Maştağa qəsəbə sakini 57 yaşlı Yaşar Əliyev yaşadığı evin həyətində özünü asıb. Ağdam rayonundan olan məcburi köçkün, 61 yaşlı Səidə Eminova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb. Tovuzda 16 yaşlı qız intihar edib. Şəkidə iki uşaq atası intihar edib. Bərdədə bir qadın intihar edib. Şirvanda isə 27 yaşlı gənc özünü asıb.
Bu son iki gündə baş verən və mətbuata yayılan intihar xəbərləridir. Demək olar ki, hər gün 5-6 intihar xəbərləri ilə rastlaşırıq. Bu isə intihar hadisələrinin sayının gün keçdikcə artan tendensiya ilə davam etdiyini deməyə əsas verir. İntihar edən şəxslərin 90 faizi uzun zaman depressiyada olub. Depressiyada olan şəxslərin 15 faizi intihara cəhd nəticəsində həyatlarını itirir. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll edə bilməmə, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu göstərilir. Əvvəllər intihara səbəb maddi sıxıntıdan irəli gəlirdisə, baş verən araşdırmalar onu göstərir ki, artıq maddi sıxıntı yaşamayan bir də özünə qəsd edir. Tanınmış psixoloq Dəyanət Rzayevin intiharı buna bariz nümunədir. Ümumiyyətlə, son vaxtlar istər tanınmışlar, istərsə də sadə vətəndaşlar arasında pessimizm yüksək həddə çatıb. Facebook və digər sosial şəbəkələrdə yazılan statuslarda əvvəllər mübarizə, optimizm sezilirdisə, indi bunun tam əksidir. İnsanlarda bir ümidsizlik, həyata qarşı inamsızlıq, küskünlük yaranıb ki, hər gün eşitdiyimiz, oxuduğumuz intihar xəbərləri də məhz bunun nəticəsidir. Psixoloqlar, sosioloqlar bununla bağlı dəfələrlə həyəcan təbili çalsalar da müsbətə doğru heç bir dəyişiklik baş vermir. Bəs nə etməliyik ki, Azərbaycanın başı üzərində fırlanan bu “intihar mələyi” uzaqlaşsın?
Psixoloq Elnur Rüstəmov son zamanlar intiharın sosial şəbəkələr üzərindən bir zarafata çevrilməyə başladığını dedi: “İntihar edənlər arasında iqtisadi vəziyyəti yaxşı olan insanlar var. Məsələnin kökündə o dayanır ki, intihar özü bir situasiyaya çevrilib. Buna siyasi don geyindirirlər. Düzdür, söhbət böhrandan, yeni həyat tərzinə uyğunlaşa bilməməkdən gedir. İndi daha çox çalışmaq, çaba göstərmək, həyata tutunmaq lazımdır. Son dönəmlərdə intihar bir zarafata çevrilməyə başlayıb. Sosial şəbəkələr üzərindən bir şou düzəltməyə başlayıblar ki, filankəs status yazdı, özünü öldürmək istəyir, digərləri də onu yolundan çəkindirmək istəyir və sairə. Əslində bu pis bir zarafatdır. Başa düşürəm, buna pozitiv nöqteyi-nəzərdən yanaşmaq istəyirlər. Amma bu ziyan verə bilər. Çünki bütün insanların psixologiyası eyni deyil. Bu gün informasiya əsrində yaşayırıq. Evdə 5 nəfər ailə üzvü varsa, hərənin əlində bir telefon oturub danışır və ya oturub seriala baxır. Söhbət ondan gedir ki, insanlar arasında canlı ünsiyyət itdikcə emosional bağ da itməyə başlayır. İnsan insana yadlaşır, uzaqlaşır. Artıq bacı və qardaş, əmi oğlanları, xala oğlanları arasında bir uzaqlaşma baş verir. Bu da informasiya əsrinin yaratdığı problemdir. İnkişaf etmiş ölkələrdə, Amerikada belə qeyd edilir ki, bir insan normal yaşamaq üçün gündə 8 saat işləməlidir və işini də sevməlidir. Bu, tamamilə fərqli bir dönəmdir. Biz psixoloji cəhətdən buna hazırlaşmalıyıq. İstədik-istəmədik, bu bizim dəyər sistemimizə təsir göstərir. Bu gün bizim dəyərlərə basqılar var. Bu gün bizim uşaqlar və yeniyetmələrdəki problemlərə baxın. İstər nevroloji, istərsə də psixoloji problemlər olsun. Bəzən insanın şəxsi problemi olur. Ola bilər ailədə hər şey qaydasındadır, amma onun şəxsi həyatında, ya dostları, ya məktəb yoldaşları ilə problemləri var. Diqqətli olmaq lazımdır. İnsan bütün hallarda həyata tutunmalıdır. Yeganə qorxu ölüm qorxusudur ki, bütün qayğıları arxada qoyur. Bu məqamı nəzərə almaq lazımdır”.
