Paytaxt metrosunun bir neçə stansiyasında ticarət obyektlərinin bərpa olunması yenidən gündəmə gəlib. "Bakı Metropoliteni"nin bu barədə xəbəri kiçik sahibkarlıqla, ticarətlə məşğul olanları sevindirsə də, amma şəhər sakinləri bu addımın aidiyyəti üzrə istifadəsinə, sərnişinlərin hərəkətində ciddi problemlər yaratmayacağına əmin deyillər.
Əslində, bir çox xarici ölkələrdə, o cümlədən qonşu Rusiyada belə obyektlər fəaliyyət göstərir. Belə ki, metronun müəyyən stansiyalarında təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün su, kofe kimi xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar, məktəbli ləvazimatı, kitab mağazası, gül salonu, aptek məntəqələri mövcuddur.
Bəs, Azərbaycanda nəzərdə tutulan ticarət obyektləri necə olacaq, burada istənilən geyim paltarları, qızıl-zinət əşyaları, ərzaq məhsulları, sərnişinlərin əhval-ruhiyyəsini pozan müxtəlif oyuncaqlar və s. satılacaq, yoxsa, hansısa yenilik baş verəcək?
ANS PRESS bu məsələlərlə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət edib. QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, həqiqətən də metro stansiyalarının ərazisində sərnişinlərin hərəkətinə mane törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə verilməsi planlaşdırılır. Amma bunun konkret hansı stansiyalarda olacağı hələ dəqiq bilinmir.
Onun sözlərinə görə, hazırda bəzi stansiyalarda təmir-bərpa işləri gedir və bu proses zamanı belə yerlərin yaradılması nəzərdə tutulur. Təmir işləri stansiyalarda bir neçə ay davam edəcək.
Bu obyektlərin yaradaılması hər stansiyada olmayacaq. Hansı stansiyalarda imkan varsa, orada təmir zamanı xüsusi yerlər düzəldiləcək. Əgər belə yerlər üçün imkan yoxdursa, o stansiyada ticarət üçün yerlərin ayrılması mümkün olmayacaq. İndi metronun "Gənclik", "Nərimanov" və "İnşaatçılar" stansiyalarında təmi-bərpa işləri aparılır. "Koroğlu" stansiyasına gəlincə, o vaxt burada yenidənqurma işləri aparalanda məhdud sayda yerlər yaradılıb. "Koroğlu" stansiyasında konkret fəaliyyət yoxdur. İndi hüquqi məsələlər həll olunur, konkret nə vaxt işləyəcəyi bilinmir.
Metro keçidlərində ticarət obyektlərinin fəaliyyətinə icazə verilsə, bununla bağlı Komitə ilə müqavilə imzalanacaq. N.Paşayev bununla bağlı diqqətə çatdırıb ki, Bakı metrosu dövlət əmlakıdır. Onun adından çıxış edən hüquqi tərəf Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir. Metropoliten kiminləsə müqavilə bağlamır, ona icazə vermir, sadəcə razılıq verir. Yəni müəyyənləşdirilmiş şərtlər daxilində fəaliyyət göstərmək üçün etiraz etmir. İcarə müqaviləsinin məzmunu, yerin verilmə qaydası, qiyməti və digər məsələlərlə Komitə məşğul olacaq.
O vurğulayıb ki, bu məsələnin Bakıda keçiriləcək 1-ci Avropa Olimpiya Oyunları ilə əlaqəsi yoxdur. Yəni sırf bu məqsədlə nəzərdə tutulan iş deyil. Amma təbii ki, o müddətə kimi fəaliyyət olarsa Avropa Oyunlarına gələn qonaqlara, turistlərə də keyfiyyətli xidmət göstəriləcək.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, dünyanın bir çox ölkəsinin metro stansiyalarında, hətta qatarlara nisbətən yaxın yerlərdə xırda ticarət məntəqələri mövcuddur. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə, hər şey müəyyən şərtlər daxilində olmalıdır. Fəaliyyət heç bir halda sərnişin axınına, onların rahat hərəkətinə mane yaratmamalıdır. Yəni oradakı ticarətin məzmunu, insanların ehtiyacları üçün nə satılır məsələsi nəzərə alınmlıdır.
Onun sözlərinə görə, bu məsələdə sahə də önəmlidir. Elə stansiyalar var genişdir, orada bir kənarda köşk qoymaq olar. Hər halda paltar, ayaqqabı, ərzaq məhsulları satılmayacaq. Təbii ki, çeşidlərlə paltar qoyulsa, geyinib-soyunma yeri olsa yolar-keçidlər yenə daralacaq. Yox, hər şey normal olsa, buna yox demək olmaz. Çünki, bu, sərnişinlər üçün əlverişli və faydalıdır.
Ekspert diqqətə çatdırıb ki, metro keçidlərinin bəziləri həm də yol hərəkətində istifadə olunan yeraltı keçidlərdir. Məsələn, “İnşaatçılar”, “Gənclik”, “20 Yanvar”, “Qara Qarayev”, “Nərimanov” stansiyaları həm də yeraltı piyada keçidi sayılır. Ona görə, orada piyadaların, yolu o tərəf bu tərəfə keçənlərin və metronun öz sərnişinlərinin hərəkətinə hər hansı mane olmamalıdır. Orada sərnişinlərin əziyyətlə keçməsinə, yaxud ticarət köşkü var deyə yolun üstündən keçib özlərini təhlükə altına atmalarına, qaydaları pozmasına birmənalı olaraq yol vermək olmaz.
Paytaxt sakinləri də ticarət köşklərinin müasir standartlara cavab verməsinin, sərnişinlərin hərəkətinə mane törətməyən, hərəkət axınına mane olmayan yerdə qoyulmasının vacibliyini deyiblər: “Elə yerlər seçlməlidir ki, sərnişinlər rahat, sərbəst gedib-gələ bilsinlər, onlar üçün hər hansı təhlükə törətməsin, metropolitenin iş fəaliyyətinə maneə yaratmasın. Əminik ki, bu, əvvəlki formada olmayacaq, orada kişi, qadın paltarı satılmayacaq.”
Vurğulamaq yerinə düşər ki, müxtəlif kütləvi informasiya vasitələrinin əhali arasında keçirdiyi sorğuya əsasən, onların hamısı vaxtilə metropoliten ərazisindən ticarətin yığışdırılmasını müsbət addım kimi qiymətləndirib, hazırda metropolitendə havalandırmanın yüksək səviyyədə olduğunu, metro nəqliyyatından və keçidlərdən istifadənin çox rahat olduğunu və görünüşün xüsusi zövq verdiyini bildiriblər.
Xatırladaq ki, dünya ölkələrinin metropolitenlərində olduğu kimi, “Bakı Metropoliteni”ndə də reklam fəaliyyəti üçün lövhələrin bərpası nəzərdə tutulub. Bunun üçün seçiləcək reklam vasitələri müasir, sərnişinlərin zövqünə oxşayan, yeni texnologiyalardan istifadə olunacaq.


