Dağlıq Qarabağ münaqişəsi zonasında düşmən tərəfin təxribatları ara vermir. Belə görünür ki, işğalçı Ermənistan iyunun 15-16-da əl atdığı növbəti təxribatın nəticəsi kimi 5 hərbçisini itirməsini heç cür həzm edə bilmir və revanş yolları axtarır. Amma boşuna cəhdlərdir. Çünki hər dəfə Silahlı Qüvvələrimiz tərəfindən ermənilərin təxribatı daha sərt şəkildə cavablandırılır və cavablandırılacaq. Bu da növbəti insident.
“İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib”. Musavat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Ötən saylarımızda qeyd elədiyimiz kimi, təmas zonasında işğalçı tərəfin canlı itkilərinin sürətlə artması ən çox işğalçı ölkədəki kriminal Sərkisyan rejimini narahat edir. O səbəbə ki, bu itkilər Azərbaycanla sülh anlaşmasını rədd edən “müharibə partiyası”na olan-qalan etimadı da erməni toplumunda sarsıdır.

Üstəlik, budəfəki itkilərlə bağlı rəsmi İrəvanın hay-küy kampaniyası heç bir səmərə verməyib: ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatında bununla bağlı Azərbaycana heç bir qınaq, irad yer almayıb - hansını ki, İrəvanda səbirsizliklə gözləyirdilər. Odur ki, təcavüzkar tərəf ictimai rəyi sakitləşdirmək üçün özü “hərəkətə” keçib.
*****

“Düşmənin cəbhədə törətdiyi təxribatlar gözlənilən idi”. Bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib (azvision.az). General-leytenant hesab edir ki, düşmənin son təxribatları iki mühüm hadisə ilə əlaqədardır: “Birinci, bayramlarımız yaxınlaşanda ermənilər hər zaman olduğu kimi cəbhədə təxribatlar törətməyə çalışırlar. Düşmən tərəfi əlamətdar günlər ərəfəsində belə yola əl atır. Bununla da daxili auditoriyaya mesaj göndərmək istəyirlər ki, guya təxribatlarla Azərbaycanı sarsıdırlar. Gülünc iddiadır. Bu kimi təxribatlar bizi sarsıda bilməz. Əksinə, düşmən ağır itkilərə məruz qalır. İkinci səbəb isə irimiqyaslı təlimlərin keçirilməsi ilə bağlıdır. Ordumuz irimiqyaslı təlimlərə cəlb olunub. Düşmən isə bundan narahatdır”.
Hərbi ekspert vurğulayıb ki, düşmən vəziyyəti gərgin saxlamağa çalışsa, nəticəsi onlar üçün ağır olacaq: “Düşmən gərginliyi davam etdirmək istəsə, Azərbaycan güclü zərbələr endirəcək. Hesab edirəm ki, bu zərbə aprel döyüşlərindəkindən də qat-qat güclü olacaq”.
*****
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, artıq Azərbaycan yeni Qarabağ strategiyası formalaşdırıb. Siyasi şərhçi qeyd edib ki, həmsədrlərin son səfəri vasitəçilərin Ermənistanı “mərhələli həll” planını ehtiva edən sülhə məcbur etmək istəmədiklərini göstərir.

“Ermənistana heç bir dövlət təzyiq etmir. Başqa sözlə, masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən, genişmiqyaslı müharibənin müəyyən riskləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: işğalçıya qarşı yorucu müharibəni genişləndirmək”.
Politoloq “yorucu müharibə” dedikdə nəyi nəzərdə tutduğuna da aydınlıq gətirib: “Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daim hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir. Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin. Azərbaycan istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifa etməlidir. Rusiya Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı silahları döyüş şəraitində yoxlaya bilsin. Bunu prezident Vladimir Putin müsahibələrində gizlətmir. Əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Azərbaycanın Rusiyadan daha çox əsası var. Çünki torpaqları işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunun Ağdam və ya Füzulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz. Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana aid olduğunu qəbul edir”.
Politoloq Ermənistanın mürəkkəb vəziyyətdə olduğu qənaətindədir: “İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəliləyə bilməsin, digər tərəfdən isə həmin ərazilərdə itkiləri artır. Bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir. Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Ermənistan gəncləri zorla təhlükəli bölgələrdə yerləşdirilir. Azərbaycan isə öz torpaqlarında işğalçıya təzyiq haqqından istifadə edir. Bu təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın yorucu müharibəni işğalçıya diktə etməkdə əsas məqsədi də elə budur”.
*****
Əlavə edək ki, Bakının işğalçı Ermənistana qarşı üzücü, taqətdən salan taktikaya üstünlük verməsini artıq indi erməni siyasi və hərbi ekspert dairələrində də narahatlıqla etiraf etməyə başlayıblar. O sırada Vova Vardanyanın əminliyinə görə, son vaxtlar Azərbaycan uğurlu hərbi variantları bir-bir sınaqdan keçirməklə məşğuldur.
Niyə də olmasın? İşğalçıya qarşı istənilən mübarizə və müharibə üsulu, mübarizə taktikası məqbuldur. Düşmən tərəf daha heç bir nəzarət-müşahidə kameralarına əmin olmasın, o, səngərdə də rahat buraxılmayacaq.
Cia.az


