Artıq iki ilə yaxındır ki, paytaxt Bakıda həm metro, həm də avtobuslardan istifadə etmək üçün “BakıKart”dan istifadə edilir. Xatırladaq ki, bu sistem 2015-ci ilin avqustun 8-dən həyata keçirilməyə başlayıb. Sistem əvvəl metro, daha sonra isə avtobuslar üçün tətbiq edildi. Rəsmi məlumatlara görə, hazırda 19 marşrut xətti üzrə 478 avtobus kart sisteminə keçib. 2018-ci ildə isə avtobusların 50 faizinin kart sisteminə keçəcəyi bildirilir. Məqsəd isə həm sərnişinlərin, həm də sürücülərin rahatlığını təmin etməkdir.
Məlumat üçün bildirək ki, plastik kartların qiyməti 2 manat, bir gediş haqqı isə 20 qəpikdir. Kartın balansını terminallarda artırmaq mümkündür. Əsasən “BakıKart” nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub. Kartını evində unudanlar, itirənlər və yaxud ölkəyə gələn turistlər üçün “BakıKart Müvəqqəti istifadə üçün” kartları da istifadəyə verilib. Bu kartların isə satış qiyməti 20 qəpikdir. 45 günlük istifadə müddəti olan bu karta cəmi 1, 2, 3 və 4 gediş yükləmək mümkündür. Bir gediş haqqı 20 qəpikdir.
Bütün bunlara baxmayaraq Bakı sakinlərinin bir qismi hələ də sistemə uyğunlaşa bilməyib və ya uyğunlaşmaq istəyində deyil. Demək olar ki, hər gün ictimai nəqliyyatda əvəzindən ödəniş edilməsi üçün xahiş edən çoxsaylı sərnişinlərlə rastlaşırıq. Ən pisi isə odur ki, bəzən ödəniş əvəzi 5 manat və ya 1 manat təklif edilir və pulun qalığını qaytarmaq üçün üzərimizdə xırda pul olmadığından ondan imtina etmək məcburiyyətində qalırıq. Təbii ki, bu da gündəlik həyatımızda bizə neqativ təsir bağışlayır. Suallar yaranır ki, niyə sakinlər balansına nəzarət edə bilmir? Əsl səbəb nədir - insanların səhlənkar, fürsətcil davranışı, ya ödəniş üçün aparatların sayının azlığı?
Problemin bir tərəfini də qeyd edək ki, metro xaric, avtobus dayanacaqlarının bir çoxunda terminal aparatlar yoxdur. Bəzən isə sayı birdən artıq olmur. Nəticədə kart sistemi ilə işləyən avtobusların sayı artdıqca, dayanacaqlarda da aparatların önündə növbələrin sayı artır. Növbə gözləməkdən bezən bəzi sərnişinlər başqasından kömək istəməyə üz tutur, bir çox hallarda da qarşındakını çətin duruma salır.
Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb: “Şəxsən mən bir müddət uzun müddətli kart almadım. Bu, prinsipə görə deyildi, sadəcə tələbatım yox idi, nağd pulla ödəniş edilən avtobuslar çox idi. Artıq görəndə ki, kartsız avtobusdan istifadə edə bilmirəm, kimdənsə əvəzimə ödəniş edilməsini xahiş edirəm, kart almaq məcburiyyətində qaldım. Söhbət burada yenilikdən gedir. Bəzi insanlar yeniliyə konservativ yanaşırlar. Yəqin ki, onların içərisində mən də var idim, yeniliyə öyrəşməmişdim, amma problemi artıq həll etdim. Hazırda olur ki, məndən də kartla əvəzlərindən ödəniş etməyimi xahiş edirlər. Buna normal hal kimi baxıram. Getdikcə yeni sistemə uyğunlaşmaya başlayırıq. Sözsüz ki, insanların içərisində yalan danışan da, fürsətdən istifadə edən də var. Hər halda, həmin şəxslərin 20 qəpiyə ehtiyacı var ki, yalan danışır.
Ümumiyyətlə isə insanlar istəsə öz balanslarına nəzarət edə, kartlarına vaxtlı-vaxtında ödəniş edib, həm özlərini, həm də başqalarını çətin durumda qoymaya bilərlər. Düşünmürəm ki, terminal aparatların sayı azdır və sairə".
Ekspertlər qeyd edir ki, xarici ölkələrdə olduğu kimi əgər paytaxtda da diferensial tarif sistemi tətbiq edilsə, sərnişinlər buna maraq göstərər və daimi kart sistemindən istifadə edər. Qeyd edək ki, bu cür sistemlə sərnişin gediş sayını artırdıqca bir gedişin tarifini aşağı salmış olur. Ekspertlər digər çıxış yolunu kimi isə ödəniş sistemini digər kartlara, məsələn debet, yəni maaş, pensiya və kredit kartlarına tətbiq edilməsində, o cümlədən də mobil telefon vasitəsi ilə də imkanlar yaradılmasında görürlər.


