banner
banner

Gündəm

Akif Çovdarov: "Mən agentlərin adını çəksəm, vətəndaş müharibəsi olar"

Akif Çovdarov:

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən S.Məmmədovun vəkili Cavid Rzazadənin iclasda yenə də iştirak etmədiyi elan olunub.

A.Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə açıqlamasında bildirib ki, daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında söyləyib ki, əgər vəkil on gündən çox üzürlü səbəbdən iclasa gəlmirsə, onun müdafiə etdiyi şəxsə yeni vəkil təyin olunmalı və məhkəmə davam etdirilməlidir. Prokuror qeyd edib ki, bəzi epizodların Səlim Məmmədova adiyyəti yoxdur və həmin epizodları onların iştirakı olmadan davam etdirmək olar. 

Vəkil K.Nəsibov və təqsirləndirilən şəxslərin digər müdafiəçilər dövlət ittihamçısının çıxışına etiraz ediblər: "Mən bildirdim ki, əgər Səlim Məmmədova bəzi epizodların adiyyəti yoxdursa, o zaman nəyə görə, onlara mütəşəkkil dəstə ittihamı verilib? İşə yeni vəkil qoşulsa, o da işlə tanış olmaq üçün vaxt istəyəcək. Həmçinin Səlim Məmmədov da yeni vəkil istəmədiyini dedi".

Prosesdə A.Çovdarov çıxış edib. O, vəkillə bağlı məsələyə münasibət bildirmək istəmədiyini deyib: "Bir söz desəm sonra yazacaqlar ki, Akif Çovdarovun adamları vəkil Cavid Rzazadəni döyüb xəstəxanalıq ediblər". A.Çovdarov ləğv edilmiş MTN-nin agentura şəbəkəsi ilə bağlı mətbuatda yazılanlarla bağlı danışıb. O, bunların yalan olduğunu söyləyib: "Elçin Behbudovun Azərbaycan dövlətinə etdiyi xidmətləri prokurorluq və istintaq orqanı birləşsə heç 10 faizini edə bilməzlər. Məhkəmə prosesləri ilə bağlı kim nə gəldi yazır. Bəs mən ad çəksəm necə olacaq? Mən danışsam vətəndaş müharibəsi, ölkədə qarışıqlıq olar. Hazırda yüksək vəzifə tutan məmurlarla bağlı açıqlama verilsə necə olacaq?".

A.Çovdarov qeyd edib ki, ittiham aktına agentlərin adını yazmaq dövlətçiliyə ziddir: "Bundan sonra kim dövlətlə işləyəcək? Bu dövlətçiliyə xələl gətirməkdir. Onların adını yazmaq düzgün deyildi". 

Sonda məhkəmə prokurorun təklifini təmin etməyib. 

Proses mayın 24-də davam etdiriləcək.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.