banner
banner

Hərbİ

Dağlıq Qarabağın işğalına ABŞ-dan yaşıl işıq, yoxsa...

Dağlıq Qarabağın işğalına ABŞ-dan yaşıl işıq, yoxsa...
Ermənistan-Azərbaycan münaqişəsi, habelə SSRİ rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı yeni fakt ortaya çıxıb. Bu fakt Dağlıq Qarabağın işğalının və Ermənistanın tərkibinə keçirilməsi cəhdlərinin arxasında həm də ABŞ-ın durduğunu təsdiq edir.
 
Hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində Qorbaçova ünvanladığı ermənipərəst müraciət ortaya çıxıb.
 
Məlum olub ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir qrup üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib.
 
APA-nın “Karabakhrecords.info” saytına istinadən verdiyi məlumata görə, amerikalı senatorların müraciətində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, guya son 6 gündə öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməni qaçqın vəziyyətinə düşüb.
 
Müraciətdə sonra deyilir: “Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”.
 
Maraqlıdır ki, müraciəti imzalayan senatorlar arasında ABŞ-ın indiki dövlət katibi Con Kerri də olub. Bundan başqa, müraciəti senatorlardan Pit Uilson, Pol Seymak, Lerri Breksler, Kleyborn Pell də imzalayıblar.
 
Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşü olub. Söhbət əsnasında K.Pell deyib ki, sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir.
 
 
Derek Hoqan: “ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur”
 
“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarətin Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”, - deyə K. Pell vurğulayıb.
25 il öncə ABŞ-dan belə bir müraciətin olduğunun üzə çıxması ortaya bir sıra suallar çıxarıb. 
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirdi ki, bu fakt bir sıra həqiqətlərin növbəti dəfə sübutudur: “Bu fakt da bir daha sübut edir ki, Dağlıq Qarabağ problemi heç də orada yaşayan 30-40 min erməninin fikri olmayıb, dünya erməni millətçi dairələrinin Azərbaycana böyük bir təxribatıdır. Heydər Əliyevin vaxtilə böyük siyasətdə olması bu təxribatların qarşısını alırdı. Heydər Əliyevin Moskvada vəzifədən uzaqlaşdırılması və Mixail Qorbaçovun erməni millətçiləri ilə yaxınlıq etməsi Dağlıq Qarabağ problemini ortaya çıxardı. Mixail Qorbaçov SSRİ rəhbəri olduğu dövrdə köməkçilərindən ikisi erməni idi, eyni zamanda Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirlərindən ikisi erməni idi. Ermənilər bütün istiqamətlərdə hərəkət edirdilər. Dağlıq Qarabağda erməni icmasını ayağa qaldırırdılar, SSRİ mətbuatında Qarabağla bağlı yanlış informasiyalar yayırdılar, xaricdə, ABŞ-da böyük təbliğat işi aparırdılar. Mixail Qorbaçova müraciət göndərən həmin senatorlar isə ABŞ-dakı erməni millətçi dairələrinə, diaspor təşkilatlarına çox sıx bağlı olan adamlardır. Con Kerrinin özü dövlət katibi olana qədər bir qayda olaraq Ermənistanın mövqeyini müdafiə edirdi. Bu beş nəfərin müraciəti təsadüfi deyildi. Əslinə qalsa, istəsəydilər ermənilər bəlkə də 50 nəfər senatorun imzasını toplayıb göndərərdilər. 
 
 
Bu müraciətin mətninə daha çox diqqət edilməlidir ki, orada nə qədər yalanların olduğu görünsün. Birincisi, guya ermənilərin Azərbaycanda təqib edilməsidir. Bu yalanı müraciətə daxil edənlər həmin dövrdə 200 min azərbaycanlının Ermənistandan qovulması faktını görməməzlikdən gəliblər. Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərə erməni silahı dəstələrinin hücumlarını bu müraciəti edənlər gözardı ediblər. Həmin müraciətdə ermənilər tərəfindən azərbaycanlıların başına gətirilənləri ermənilərin başına gətirilən oyunlar olaraq yazıblar. Bu, bir saxtakarlıqdır, rəzalətdir. Başqa bir ölkənin senatorlarının digər bir ölkənin rəhbərinə müraciət edib onun ərazi quruluşuna dair çox təxribatçı təkliflər verməsinin özü qəribə bir presedentdir. Dağlıq Qarabağda separatçı ermənilərin, həmçinin Ermənistanın azğınlaşmasında, daha da arxayınlaşmasında ABŞ senatorlarının SSRİ rəhbərliyinə həmin müraciətinin də rolu şübhəsiz ki, olub. Həmin dövrdə SSRİ rəhbərliyi Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün de-yure addım atacaqdı. Məhz Azərbaycan xalqının ayağa qalxması, ərazi bütövlüyü uğrunda qətiyyətli mübarizə aparması SSRİ rəhbərliyinin Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsinin qarşısını aldı. 
 
