəyanatında bildirilir.
Daha öncə Tramp bəyan etmişdi ki, Amerika KİV-ləri prezident seçkiləri yaxınlaşdıqca onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atırlar. Hətta D.Tramp son debatda seçkilərdə məğlub olacağı təqdirdə nəticələrin tanınmasına dair suala cavab verməkdən imtina edib. Bu da ABŞ tarixində ilk dəfə olaraq, seçkilərin nəticələrinin tanınmayacağı ehtimallarını gücləndirir. Bütün bunlardan çıxış edərək, ekspertlər noyabrın 8-i seçkilərinin ABŞ-ın dünyadakı mövqeyinə, siyasətinə ciddi zərbə vuracağını proqnozlaşdırırlar. Hətta seçkilərdən sonra Amerikada respublikaçıların nəticələrə etiraz olaraq, aksiyalara start verə biləcəkləri də vurğulanır.
D.Tramp “Reuters” agentliyinə verdiyi son açıqlama da dünya tərəfindən narahatlıqla qarşılanıb. O bildirib ki, rəqibi Hillari Klinton prezident seçiləcəyi halda, aparacağı siyasət ölkəni üçüncü dünya müharibəsinə sürükləyə bilər.
“Klintonun Suriyaya dair heç bir planı yoxdur. Onun prezident seçilməsi üçüncü dünya müharibəsi ilə nəticələnəcək. O, Liviya məsələsi ilə olduğu kimi, nə etdiyini bilmir”, – deyə Tramp bildirib. Ekspertlər bu açıqlamanın Tramp tərəfindən Klintonun üzərində olan faiz üstünlüyünü aradan qaldırmaq məqsədilə işlədildiyini düşünürlər...
Politoloq Elxan Şahinoğlu bildirir ki, Tramp seçkilərin saxtalaşdırıldığını iddia edərsə, nəticələri tanımazsa, bu Amerikanın seçki tarixində mənfi yenilik olacaq: “İndiyə qədər belə hadisələr ABŞ-da olmayıb. Bir dəfə buna bənzər hadisə sadəcə yaşanıb. Corc Buşla rəqabətdə faktiki səs çoxluğu Albert Qorun tərəfində idi. Amma yekun nəticədə Buşu qalib elan etdilər. Əslində, o zaman Qor məhkəməyə müraciət edə bilərdi. Çünki realda ona daha çox səs verilmişdi. Bütün bunlar ABŞ-ın seçki sisteminin qarışıq olmasından irəli gəlir. Klinton və Tramp arasındakı debatlara baxanda şahidi oluruq ki, əsas mövzuları müzakirə etmək əvəzinə, küçə söhbətləri gedir. Bir-birilərinə qarşı çox nalayiq ifadələr işlədirlər. Satqınlıq ittihamları göydə uçuşur. Bunların çoxu da reallığı əks etdirmir. Trampla bağlı ittihamların çoxu özünü doğrultmur. Qadınlar peyda olub və deyirlər ki, Tramp onları döyüb, əziyyət verib. Amerika demokratiya acısından dünyaya nümunə olmaq istəyir. Amma yaşananlar yaxşı nümunə deyil. Tramp əgər nəticələri tanımasa, Amerika heç yerdə deyə bilməyəcək ki, filan dövlətlər demokratiyanı qorumalıdırlar. Təsadüfi deyil ki, Azərbaycanın dövlət kanalı neçə gündür ABŞ-dakı seçki sistemini tənqid edir. Bu o deməkdir ki, bizlərə ağıl öyrədirsiz, amma özünüz yazdığınız standartlara əməl etmirsiniz. Mark Tveni xatırlayıram. O vaxtı ilə Nyu-York ştatında qubernatorluğa namizədliyini irəli sürüb. Qəzetləri oxuyanda barəsində o qədər yalan, böhtan xarakterli xəbərlər görüb ki, sonda namizədliyini geri götürərək, bu qədər çirkaba batmaq istəmədiyini qeyd edib. İndi debatlara baxanda onu xatırlayıram, o qədər çirkab var ki, reallığın nədən ibarət olduğunu bilmək olmur. Əvvəlki seçkilərdə çox maraqlı debatların şahidi olurduq.
