Türkiyə-Azərbaycan birgə hərbi bazası yaradılması gündəmdə
Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. İclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcəkdir.
“Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası hesab edirəm ki, zahiri baxışdan adi iclaslardan, adi toplantılardan biri kimi görünsə də, əslində çox mühüm və son dərəcə əhəmiyyətli bir hərbi-siyasi tədbir idi”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, bu tədbiri Azərbaycanı istəməyən, uğurlarımıza çox böyük qısqanclıqla yanaşan həm regional, həm də digər uzaq-yaxın dövlətlər xüsusi maraqla izləyirlər: “Ən çox da bədnam qonşularımız çox böyük əndişə içindədirlər. Onların elektron və yazılı mətbuatı bu mühüm tədbirə çox böyük diqqət ayırıb. Erməni-rus politoloq və ekspertlər maksimum çalışırdılar ki, Türkiyə- Azərbaycan hərbi-texniki, siyasi əməkdaşlığının onları o qədər də narahat etmədiyini büruzə versinlər. Lakin onlar öz narahatlıqlarını gizlədə bilmədilər”.
Ü.Cəfərov birgə toplantını şərh edərkən qeyd etdi ki, iki qardaş ölkə arasında 2016-cı ildə birgə keçirilmiş işlərə həm yekun vuruldu, həm də müsbət və mənfi məqamlar dostyana, qardaşcasına ətraflı müzakirə edildi: “İndi hər kəsi daha çox, bundan sonra bu əməkdaşlığın hansı səviyyəyədək yüksələ biləcəyi sualı düşündürür. Bizim ən ağrılı yerimiz sayılan Qarabağ məsələsində Türkiyənin önəminin necə olacağı da maraq doğurur. Şəxsən mən çox optimistəm və inanıram ki, biz yaxın aylarda konkret addımların şahidi olacağıq. Ən azından, illər öncə birgə görə bilmədiyimiz çox sayda görüşlər, təlimlər, zabit və gizirlərimizin, ümumiyyətlə, mütəxəssislərimizin Türkiyədə ixtisasartırmada olması, savadlı, təcrübəli komanda-qərargah heyətinin formalaşdırılması istiqamətində işlər daha da genişləndiriləcək”.
Maraqlıdır, Azərbaycan Türkiyə ilə birgə hərbi birləşmələrin yaradılması, ən azı Qars müqaviləsi şərtlərindən çıxış edərək Naxçıvanda birgə qüvvələrin formalaşdırılmasına qərar verə bilərmi? Reallıq budur ki, Türkiyənin Qarabağ məsələsində önəmi getdikcə artır. Bəs ərazilərin işğaldan azad olunması üçün konkret hansı addımlar atıla bilər? Digər tərəfdən, Ermənistan və Rusiyanın birgə hərbi birləşmələri Naxçıvana yaxın ərazilərdə formalaşdırılıb. Bu da Azərbaycanı öz yaxın müttəfiqi ilə birgə təhlükəsizlik tədbirləri görməyə vadar edir.
Ü.Cəfərovun sözlərinə görə, ən önəmlisi, birinci növbədə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun daha da etibarlı müdafiə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin fəaliyyət dairəsi bir az da genişlənəcək: “Bunun məntiqi nəticəsi kimi, ola bilsin biz 2017-ci ildə artıq məhz ilk olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaxın perspektiv üçün Türkiyə Silahlı Qüvvələrinin daha geniş tərkibdə şəxsi heyətlə təmsil olunmasının razılaşdırılması haqqında məlumatlar eşidək. Daha sonrakı perspektivdə isə hətta orada hərbi baza statusunda bir qurumun ola biləcəyini də istisna etmirəm. Onsuz da regionda və dünyada baş verən hadisələr bu addımın tezləşdirilməsini daha da zəruri edir. Hər halda, o günün də olacağını mən tezliklə həm hiss edir, həm də ən çox arzulayanlardan biriyəm. Bu, ölkəmizin daha etibarlı müdafiəsi və təhlükəsizliyi üçün çox vacib addımlardan biridir”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a açıqlamasında “bu siyasi məsələdir” deməklə kifayətləndi. Eyni zamanda xidmət rəisi iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə davam etdiyini vurğuladı: “Türkiyə ilə Azərbaycan ikitərəfli əməkdaşlıq planına əsasən müəyyən olunmuş plan və proqramları həyata keçirir. Keçən il də qarşıya qoyulan plana uyğun olaraq, istər təlimlər, istərsə təcrübə mübadilələri və digər tədbirlər həyata keçirilib. Necə ki, Türkiyə nümayəndə heyəti ölkəmizdə oldu, eləcə də Azərbaycan nümayəndə heyətləri Türkiyəyə getdi. Bu, Ankarada keçirilən ənənəvi, 9-cu tədbir idi. Bu tədbirdə də müəyyən olunmuş planlara uyğun məsələlər müzakirə olunub. Birgə tədbirlərin hazırlanması, hərbi əməkdaşlığın vəziyyəti də o cümlədən”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.