Son günlərdə cəbhə xətlərində ermənilərin təxribatlarının sayı artmaqdadır. Hər gün, demək olar ki, düşmən tərəfdən atəşkəs pozulur. Azərbaycan ordusu, təbii ki, təcavüzkar ölkənin hər bir təxribatının qarşısını qətiyyətlə alır. Xüsusilə, bu hallar oktyabrın əvvəllərindən etibarən baş verir.
Ekspertlər təxribatlar davam edərsə, ikinci aprel savaşının təkrarlana biləcəyinin anonsunu verirlər. Diqqət çəkən məqam odur ki, qış və payız fəsilləri döyüşlər üçün əlverişsiz olan fəsillər kimi daim qələmə verilir. Amma düşmən tərəfin məhz üzü qışa doğru gedən payız fəslində təxribatlara cəhd etmələri suallar doğurur.
Hərbi ekspert Üzeyir Cəfərov payız və qışın döyüşlər üçün əlverişli olmayan fəsillər kimi sayılması fikirləri ilə razılaşmır: “Mən vaxtilə Qarabağın Füzuli istiqamətində döyüş briqadasının komandir müavini kimi deyə bilərəm ki, bu vaxtlar o qədər də əlverişsiz sayılmır. Belə götürəndə normal bir vaxtdır. Nə isti, nə də soyuqdur. İstənilən an aktiv döyüş əməliyyatlarının başlaması mümkündür. Amma kənardan baxanda elə görünür ki, buna o qədər də zərurət yoxdur. Lakin bununla razılaşmıram. Çünki cəbhə xəttində gərginlik yüksək səviyyədədir - baxmayaraq ki, nazirlik atəşkəsin pozulması sayının az olduğunu deyir. Son günlər 30-40-a yaxın atəşkəs hallarının pozulduğunun şahidi oluruq. Bu da istənilən an aktiv döyüş şəraitinə çevrilə bilər. Düşmən ayın 26-da cəbhənin cənub istiqamətində kobud şəkildə təxribata yol verdi. Bu da aktiv döyüş şəraitinə keçmək imkanı yaratmışdı. Ordumuz tərəfindən layiqli cavab aldıqdan sonra düşmən geri çəkilməyə məcbur oldu. Şəxsi qənaətimə görə, erməni tərəfi ATƏT-in Minsk Qrupu qarşısında öz vəfa borcunu yerinə yetirir.
Minsk Qrupu həmsədrləri erməniləri müdafiə etdiyinə görə hər vəchlə erməniləri bir masa ətrafına gətirməyə ehtiyacı var. Ona görə də onlar çalışırlar ki, cəbhə bölgəsində gərginlik artsın. Bunun müqabilində iki dövlət başçısını bir araya gətirə bilərlər. Bu təxribatların artmasının əsas səbəblərindən biri budur. Minsk Qrupu heç nəyə qadir deyil. Faktiki olaraq son 20 ildə ermənilərin mənafeyini müdafiə ediblər. Boş-boş danışıqlar aparmağın, görüşlər keçirməyin əhəmiyyəti yoxdur. O ağıllı diplomatlar erməniləri qarşılarında otuzdurub deməlidirlər ki, öhdəlik götürdüyün beynəlxalq hüquq normalarını pozursan, işğal etdiyin torpaqları tərk etməlisən. Bunun başqa yolu yoxdur. Ölkə başçısı Minsk Qrupuna yerini bir daha göstərməlidir. Ümumiyyətlə, bu görüşlərdən imtina olunmalıdır.
Azərbaycan böyük risklərə gedir. Beynəlxalq qurumlar çalışır ki, ermənilər üçün münbit şərait yaratsın. Ola bilsin, vaxt gəlsin, onlar bizim xeyrimizə olmayan Dağlıq Qarabağla bağlı qərar qəbul edərlər. Ölkə başçısının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi o fikir adi deyildi ki, bəzi güc sahibi olan ölkələr bağlı qapılar arxasında Azərbaycana tamam başqa təkliflər irəli sürürlər. Bu təkliflərin içərisində əsas narahatedici hal isə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaqla bağlı məsələ ola bilər. Buna görə şəxsən mən çox narahatam.
Cəbhə xəttində Azərbaycan əsgərinin yalnız gücünə və vətənpərvərliyinə arxalanaraq, ilin əvvəlindəki kimi ya müsbətə nail olmalıyıq, ya da başqa çıxış yolumuz yoxdur. Aktiv döyüş əməliyyatları məhz oktyabr-noyabr aylarında olub, Birinci Qarabağ savaşının xronologiyasına baxsaq görərik. Bütün bunlara görə silahlı qüvvələrimiz son dərəcə ehtiyatlı olmalıdır. Ermənistanın yeni müdafiə naziri və baş qərargah rəisi özlərini doğrultmaq üçün müxtəlif təxribatlara əl atmaqda israrlıdırlar. Beynəlxalq qurumlardan da müəyyən təlimatlar alıblar".
Ekspert ikinci aprel savaşının anonsunu da verdi: “Risk böyüdü, istənilən an həmin əməliyyatlar təkrarlana bilər. Biz buna hazır olmalıyıq. Çünki proseslərin gedişatı onu göstərir ki, Azərbaycan yalnız güc müstəvisində Ermənistanı yerində otuzdura bilər. Bunlar olmadan ermənilər heç bir halda torpaqlarımızı bizə qaytarmağa hazırlaşmır. Azərbaycan da belə gedişlə uzun illər mənasız danışıqlar prosesində öz ərazi bütövlüyünü bərpa etməyə nail ola bilməyəcək”.(YM)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.