banner
banner

Sosİal

İntiharların artmasının 3 əsas səbəbi

İntiharların artmasının 3 əsas səbəbi
Az qala, hər günü bir və hətta bir neçə intihar xəbəri ilə açırıq. İntiharların azalacağına ümid edərkən getdikcə bunun əksi baş verir. Təkcə bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub. 
 
Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub. Ancaq intiharın səbəbləri barədə nazirlik açıqlama verməyib. Ümumiyyətlə isə hər il dünyada 800 min adam intihar səbəbi ilə dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı bunu hər 40 saniyədə bir nəfərin ölümü ilə izah edir. 
 
Azərbaycanda intiharların hər gün artmasının səbəbi nədir, ümidsizlik, yoxsa sosial yoxsullaşma? Psixoloq Dəyanət Rzayev buna səbəbin insanlarda olan inam və ümid hissinin ölməsi ilə bağlı olduğunu dedi: “Müəyyən dünya standartları var. Məsələn, ağır xəstəliyə tutulan, 40-dan yuxarı yaşı olan insanlar, alkoqoliklər, narkomanlar daha çox intihar edir. Bizdə isə baxırsan ki, tam sağlam insandır, intihar edir. Dünya statistikasında qadınlar az intihar edir. Amma bizdə hər ikisi edir. Bu gün bizdə intiharların çoxalmasının birinci səbəbi sosial mühit, sosial münasibətlərdir. Bu gün 3 faktor var ki, insanı ölümə doğru aparır: qeyri-müəyyənlik, qorxu və ümidsizlik. 
 
Bu gün insanlarımızda qeyri-müəyyənlik var. Çünki bizi neçə dəfə televiziyadan açıq şəkildə aldadıblar. Deyiblər ki, devalvasiya olmayacaq, manat stabildir, hər şey yaxşıdır. Amma ertəsi gün devalvasiya baş verib. Buna görə də insanlarda artıq qorxu və ümidsizlik var. Çünki bu gün heç bir proqram yoxdur ki, insanların maddi vəziyyətini yaxşılaşdırsınlar. Bu barədə heç nə demirlər. Başqa ölkələrdə isə bunu deyirlər. Məsələn, Rusiyada deyirlər ki, bu problem var və çözüm axtarılır. 
 
Related image
 
Bizdə isə bu gün problemlər danışılmır, gizlədilir. Buna görə də insanlarda sabaha inam yoxdur. Bu gün insanların beynində sabah mənim övladlarım nə edəcək, mən onların gözlərinə necə baxacam kimi suallar yaranıb. İntiharın statistikası açıqlanır, amma onun səbəbləri deyilmir. Niyə görə insan intihar edir, bu deyilməlidir. İntiharların artmasının əsas səbəbi bu gün insanların maddi sosial durumunun həddindən artıq aşağı olmasıdır. Misal üçün, mən maaşla işləyən hansısa müəllim, həkiməm. Ayda 150 manat maaş alıram və ya təqaüdçüyəm. 
 
Bu gün o qədər xəstəliklər var ki, apteklərdə növbə var. Ancaq insanlar xəstəliklərini müalicə etdirməyə pul tapa bilmirlər. 150 manat maaşla necə dərman ala bilərəm. O təqaüd, maaş heç kommunal xərclərə bəs eləmir. Erməni kilsəsinə pulsuz qaz veririk, amma özümüzdə qazın pulu artırılır. Bizim öz neftimiz, benzinimiz var. Gərək qaz, neft ucuz olsun. Bax bütün bunlara görə insanlarda ümidsizlik və inamsızlıq yaranıb. İnsanlar o qədər passiv və ümidsizdir ki, buna müqavimət də göstərmir. 
 
Yaranmış situasiyanı qəbul edir və tək çıxış yolunu intiharda görür. İnsan o qədər əzilir, ailəsinin üzünə baxa bilmir ki, intihar edir. Bu gün intiharların profilaktikası öyrənilməlidir. İqtisadiyyatla məşğul olan insanlar yalandan da olsa bir proqram ortaya qoysunlar. İnsanları çox aldatdıqları üçün heç nəyə inanmırlar. Ümidsizlik çox pis bir şeydir. Açıq demək lazımdır ki, tutaq ki, bu problem var, ona görə qazın pulunu artırdıq. Amma bir ilə həll edəcəyik. İnsanların intihar etməsinin səbəbi sosial maddi durumdur”.
 