Müraciətin 20 yanvar hadisələri ərəfəsində edilməsinə də diqqət etmək gərəkdir. Belə çıxır ki, Dağlıq Qarabağ problemi də, qanlı 20 yanvar hadisələri də ermənilər və onların havadarları tərəfindən hazırlanmış bir ssenaridir". 
 
Aydın Mirzəzadə:  “Dağlıq Qarabağda separatçı ermənilərin, həmçinin Ermənistanın azğınlaşmasında ABŞ senatorlarının SSRİ rəhbərliyinə həmin müraciətinin rolu şübhəsiz ki, olub”
 
O ki qaldı vaxtilə Azərbaycana qarşı olan həmin müraciəti imzalayan bugünkü dövlət katibi Con Kerrinin indi Dağlıq Qarabağ məsələsində nə qədər obyektiv olması məsələsinə, A.Mizəzadə bunları dedi: “ABŞ siyasətində belə bir fenomen var, nə qədər ki, onlar vəzifəyə təyin olunmayıblar, hərəsi müəyyən bir mövqedən çıxış edilər. Amma vəzifəyə təyin olunandan sonra onların dövlət maraqları bütün şeyləri üstələyir. Vaxtilə senator Barak Obama prezident seçiləcəyi təqdirdə uydurma erməni soyqırımını tanıyacağı bəyanatlarını vermişdi. Con Kerrinin özü prezidentliyə namizəd olduğu zaman Ermənistanı müdafiə edən bəyanatlarla çıxış edirdi. Amma indi onların hər ikisi yüksək dövlət vəzifəsindədirlər və ancaq ABŞ-ın maraqlarından çıxış etmək zorundadırlar. Amerikanın bugünkü mövqeyində Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır. Ancaq bu, əlbəttə ki, ədalətin bərpa olunması üçün azdır. Beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. ABŞ Ermənistandan tələb eləməlidir ki, Azərbaycan ərazisindən işğalçı qoşunlarını çıxarsın. Bu isə təəssüf ki, ABŞ-ın siyasətində yoxdur. Dövlət katibi Con Kerri də olsa, başqası da olsa bu siyasət yoxdur. Biz Amerikanın bu məsələdə qəti prinsipial mövqe tutmasını istəyirik. Digər tərəfdən, əlbəttə ki, Con Kerrinin vaxtilə o cür müraciətə imza atması onun tərcümeyi-halında yəqin ki, gizlətmək istədiyi səhifə olacaq. Çünki orada Azərbaycan xalqına qarşı qeyri-obyektiv fikir var, həmin məktubun 20 Yanvar faciəsi ərəfəsində göndərilməsi və müraciətdə Azərbaycana müdaxilə edilməsi çağırışı isə həmin müraciətə imza atanların özlərinin siyasi məsuliyyət məsələsini ortaya çıxarır”.
 
 
Politoloq Qabil Hüseynli isə bildirdi ki, ABŞ senatorlarının müraciəti və müraciətdə separatçı ermənilərin açıq dəstəklənməsi, Azərbaycanın maraqlarına zidd fikirlərin yer almasının SSRİ rəhbərliyinin anti-Azərbaycan mövqeyinin güclənməsinə təsir göstərdiyinə şübhə yoxdur.
 
Politoloqun sözlərinə görə, vaxtilə açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirmiş Con Kerrinin indi ABŞ dövlət katibi olaraq, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin dövlət katibi kimi ədalətli mövqe tutacağına Azərbaycan cəmiyyətində inam qalmır: “ABŞ-ın uzun müddətdir ki, ortaya qoyduğu mövqe göstərir ki, formal olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əslində Dağlıq Qarabağın müstəqilliyini müdafiə edən həll variantlarının tərəfindədir. Bu siyasətə erməniləri maraqlarını müdafiə etmiş, edən siyasətçilərin təsir göstərdiyi isə məlumdur. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın Qarabağ münaqişəsinin həllini bu qədər uzatmaq siyasətinə qarşı çıxmır. Problem bu gün də ölü nöqtəsindən tərpənmirsə, bunun əsas günahkarları Minsk Qrupunun həmsədrləridir. Hər üç həmsədri eyni surətdə təqsirləndirmək olar. Azərbaycan cəmiyyəti artıq onların bu münaqişəni həll edəcəyinə inanmır”.  
 
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan isə hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı müraciətin ortaya çıxmasına münasibət bildirərkən APA-ya deyib ki, belə bir məktubla tanış deyil: “Mediada belə iddialar irəli sürülüb. Amma bu cür iddialar tamamilə yanlış və əsassızdır. ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur. Guya bizim ATƏT-in Minsk Qrupu çərçivəsində öz işimizə ciddi yanaşmamağımız və qərəzli olmağımızla bağlı iddialar da tamamilə yanlış və əsassızdır. Bizim Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəal yanaşmamız və iştirakımız, uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə nizamlanması istəyimiz bariz şəkildə özünü göstərir. Yəni onu demək istəyirəm ki, bizim hər bir fəaliyyətimiz göz önündədir. Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin dinc yolla həlli mövqeyinə sadiqdir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.