Əgər Tramp nəticələri tanımasa, çox böyük qalmaqala səbəb olacaq. Açığı bu məsələdə respublikaçı senatorların onu dəstəkləyəcəklərini düşünmürəm. Onsuzda Tramp partiyasının o qədər də güclü dəstəyini hiss etmir. Sonda Trampın belə riskli addım atacağı inandırıcı görünmür. Sadəcə indi rəqibinə təzyiq etmək üçün belə manevrlər edir. Onun məğlub olacağı ehtimalları artır. Vəziyyətdən çıxış üçün bu cür açıqlamalar verir. Sonda öz partiyadaşlarının ona təzyiq edib, siyasi sistemi xaosa sürüməmək tələblərinin olacağını düşünürəm. Dünyanın gözü Amerikadadır. Əgər seçkilərdə belə qalmaqallar olarsa, ABŞ-ın dünyadakı nüfuzuna və bölgədəki siyasətinə ciddi zərbə dəyər. Bu baxımdan yaxın çevrəsinin təzyiqi ilə Trampın nəticələri tanıması real görünür. Əks vəziyyət də ola bilər. Tramp tərəfdarlarını küçələrə də səsləyər. Bu da risklidir, çünki toqquşmalar yaşanar. Trampın əleyhinə olan qüvvələr də kifayət qədər güclüdür. Bu baxımdan qarşı tərəf də mitinqlərə çıxacaq. Amerikada belə hallar ara-sıra olub. Bu dəfə daha fərqli ola bilər. Bütün bunlar Amerikanın imicinə zərbə vurar, rəqiblərini isə sevindirər. Rusiya çox istəyirik ki, ABŞ-da seçkilərdə qarmaqarışıqlıq yaransın. Təsadüfi deyil ki, ilk dəfə olaraq, ruslar seçkilərə müdaxilə edir, kiber hücumlar təşkil edirlər. Əvvəllər internet yox idi və Rusiya Amerikadakı seçki sisteminə bu qədər müdaxilə edə bilmirdi. Hətta ehtimallar var ki, bu kiber hücumlarla bəzi məntəqələrdə səsvermə pozula da bilər. Bu baxımdan Tramp əvvəlcə öz tərəfdarları ilə məsləhətləşib, buna uyğun addımlar atmalıdır. Çünki sonradan onun özünə qarşı da cinayət işi açıla bilər, ölkəni qarışdırmaq və xaos yaratmaq maddəsi ilə. O həm də iş adamıdır. Vəsaitlərini də təhlükə altında qoymaz”.
Politoloq Trampın üçüncü dünya müharibəsi anonsuna da toxundu: “Bu seçkiqabağı ritorikadır. Bununla Klintonun mövqelərini zəiflətməyə çalışır. Amma Tramp bir neçə məsələdə haqlıdır. Klinton dövlət katibi olarkən uğurlu siyasət aparmadı. Rusiya ilə yaxınlıq alınmadı, Liviya terror yuvasına döndü. Bu da Qəddafinin devrilməsində birbaşa rolu olan Klintonun günahı idi. Tramp deyir ki, Obama və Klintonun siyasəti İraq, Əfqanıstan və Liviyada bataqlığa gətirib çıxardı. Bu seçkilər olmasa belə, onsuzda Amerikanın nüfuzu getdikcə zəifləyir. Suriya və digər bölgələrdə idarəolunmaz proseslər baş verir. Yaranan yeni qütblər ABŞ-ın hegemonluğuna qarşı mübarizə aparır. Flippin kimi müttəfiq ölkənin rəhbəri bəyan edir ki, Amerikanı saymıram, yeni müttəfiqim Rusiya və Çindir. Bütün dünya üzrə ABŞ-ın 700-ə yaxın hərbi bazası var. Bu baxımdan ABŞ hegemonluğunu bir müddət də qoruyacaq. Soyuq müharibədən sonra əsas güc olan Amerika artıq bu nüfuzunu qoruya bilmir. Soyuq müharibədə iki güc mərkəzi öz oyununu rahat oynaya bilirdi. Amma indi güclü dövlətlərin hər birinin öz oyununu oynamaq imkanları var və buna uyğun şəkildə hərəkət edirlər. Bundan əlavə, Pakistan və Hindistan nüvə ölkəsinə çevriliblər, özü də bir-birilə müharibə vəziyyətində ola ölkələr. Kimsə zəmanət verə bilməz ki, tərəflərdən biri gələcəkdə düyməni basmayacaq. Trampın üçüncü dünya müharibəsi ilə bağlı fikirləri vahimə yaratmaya bilməz. Çünki təhlükələr hazırda mövcuddur. Amma bu Klintonun prezident seçilməsi ilə əlaqədar deyil. Başqa bir ideal namizəd olsa belə, dünyada proseslər elə gedir ki, ABŞ bunu nizamlaya bilmir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.