Image result for Sosioloq Əhməd Qəşəmoğlu
 
Sosioloq Əhməd Qəşəmoğlu: “Min illərdir  bütün dini kitablar, peyğəmbərlər, müdrik insanların hamısı deyib ki, cəmiyyətdə maddi dəyərlər qabağa keçəndə o cəmiyyətdə qarışıqlıq, gərginlik, problemlər yaranır. Bu, 13-14-cü əsrlərdə primitiv şəkildə yaranırdısa, indi mürəkkəbləşən sistemdə, qloballaşmanın sürətlə getdiyi sistemdə daha çox yaranır. Çünki indiki cəmiyyət buna imkan yaradır. Məsələnin kökündə o dayanır ki, biz cəmiyyətdə maddi dəyərlərin nümayişkaranə rol oynamasına yol veririk. 
 
Mənəvi dəyərlər sıxışdırılır. İnsanlar istər ailədə, istər şəxsi dostluq münasibətlərində, istər qohumluqda, istər cəmiyyətdə, istərsə də dövlət strukturlarında bir-biri ilə maddiyyatla yaraşır. Maddiyyatla yarışan cəmiyyətdə günü-gündən eybəcər hadisələr çoxalmalıdır. Burada yalnız intihar çoxalmayacaq, ailə zəminində qətllər, boşanmalar və digər xoşagəlməz hadisələr də artacaq. Azərbaycan balaca ölkədir. Bu ölkədə aktiv əhali cəmi bir neçə milyondu. Azərbaycanda 10 milyon əhali olsa da, onun bir hissəsi başqa ölkələrdədir, bir hissəsi qoca, bir hissəsi isə uşaqlardır. Bir neçə milyon aktiv əhali elə də böyük rəqəm deyil. Biz burada ictimai rəyi formalaşdıra da bilərik, şəraiti dəyişə də”.
 
Sosioloq hər hansısa bir davranışı formalaşdıran 3 əsas amilin olduğunu dedi: “1 - mühit, 2 - aldığı informasiya, 3 - üstünlük verilən dəyərlər. Biz siz dediyiniz problemi bu 3 amil baxımından təhlil edəndə hər şey öz yerində olur. Mühit elə olub ki, insanlar bir-biri ilə maddiyyatla yarışırlar. 30-cu illərdə ölkədə maddi vəziyyət bundan da pis olub. 
 
O zaman indiki neqativ hallar yox idi. Çünki o zaman mənəvi dəyərlərə önəm verilirdi. Maddi dəyərləri at oynatmağa qoymurdular. Bu gün toylara gedəndə görürük ki, kimisi orada paltarını, kimisi qızıllarını, kimisi çağırdığı aktyorları, verdiyi yeməkləri nümayiş etdirir. Ailə daxilindəki bütün ziddiyyətli söhbətlər çox gərgin bir vəziyyətə gətirib çıxarır. İkinci, aldığımız informasiyalarla bağlıdır. Aldığımız informasiyalar ancaq intiharlarla, həyatın ucuzlaşması, məhkəmələrlə bağlıdır. 3-cü üstünlük verdiyimiz dəyərlər maddi yox, mənəvi dəyərlər olsa, inam faktoru olsa, həqiqi dini inanclar, dəyərlər tətbiq olunsa təbii ki, bu 3 faktor elmdə 100 faiz əsaslandığı kimi təsir edib davranışı formalaşdırır. 
 
Bu gün qəzetdə bir yazı yazmaqla, televiziyada bununla bağlı danışmaqla məsələ həllini tapmayacaq. Gərək ciddi fəaliyyət proqramlarımız, qanunvericilik bazamız, ictimai qınaq sistemimiz olsun ki, biz bu cəmiyyətdə maddi dəyərlərin at oynatmasının qarşısını alaq. Almasaq, cəmiyyətimizdə intiharlar da daxil, bütün neqativ hallar gündən-günə artacaq. İntiharların artması cəmiyyətin sosioloji qanunudur. Bunun qarşısını almaq üçün mənəvi faktorların cəmiyyətdə daha fəal rol oynamasına şərait yaratmalıyıq”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.