Psixoloq intihar göstəricilərinin bütün dünyada artdığını dedi: “İstər sosial mediada, istərsə də kütləvi informasiya vasitələrində bu intiharlar işıqlandırılır və artmağa başlayır. Problem azalmır ki, artır. Bunu nəzərə almalıyıq. Bu, zarafat bir məsələ deyil. Biz az qala hər səhərimizi intihar xəbəri ilə açırıq. İnsanlar özləri də nə qədər neqativ olsalar, o qədər neqativ hallar baş verəcək. İntihar göstəriciləri bütün dünyada artıb. Əsas səbəb kimi də depressiya və stress göstərilir ki, bunun üzərindən bir araşdırma aparmaq lazımdır. Şou düzəltmək lazım deyil. Nəzərə almaq lazımdır ki, həssas insanlarımız var. Onlar fərqində olmadan bu addımı ata bilərlər”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, intihar hallarının qarşısını almaq üçün fəaliyyət proqramı hazırlanmalıdır: “Əhali arasında ən vacib məsələlərdən biri sabaha inamdır. Yəni gənc insanda sabaha inam olmayanda onda depressiv hallar çoxalır. Belə bir məşhur misal var ki, ən son ümid ölür. Ümid öləndən sonra isə insanın intihar halı olur. Biz bunun üçün çalışmalıyıq ki, əhalidə sabaha ümid hissini oyadaq. Bu, sosial sistemin qanunauyğunluğudur. Yəni ən mühüm təsir edəcək bir şey sabaha ümiddir. İntihar səbəblərini araşdıran komissiya yaranmasa və həmin komissiyada mütəxəssislər yer almalıdır. Onlar ciddi şəkildə fəaliyyət proqramı hazırlamalıdır. Kimə deyirsən ki, problemləri həll etmək üçün elmi təminata ehtiyac var, qulaq ardına vurur. Elmi təminatsız mürəkkəb sistemdə heç nə yoxdur. Çünki indiki mühitin xüsusiyyətini nəzərə almadan kompleks tədbirlər planı hazırlanmasa və kompleks şəkildə həyata keçirilməsə, bu prosesin qarşısını almaq mümkün deyil. Heç kimin tövsiyəsi və göstərişi ilə bu, həll olunan məsələ deyil. Bu, elmdə yüzdə yüz əsaslanmış bir məsələdir. Mühitdə bir anomaliya hadisəsi baş verirsə, o mühitin xüsusiyyətlərini dərindən nəzərə alıb orada elmi əsaslarla fəaliyyət proqramı hazırlamaq lazımdır. Əgər intihar hallarının qarşısının alınmasını istəyiriksə, fəaliyyət proqramı hazırlanmalıdır. Biz konkret əməli iş görməliyik ki, əhalidə sabaha inam artsın. Statistika çoxalıbsa, deməli, müəyyən təbəqələrin arasında ümidsizlik çoxalıb. Bunun qarşısını almalıyıq. Bu da fəaliyyət proqramı ilə mümkündür”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.